Əsas Səhifə > Şou-biznes > “Ən böyük arzum cazz və saz musiqisini sintez etməkdir, bunu etsəm...”
“Ən böyük arzum cazz və saz musiqisini sintez etməkdir, bunu etsəm...”31-03-2023, 08:45 |
“Səs Azərbaycan-doğma nəğmələr” yarışmasında bir neçə ay münsif kürsüsündə əyləşmək həqiqətən də çox məsuliyyətli bir vəzifə idi. Nə yaxşı ki, belə bir layihə xalqımıza, bütün dünyaya təqdim olundu. Bilirsiniz ki, artıq yarışma bitib. Nəticələrdən çox razıyam”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar mədəniyyət işçisi, Mədəniyyət və İncəsənət Universitetində “Aşıq kafedrası” nın rəhbəri Samirə Əliyeva deyib. “Zatən sona qalan hər üç finalçı qalibiyyətə layiq olanlar idi. Onlardan hər-hansı biri qalib gəlsəydi, sevinəcəkdik. Elə də oldu. Hər bir ustadın 60-dan çox yarışmaçının içindən seçərək, finala qədər gətirdiyi, yetərincə bacarıqlı, potensialı güclü olan iştirakçılar var idi. Düşünürəm ki, barmaqla sayılası qədər zəif iştirakçı ola bilərdi orada. Bu iştirakçıları onların arasından seçib, finala qədər gətirmişiksə, deməli bunlar daha fərqlidirlər. Nəticə etibarı ilə səs vermə ilə Zülfü Əsədzadə qalib gəldi. Təbrik edirəm əlbəttə ki, onun ustadını da, Gülyaz xanımı da. Zülfünün ilk addımlarında, bünövrəsində ona ustadlıq edən Aybəniz xanım Haşımovanı da təbrik edirəm. Mənim seçdiyim və sevdiyim Türkay Məlikovanın səsi də düşünürəm ki, Azərbaycan səhnəsində özünəməxsus yer tapacaq. Məhz xanım ifaçının finala qədər gəlməsi də məni bir başqa cür sevindirdi. Bilmirəm, burada bəlkə də qadın həmrəyliyi də var idi (gülür). Türkay da qalibiyyətə layiqdir. Onun həm muğam təhsili var, həm də cazz-estrada musiqisindən dərs alır. Onda aşıq sənətinə qarşı da sevgi gördüm. Sabah dünya səhnələrinə çıxmaq üçün hansısa əsəri Türkaya təqdim etsələr, Türkay çox məharətlə onu ifa edəcək. Buna onun həm səs imkanları, həm də keçdiyi məktəblər əsas verir. İlkin Dövlətov da finalda oxuduğu mahnı ilə bir çox tamaşaçıların sevgisini qazandı. İlqar müəllimi də (İlqar Xəyal) təbrik edirəm. Təəsüfləndiyim bir məqam var ki, bu layihə bitdi və biz ayrıldıq. Biz ayrılsaq da, arzu edirəm ki, digər maraqlı layihələrdə görüşək. Necə səmimi, doğma münasibətlə başladıqsa bu yarışmaya, eyni qaydada da ayrıldıq. Bu da hər bir layihədə olan bir şey deyil. Xüsusən də sənət adamları arasında mehribanlıq nadir hallarda olur. Mən bu yarışmada özümü də bir daha kəşf etdim, tanıdım. Zatən münsiflər sənət yoldaşlarımızdır. Aramızda dostluq, ünsiyyət var. Hər efirdə bu səmimiyyəti bildirmək olmur. Bu yarışmada rəqabətlə yanaşı, bir dostluq yarışması da var idi. Rahatlıqla biz bu səmimiyyətimizi biruzə verirdik. Layihənin bütün rəhbər heyətinə, orada əziyyət çəkən hər kəsə, eləcə də bu layihəni işıqlandıran İctimai televiziyaya xüsusi təşəkkürlərim var. Əvvəla ona görə ki, məhz doğma nəğmələrə həsr olundu bu buraxılış. Düşünürəm ki, bu nəğmələrə həmişə ehtiyac var. Sənətkarlarımızın ifalarını yaşatmaq lazımdır. Bunu da bizlər, televiziyalar etməliyik. Bu layihədə ifa olunan hər bir əsərə yeni həyat verildi. Bütün ifalar indiki nəsilin zövq alacağı tərzdə oxundu. Bu da böyük bir şərtdir. Bir daha təsdiq olundu ki, Azərbaycan torpağının yetişdirdiyi sənətkarlar, istedadlar bütün dünyanı fəth edəcək istedadlardır. Azərbaycan istedadlar diyarıdır və xoş bizə ki, biz bu diyarın övladlarıyıq. Tək bu yarışma ilə iş bitmir. Mən hər bir istedadlının dəstəkçisi olmağa hazıram” deyə sənətçi bildirib. Aşıq Samirə yarışmada ondan inciyərək gedənlər haqda da danışıb. “Neyləmək olar?! Bu yarışmadı, bitdi, amma həyat davam edir. Peşəkar olmaq üçün mübarizə daima var. Mübarizə yalnız sən sənətə vida edəndə bitir. Bitməyin, tükənməyin əzizlərim” deyə aşıq bildirib. Daim aşıq musiqisini dünya səhnələrində, xarici festivallarda layiqincə təbliğ edən qadın aşıq ən böyük arzusundan da danışıb. “Baxmayaraq ki, uşaq yaşlarından bu sənətdəyəm, amma indi-indi daha çox ifa etdiyim mahnıların, havaların fərqinə varıram. Hər il bir başqa cür anlayıram o musiqiləri. Uşaqlıq illərində təkcə saz ifalarını dinləmirdim. Bizim evdə Tofiq Quliyevin, Şövkət Ələkbərovanın, Zeynəb Xanlarovanın mahnılarını dinləyirdilər. Elə mən özüm də. “Misri” klipim efirə gedəndən sonra tamaşaçılar tərəfindən qəbullandım və taleh üzümə güldü. Ən böyük arzum cazz və saz musiqisini sintez etmək istəyimdir. Çünki hər ikisi də improvizələrlə dolu bir musiqi janrıdır. Bilirsiniz ki, “Leyli və Məcnun” dastan-tamaşasında Leyli obrazını oynadım. Myuzikl səhnələşdirmək istəyirəm. Birini həyata keçirib, simfonik orkestrin müşayiəti ilə aşıq havalarını ifa etmişəm. Arzum budur ki, avropa ölkələri, xüsusilə də Avstriya simfonik orkestri bizim aşıq musiqimizi müşayiət etsinlər. Fərqi yoxdur, orada mən də ola bilərəm, başqa aşıq ifaçıları da. Əsas odur ki, bu həyata keçsin” deyə sənətçi bildirib. Geri qayıt |