Əsas Səhifə > Şou-biznes > “Ən pisi odur ki, ciddi musiqinin auditoriyası daralıb”
“Ən pisi odur ki, ciddi musiqinin auditoriyası daralıb”29-03-2023, 08:27 |
“Son illər ölkəmizdə gənclərin bayağı musiqilərə meylinin artdığı açıq hiss olunur. Muğama, saz havalarına, xalq musiqisinə qulaq asmayan gənclərin sayı günü-gündən artır”. DİA.AZ-ın xəbərinə görə, bu sözləri millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirib. Millət vəkili qeyd edib ki, indi hazırda gənclərin bir qismi bayağı musiqilərə, bir qismi xarici musiqilərə, çox az qismi də xalq musiqilərinə qulaq asır və bu çox ciddi tendensiyadır: “Haqqında zamanla tez-tez danışdığımız qloballaşmanın, milli kimlikdən uzaqlaşmanın, bayağılaşmanın başqa bir təzahür formasıdır. Avtomobildə gedərkən bayağı musiqinin sədaları altında hərəkət edən, sosial şəbəkələrdə, xüsusilə “TikTok”da bayağı musiqinin sədaları altında atılıb-düşən gəncləri yəqin ki, çoxlarımız müşahidə etmişik". Millət vəkili qeyd edib ki, bu cür neqativ tendensiyada televiziya və radioların da payı var: “Təəssüf ki, bir sıra hallarda televiziya və radiolarımız da bayağı musiqilərə geniş yer verirlər. Bəs gənclərin bayağı musiqilərə bu qədər meyl göstərməsinin günahkarı kimdir? Hesab edirəm bu məsələdə ailələrimizin, məktəblərimizin, ali təhsil müəssisələrimizin, televiziya və radiolarımızın üzərinə çox böyük məsuliyyət düşür. Çünki bu həm də milli məsələdir. Ailələrimiz övladlarının milli ruhda tərbiyəsi üçün cidd-cəhdlə çalışmalıdır. Onlara ilk yaşlarından xalq musiqilərini, saz havalarını, muğamımızı dinlətdirməli, zövqlərinin korlanmasına imkan verməməlidirlər. Məktəb və ali təhsil müəssisələrimiz nə üçün məsuliyyət daşıyırlar? Ona görə ki, bu gün müxtəlif səbəblərdən bəzi ailələr öz övladlarına düzgün tərbiyə verə bilmirlər. Çünki bır sıra hallarda valideynlərin özlərinin tərbiyəsi, dünyagörüşü, intellektual səviyyəsi nəyin səhv və ya düz olduğunu onlara tam dərk eləməyə imkan vermir. Belə olduğu halda isə əsas güc və yük məktəb və ali təhsil müəssisələrinin üzərinə düşür. Onlar işlərini yalnız təhsil verməklə bitmiş hesab etməli deyillər. Hərçənd ki, onların bir qismi əslində heç normal təhsil də vermirlər. Ona görə məktəb direktorlarının və ali təhsil müəssisələrinə rektor təyinatlarının ciddi həssaslıqla həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Belə müəssisələrə mütləq savadlı, intellektual səviyyəsi yüksək, milli, milli-mənəvi dəyərlərə bağlı, zəngin dünyagörüşünə malik şəxslər rəhbər təyin edilməlidir. Təəssüf ki, bunu bu gün biz bütün məktəb və ali təhsil müəssisələrimiz haqqında söyləyə bilmirik. Əslində bu çox ciddi məsələdir. Gənclərin belə bayağı musiqilərə meyl göstərməsində, yuxarıda qeyd etdiyim kimi, bəzi televiziya və radiolarımız da ciddi məsuliyyət daşıyırlar. Onlar öz efirlərinə belə bayağı musiqiləri söyləyən müğənniləri dəvət etməməli, belə musiqilərə yer verməməlidirlər. Heç şübhəsiz ki, dövlətləri, xalqları güclü edən onun dəyərləridir. Bu, həm də milli təhlükəsizlik məsələsidir. Gələcək dəyərlərinə sahib çıxan, onu