Əsas Səhifə > Şou-biznes > “Toy danışmağa gələndə qadınlar kişilərə imkan vermir”

“Toy danışmağa gələndə qadınlar kişilərə imkan vermir”


26-03-2023, 18:29
“Toy danışmağa gələndə qadınlar kişilərə imkan vermir”

“Ən gözəl toyların, səviyyəli məclislərin aparıcısı olmuşam. Elə bu gün də bu davam edir. Təbii ki, o dövr başqa idi. Rəqabət o vaxt çox az idi. O vaxtın dəyərləri də, mühit də tam başqa idi. Böyük-kiçik, xətir-hörmət var idi. Biz heç vaxt özümüzdən böyüklərə sual verməzdik, yanlarında danışmazdıq. Bakı kəndlərində toylara gedirdik, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Əblüfət Əliyev, Alim Qasımov və s. sənətkarlarla toylara düşürdüm. Mən onların yanında oturub, sadəcə qulaq asırdım. Bakı kəndlərinin toyları sanki bir konservatoriya idi”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Nazim Pişyari deyib.

“O vaxt toyları kişilər gəlib danışırdılar. Deyirdilər ki, mənim oğlumun toyunda Nazim oxusun. İndi toy işlərini kişilər yox, qadınlar həll edir. Bəzən toy danışmağa gəlirlər, görürəm ki, qadınlar kişilərə imkan vermirlər. Kişi də kənardan deyir ki, nə istəyirlər et. Bir müsahibəmdə demişdim ki, toylara getməyəcəm. Bütün saytlar götürüb yazdı ki, “Nazim toylara stop dedi”. Xeyr, bu belə deyil. Mən demişdim ki, müəyyən bir yaşdan sonra toylara getməyəcəm. Bu 60 yaş da, 70 yaş da ola bilər” deyə sənətçi bildirib.

Müğənni bayağı mahnılardan daim uzaq qaçdığını deyib.

“Mən nə toyda, nə də ki, efirlərdə bayağı mahnılar oxumuram. Mənim repertuarımda bayağı, şit mahnı görmək olmaz. Artıq mənimlə toy danışmağa gələn ev yiyələri də bunu çox gözəl bilir. Hətta deyirlər ki, qonaqlar istəsələr belə oxumayın. Mən buna nail olmuşam. Arzu edirəm ki, bütün həmkarlarım buna nail olsunlar” deyə müğənni Nazim bildirib.

Müğənni qalmaqallardan hər zaman uzaq qaçdığını bildirib.

“Qətiyyən qalmaqallı insan deyiləm. Ola bilər ki, müəyyən qalmaqallarda adım çəkilsin, məni ora salmaq istəsinlər, amma mən həmişə qalmaqallardan kənar gəzmişəm. Artıq tamaşaçılar da qalmaqalları izləmir. O vaxt reytinq bununla ölçülürdü, indi isə sənətlə. O vaxt dalaşıb, səhəri gün barışırdılar. İnsanlarımız da qalmaqallara inanmadı. Təbii ki, qalmaqalsız şou-biznes yoxdur. Dünya şou-bizneslərində də qalmaqallar var” deyə sənətçi bildirib.
Geri qayıt