Əsas Səhifə > Şou-biznes > “Afaq Bəşirqızı savaşa-savaşa məni qucağına alıb, səhnənin qırağına atdı...”
“Afaq Bəşirqızı savaşa-savaşa məni qucağına alıb, səhnənin qırağına atdı...”5-04-2023, 02:09 |
“Uzun illər teatrda çalışmışam, indi də Mingəçevir Dövlət Dram Teatrında çalışıram. Ömür boyu ona pis baxmışam ki, evdə olan qan qaralığı teatra gətirəsən. Çox xırda şeylər məni əsəbləşdirir. O vaxt universitetdə dərs deyəndə tələbələrə əsəbləşirdim. Çünki bu sənətə laqeyd baxırdılar. Mən elə bilirdim ki, incəsənət sahəsində gəlib Cəfər Cabbarlının qəhrəmanları ilə, Şekspirin əsərləri ilə tanınacam. “Moşu” obrazı ilə tanındım. Amma bu rola qədər mən teatrda çox dramatik rollar oynamışam. Bu rollarımı sayanda bir çoxları deyir ki, xəbərsizik. Axı tamaşaları televiziyada göstərmirdilər”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Valeh Kərimov deyib. ““Bəxt üzüyü” filmindəki Moşu obrazı məni həm qabağa saldı, həm də arxaya atdı. Hətta bir dəfə filmə dəvət etmişdilər, rejissorlar öz aralarında söhbət edirdilər ki, “Vallah bu Moşu olacaq, sifət Moşudur da”. Yaxşı pyesdir, Vaqif Səmədoğlu yazıb, ürəyini, əziyyətini bura qoyub. Bu obraz elə-belə yaranmadı. Müşahidə etdim. “Moşu”-nun pejamasını teatrın içindəki bir aktyordan götürdüm. Hərədən bir şey götürdüm. Allah rəhmət etsin, böyük şairimiz Zəlimxan Yaqub həmişə mənimlə görüşəndə deyirdi ki, “Moşu mənəm”. “Bəxt üzüyü” filminə bəlkə də heç 5 dəfə baxmamışam. Həmişə göstərəndə deyirəm ki, kanalı dəyişin. Mən özümə niyə baxım ki? Mənim üçün maraqlı deyil, oldu keçdi” deyə sənətkar bildirib. Valeh Kərimov gənclik illərindəki sevgisindən də danışıb. “Evlənmək istəmirdim, anam fikir edirdi. Evdə də qadağan etmişdim ki, mənə evliliklə bağlı sual verməyin. İşə gedirdim, görürdüm ki, bacım axşamdan məktub yazıb, cibimə qoyub. O da deyirdi ki, anam fikir edir, Valeh evlən. 32 yaşında evləndim. Azad olmaq, azad yaşamaq istəyirdim. Mən cavanlıqda çox xanımlara vurulmuşam, amma heç kim mənə vurulmayıb. Çünki gənc qızlar gözəllik, yaraşıq axtarırdılar. O da məndə yox idi. Nəyimə vurulsunlar? Şükür Allaha, 3 övladım var. İki oğlan, bir qız” deyə sənətkar bildirib. Valeh Kərimov xalq artisti Afaq Bəşirqızı ilə tanışlığından da danışıb. “1975-ci ildə Afaq Bəşirqızı Sumqayıt Dövlət Dram Teatrına gəldi. İlk tamaşası da “Komsomol” tamaşasında Humay obrazı oldu. Mən də Gəray bəyi oynayırdım. Bu tamaşadan sonra dostluğumuz yarandı. “Lənkəran xanının vəziri” tamaşasında da birlikdə oynayırdıq. Mən vəziri, Afaq xanım isə vəzirin arvadlarından biri olan Şölə xanımı oynayırdı. Tamaşada belə bir səhnə var ki, vəzirin arvadları savaşır. Mən də o vaxt arıq, çəlimsiz oğlan idim. Afaq xanım savaşa-savaşa birdən məni qucağına alıb, aparıb səhnənin kənarına qoydu. Artist dözə bilər? Afaq xanım səhnədə həqiqətən də çevik və enerjili idi” deyə sənətkar bildirib. Geri qayıt |