Əsas Səhifə > Şou-biznes > “Şirməmməd Hüseynovun qapısına papaq atdım, qaçanda yıxıldım, dodağım partladı, dişim sındı”
“Şirməmməd Hüseynovun qapısına papaq atdım, qaçanda yıxıldım, dodağım partladı, dişim sındı”20-03-2023, 09:33 |
Bu gün martın 20-si Türk dünyasında Novruz bayramı qeyd olunur. Novruzla bağlı sənətkarların, şou-biznes əhlinin xatirələrini dinləmək üçün onları sorğu-suala tutduq. Məşhurlar Novruzda başlarına gələn əhvalatları Moderator.az-la bölüşüblər. DİA.AZ həmin açıqlamaları təqdim edir... Xalq artisti Gülyanaq Məmmədova: “Tələbəlik illərində Mirzağa Əliyev küçəsində kirayə qalırdım. Əmim qızı Könüllə istədik ki, qapılara papaq ataq. Həm qapı pusduq, həm də papaq atdıq. Papaqlarımızı ağzına kimi doldurmuşdular. Sonuncu qapıya papağı atanda birdən işığı yandırdılar. Qaça-qaça gizlənməyə gedəndə dodağım pilləkənin turbasına çırpıldı. Bir dişim sındı, alt-üst dodağım partladı. Papaqları ətəyimə boşaltmışdım. Həmin dişimi bu günlərdə düzəltdirmişəm. Həmin xatirə mənim üçün şirin idi deyə dişimi də düzəltdirmirdim (gülür). Papaq atdığım qapı bizim hörmətli alimimiz, tarixçi Şirməmməd Hüseynovun evi idi. Bilirsiniz ki, onlar da Şəkidəndirlər. Həyat yoldaşı ilə münasibətimiz qonşu olaraq yaxşı idi. Tələbəlik illərimdən ən yaddaqalan hadisə budur. Ondan sonra papaq atmamışam, tonqaldan da atdanmamışam. Bu gün bayramları əksər hallarda evimizdə keçirə bilmirik. İşimizlə bağlı ya tədbirlərdə, ya da konsert proqramlarında oluruq. Hazırda da Yekaterinburqdayıq. Burada 21 martda xalq artisti Samir Cəfərovla birgə konsertimiz olacaq. Xalq artisti Brilliant Dadaşova: “Uşaqlıq illərində olduğu kimi, indi də inanclara inanıram. Yadımdadır ki, 1988-ci ildə Naxçıvanda qastrol səfərində idik. Bir çox sənət adamları ilə orada keçirilən tədbirlərdə iştirak etdik. Tədbirdən qayıdanda qapı pusmağa getdim. Otaqdan “Xoşbəxt olasan, ailə həyatı qurasan” sözlərini eşitdim. May ayında, yəni iki ay sonra mən artıq ailə həyatı qurdum. Bundan başqa qızların duzlu çörək yeməyi falına da baxmışam. Üstəlik yuxusunu da görmüşəm. Adət ən-ənələrə sadiq biriyəm, ümid edirəm ki, bunlardan gələcək nəsillər də bəhrələnəcək” deyə sənətkar bildirib. Aşıq Telli Borçalı: “Yalandan deyə bilmərəm ki, bayram şirniyyatları hazırlayıram. Uşaqlıqda bir qapıya getdim ki, qapı pusam. Yarım saata qədər gözlədim, bir kəlmə də danışmadılar. Qulağımı bir az da qapıya tərəf dirədim ki. bəlkə nəsə eşidərəm. Amma hamı susmuşdu. Kənar ev deyildi, doğma bibimgilin evləri idi. Birdən bibim qapını açdı, içəri yıxıldım” deyə sənətçi bildirib. Aktyor Fərda Xudaverdiyev: “Novruz adətləri bu gün çox az qalıb. Ümumiyyətlə demək olar ki, yaşadılmır. Bakıda ümumiyyətlə demək olar ki, Novruzla bağlı adətlər heç yoxdur. Uşaq yaşlarımda bir qapıya papaq atmışdım. Qapını açıb, üstümə acıqla gəldilər. Bu hadisədən sonra bir də papaq atmağa tövbə etdim” deyə aktyor bildirib. Əməkdar artist Elnarə Abdullayeva: “Papaq da atmışam, tonqaldan da atdanmışam. Rayonda bilirsiniz ki, bayramlar çox maraqlı keçir. O vaxt anamız şirniyyatları hazırlayanda bütün bacılar yığışıb ona kömək edərdik. Bayram şirniyyatlarını hər dəfə özüm hazırlayıram desəm yalan olar. Amma ümumilikdə biş-düş edirəm. Yeməkləri özüm hazırlayıram, bəzən də köməkləşirik. O əlini ki, unun üstünə vurub, onun el-aləmə yayıldığını görmədinsə, evi təzədən yığışdırmadınsa, daha bu nə bayram oldu? Həqiqətən də bayramın gözəlliyi, maraqı ondadır da. Evi töküb təmizləyirsən, təzədən başlayırsan yığışdırmağa” deyə xanəndə bildirib. Geri qayıt |