Əsas Səhifə > Şou-biznes > “Göyərti satıb ailəni dolandırırdım, indi isə...”

“Göyərti satıb ailəni dolandırırdım, indi isə...”


30-03-2023, 08:32
“Göyərti satıb ailəni dolandırırdım, indi isə...”
“Bilirsiniz ki, illərdir parkinson xəstəliyindən əziyyət çəkirəm. Bu xəstəlik əsəbdən, sinirdən yaranır. Baş və beyinlə bağlıdır. İllərlə yığılır, yığılır, qocalanda da öz təsirini göstərir. Səhhətimlə bağlı dərman preparatları qəbul edirəm. Amma bunun müalicəsi dünyanın böyük klinikalarındadır. Müəyyən dəstəklər olub, amma tam olaraq heç kim deməyib ki, gəl səni sağaldım”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Allahverdi Yolçuyev deyib.

“İllər öncə böyük səhvim o oldu ki, çalışdığım teatrdan ayrıldım. Çünki o illərdə Aztv-də çalışırdım. 4 qız övladım var. Oğlan övladım olsaydı deyərdim ki, sən get işlə. Mən ailəmə görə el şənliklərinə üstünlük verdim. Çünki ailəni maddiyatla təmin edən tək şəxs idim. Uzaqlaşdım ki, yenidən qayıdım, amma alınmadı. Aktyoru teatrdan yola salırlar. Bu peşə sahiblərini təqaüdə çıxartdınsa, onun ölüm hökmünə qol çəkmiş olursan. Yaşlı rolu yaşlı aktyor oynamalıdır, cavanı da cavan aktyor” deyə sənətkar bildirib.

Aktyor bildirib ki, tələbələrinin fəxri adı olsa da, ona illərdir bu ad verilməyib.

“Tələbələrim xalq artisti fəxri adı daşıyırlar. Mənim heç əməkdar artist fəxri adım da yoxdur. Sənətdə az iş görməmişəm. Dublyaj sahəsində, teatrlarda çalışmışam, uşaq verilişlərində tərbiyəni təbliğ etmişəm. Sənətkara qiymət verilməyəndə ona pis təsir edir, yandırıb tökür. Bir ölkədə kinostudiya 30 il bağlıdır, yoxdur, hansı kinodan danışaq?! Mədəniyyətimiz, mədəni dəyərlər getdikcə unudulur. Aktyorun həyatı boyu xarakter boxçası olmalıdır. Avtobusda da, metroda da, yolda gedəndə də obrazları yığıb, torbaya qoyursan. Çünki mən insanları müşahidə edirəm. Bəzən avtobusda, yolda səsimdən tanıyıb, mənə “Ovçu Pirim” deyirlər. Mən gözlədim ki, bu layihəni yenidən televiziyada gündəmə gətirərlər. Amma əksinə oldu. Görünür ki, onlara uşaqları tərbiyələndirən verilişlər lazım deyil” deyə sənətkar bildirib.

Aktyor uşaqlığı ilə bağlı bir etiraf da edib.

“Uşaqlıqdan zəhmətkeş olmuşam. Bəzən evdə pul olmurdu, məni qonşuya pul almağa yollayırdılar. Bir dəfə gedib gördüm ki, qonşu göyərti satır. Ondan həmin göyərtiləri hardan aldığını soruşdum. Mənə də gündə atam 20 qəpik verirdi ki, məktəbdə özümə nəsə alım. Həmin pulları yığaraq, bazara getdim. Göyərti alıb satırdım. Ailəni dolandırırdım, evə baxırdım. 10-cu sinfi bitirənə qədər göyərti satdım. İndi gənclər var ki, işləmək istəmirlər. Elə bütün günü çayxanada oturub nərd, domino oynayırlar. Belə olmaz. Gənclər əziyyətə, zəhmətə qatlaşmalıdırlar” deyə sənətkar bildirib.

Allahverdi Yolçuyev gənclərə tövsiyyələrini də verdi.

“Gənc aktyorların xeyrinə danışanda da məndən inciyirlər. Özləri ilə çox öyünürlər. İstedadları var, görünüşləri var, hər şey qaydasındadır. Bütün rolları eyni oynayırlar, başqalaşa bilmirlər. Mən elə özüm də özümdən narazıyam. Radionun fondunda 40-50 tamaşam var. Hər dəfə dinləyəndə narazı dinləyirəm. Gənc aktyorlarımız mogikan, görkəmli sənətkarlarımızı tanımırlar. Heç soruşsaq birinin də adını bilmirlər. Küçədəki söhbətləri, söyüşü, biədəbliyi komediya ilə səhv salmaq olmaz. Bu boş gülüşdür. Cavanlarımızın əksəriyyəti yüngül yolu seçiblər” deyə sənətkar bildirib.

Geri qayıt