qoruyan, sıradan çıxarılmasına imkan verməyən dövlətlərindir. Gəlin dəyərlərimizə sahib çıxaq, onları göz-bəbəyimiz kimi qoruyaq". Millət vəkilinin də qeyd etdiyi kimi, son illərdə xüsusən də özəl televiziya ekranlarında, radiolarda bayağı musiqilər “ayaq tutub yeriyir”. Daim bayağı musiqi səsləndirən, musiqi nəzəriyyəsindən heç bir anlayışı, bilgisi olmayan ifaçılar gündəlik olaraq verilişlərə dəvət olunur, şəxsi həyatları, qalmaqalları müzakirə olunur. Bəziləri qeyd edir ki, bunun əsas səbəblərindən biri həmin televiziya rəhbərlərinin yanlış efir siyasətinin nəticəsidir. Yəni televiziya rəhbəri rəhbərlik etdiyi televiziyalarda nəyi görmək istəyirsə, onu da tamaşaçılara təqdim edir. Məlum olduğu kimi, əvvəllər efirlərdə səslənən hər bir ifa nəzarətdən keçir, onun sözlərinə, musiqisinə, ifa tərzinə diqqət edilirdi. Sonradan bu qayda sıradan çıxdı. Audiovizual Şuradan əvvəl fəaliyyət göstərən Milli Televiziya və Radio Şurası (MTRŞ) məsələyə bu cür münasibət bildirmişdi: “Qurum televiziyada və radioda yayımlanan musiqilərə nəzarət etmir. Ona ancaq yayım şirkəti nəzarət edə bilər. Musiqi zövqə bağlı bir məsələdir. Bizim üçün bayağı səslənən musiqi, mahnının sözləri kimin üçünsə bayağı olmaya bilər. Kimisi milli musiqi sevir, kimisi caz, kimisi rok, kimisi də ancaq xarici musiqiyə qulaq asır. Televiziya və radio da kütləvi olduğuna görə orada səslənən musiqiyə nəzarət edə bilmərik”. Bəzi ekspertlər qeyd edir ki, məsələni tənzimləmək üçün televiziyalar xüsusi proqramlar hazırlamalı, bu məsələ ilə bağlı efir siyasətini dəyişməlidir. Doğrudur, dövlət televiziyalarında bu cür proqramlar artıq çoxdan fəaliyyət göstərir. Lakin özəl kanallar üçün bunu demək mümkün deyil. DİA.AZ bildirir ki, mövzu ilə bağlı tanınmış tele-tənqidçi Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb: “Bu yaxınlarda Neft Akademiyasının və Xarici dillər Universitetinin qarşısında bizim tələbə gənclərin oxuduğu mahnı müəyyən mənada bizim gənclərin musiqi zövqü haqqında təsəvvür yaradır. Ümumiyyətlə, klassik musiqi, xalq mahnıları, muğamat və bu kimi ciddi musiqilərin xüsusi təbliğatı olmalıdır. Məsələn, ötən əsrin 60-70-ci illərində bu cür xüsusi konsertlər təşkil olunurdu və vəzifəli adamlar məcburi şəkildə o konsertlərə cəlb olunurdu. Doğrudur, zorla zövq formalaşdırmaq olmur, amma insanların zövqünü formalaşdıran janrlar müəyyən formada təbliğ olunmalıdır. Çünki musiqi birbaşa ruhun qidasıdır. Doğrudur, televiziya və radiolar əhalini bayağı musiqilərdən xilas etmək üçün müəyyən proqramlar, musiqi müsabiqələri təşkil edə, müəyyən standartlar qoya bilər və qoymalıdır, müxtəlif formalar düşünülməli, tapılmalıdır. Amma hesab etmək olmaz ki, bayağı musiqilərin geniş vüsət almasında televiziya və radioların birbaşa günahı var. Kütləvi musiqi tədbirləri, hətta nəqliyyatda yayılan musiqilər, sosial şəbəkələr bayağı musiqilərin geniş vüsət almasına ciddi təsir edir. Ən pisi isə odur ki, ciddi musiqinin auditoriyası daralıb. Ona görə də hesab edirəm ki, musiqi təbliğatına ciddi ölçülərlə yanaşılmalıdır". Geri qayıt |