Əsas Səhifə > Şou-biznes > “Efirə çıxıb danışırlar ki, həcim bunu aldı, ailəsi ola-ola kiməsə sponsorluq edir, utansınlar...”

“Efirə çıxıb danışırlar ki, həcim bunu aldı, ailəsi ola-ola kiməsə sponsorluq edir, utansınlar...”


18-03-2023, 09:06
“Efirə çıxıb danışırlar ki, həcim bunu aldı, ailəsi ola-ola kiməsə sponsorluq edir, utansınlar...”
Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Mehriban Xanlarova Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

- Mehriban xanım, aktyorun, aktrisanın klounluq etməsinə, personaj kimi toylara, ad günlərinə getməsinə necə baxırsız?

- Çox yaxşı baxıram. İlk növbədə çörək pulu qazanmaq üçün gedirlər. Bunda pis nə ola bilər? Ən əsası isə, aktyorluq sənəti elədir ki, həmin adamları çərçivəyə salmaq olmaz. Bütün obrazlara çəkilə bilərik və ürəyi istəyən xeyir işlərdə aparıcı, kloun kimi də gedə bilərlər. Ümumiyyətlə zəhmət çəkərək qazanılan çörək pulunda utanılacaq heç nə yoxdur. Oğurluq etmirlər ki.

- Amma bir çox xalq artistləri qınayırlar. Deyirlər ki, sənəti ucuzlaşdırırlar.

- Hər kəs özünə cavabdehdir. Onların həyata qarşı olan baxış bucağı elədir. Mənim üçün bu həyatda nə süpürgəçilik, nə bağbanlıq, nə heyvandarlıq, nə qab yumaq ayıbdır. Ayıb odur ki, kiminsə ailəsini dağıdasan. Bəzi şou biznes nümayəndələri televiziyalara çıxıb danışırlar “mənim həcim bunu aldı”. Ailəsi ola-ola kiməsə sponsorluq edir. Bax ayıb bunlardır. Bunları qınamaq lazımdır! Öz zəhməti ilə çörək pulu qazananları yox.

- Bu günlərdə "Bizimləsən" verilişində həmkarınız, rəfiqəniz Sevinc Əliyevanın "Mehribanla küsmüşük, barışmışıq, oğlan üstündə dava etmişik" deməsi əməlli-başlı aləmi qarışdırdı. Əslində Sevinc xanım nə demək istəyirdi?

- Sevinc xanımla gənclik illərindən rəfiqəyik. Hər ikimizin bir-birimizə qarşı zarafatları olur. Həmin sözləri də fərqinə varmadan zarafatyana dedi. Mən elə bir şey olmadığını verliş zamanı bildirdim.

- Mehriban xanım, Zeynəb xanımla sonuncu dəfə nə vaxt görüşmüsünüz? Bir zamanlar deyirdilər ki, atanız ondan küsülü dünyasını dəyişib. Bu həqiqət idi?

- Ümumiyyətlə tanınmış ailələrin haqqında hər zaman boş və mənasız söz-söhbətlər gəzir. Biz Xanlarovlar hər zaman ictimaiyyət tərəfindən diqqət mərkəzində olan ailəyik. Zeynəb xanım hər zaman mənə və ailəmə əlindən gələni edir. Ürəyim istəyən vaxt onunla görüşürəm və danışıram. Münasibətilərimiz yaxşıdır. Zeynəb xanım heç vaxt ailə üzvləri ilə gündəmə gəlməyi xoşlamır. Mən də onun ailəsindən olduğum üçün, ictimaiyyət qarşısında bir yerdə görsənmirik deyə, bu söz-söhbətlər yayılır.

- Ümumiyyətlə pul qarşılığında sizin vasitənizlə Zeynəb xanımla görüşmək istəyənlər olub?

- Xeyr! Ancaq pərəstişkarları xahiş edib. Aztv-nin konsert çəkilişi zamanı onları görüşdürmüşəm.

- Bir müddət əvvəl evinizin şəraitsizliyindən gileylənirdiniz. İndi vəziyyət necədir?

- Mən belə söz deməmişəm. Yaşadığım evdən çox məmnunam. Mənim üçün o saraydır. Hər kəs milyonçu olmalı deyil. Həyatda ən böyük xoşbəxtlik odur ki, bütün ailə üzvlərini cansağlığı içində bir süfrə arxasına toplaya biləsən. Gerisi boş və mənasızdır. Mən həyatda maddiyata və rahat yaşayışa önəm vermirəm.

Geri qayıt