Əsas Səhifə > Şou-biznes > Alooo, evlənmək istəyirəm…

Alooo, evlənmək istəyirəm…


10-03-2023, 09:26
Alooo, evlənmək istəyirəm…
O qədər qəzəbliyəm bu "sosial verilişlər" adlanan iyrənc efir tamaşalarına ki, nə yazım, necə yazım hirsimi soyudum, inanın bilmirəm. Elə başlıq axtarırdım bu yazıya ki, bütün azərbaycanlı dəyərlərini bilə-bilə məhv edən, dəyərlər sistemimizi yerlə yeksan edən bu iyrənc efir tamaşalarına qəzəbimi ifadə edim. Telejurnalistika "yaradıcılığı" və efir siyasəti döşəmə səviyyəsində olan bu cür "proqramlar" elə həddə çatıb ki, inanın qarşısı alınmazsa, bir neçə ildən sonra bu ölkədə abır-həya, ar-namus anlayışları birdəfəlik ayaq altında olacaq. Bütün Ermənistanın əsrlərdir bizə qarşı apardığı terror və düşmənçilik siyasəti bizə güc gəlmədi, bu xalqı tükəndirmədi, amma efirləri zəbt edən rəzil "sosial proqramlar" mənəviyyatımızın, mənəvi dəyərlərimizin sonuna çıxacaq. Daha doğrusu, artıq sonumuza çıxıblar, bir şey də qalmayıb.
Əvvəllər səviyyəli, intellektual verilişlər hazırlanırdı. Ən populyar, ən səviyyəli, centlmen və kübar APARICILAR var idi efirlərimizdə. Davud Əhmədov, Sabir Ələsgərov, Gülşən Əkbərova, Nərgiz Cəlilova, Dilarə Səlim, Rafiq Hüseynov, Şərqiyyə Hüseynova, Roza Tağıyeva, Nailə İslamzadə, Tamilla Ələkbərova, Rafiq Haşımov...
İndi savadı və mədəniyyəti döşəmənin altında gizlənən, tərbiyə və əxlaqını yeniyetməliyində itirən bir qrup “aparıcı” at oynadır efirlərdə. Arvadı fermada müdirlə "yatan" kişicığazı efirə çıxarıb "veriliş" şousu qurmaq telejurnalistika deyil, əsl rəzalətdir, başqa heç nə!
Bir "proqram" ki, çəkinib etmədən bu xalqın yaşlılarını efirə çıxarıb rəzil edir, bilə-bilə, qəsdli şəkildə min illik ailə dəyərlərimizi gözdən salmaq üçün yüz yola baş vurur, demək, bunlar ən ağır, ən məhrəm qırmızı cizgiləri belə göz qırpmadan tapdalayıb keçə bilərlər. Elə keçirlər də! Kənddə arvadını tövlədə başqası ilə “tutanlar”, gəlininə göz qoyan binamus “qayınatalar”, 70 yaşında ər üçün alışıb yanan kaftarlar, nə bilim yüz cür bişərəf əməl sahibləri geninə-boluna reklam olunur bu efirlərdə. Sual edirəm: NƏDƏN????
60-70 yaşlı ixtiyarları evləndirmək adı ilə "efir ulduzuna" çevirir, ələ salır, onları bir-birinə söydürür, "proqramları" bu cür təlxək şoularla doldurub bəzi qəssab, əsl dana baytar "həkimləri" reklam edirlər. Çünki əqli kəmləri ora çıxarıb şou qurmasalar, bu axmaq "verilişlərə" kimdir baxan? Diqqət edin: bu cür "proqramlarda" nə qədər oyunlar yatır. Özü də "aparıcıların" mədəniyyət və intellekt yoxsulu olması sanki bilərəkdən seçilib. Heç bir dəyərə məhəl qoymayan, bu cür oyunların dozasını daha da qaldırmaq üçün düşünülmüş "aparıcı" sürüsü...
Cəmiyyəti bilə-bilə aşağı səviyyəli düşüncəyə sürükləmək, intellektual, düşündürücü efir əvəzinə, insanları manqurtlaşdıran şoular keçirmək, təhsil əvəzinə yaşlı insanların özlərini gülünc vəziyyətə saldıqları, kənd-kəsəkdə uşaqlarını evdə qoyub subay oğlanlara qoşulub qaçan gəlinləri, belələrinin dalınca studiyaya gəlib diz çökən biqeyrət "kişiləri" reklam etmək. Məqsəd? - məqsəd KİŞİLİK qürurunun, qadın ar-namusunun, müqəddəs ailə dəyərlərinin yeniyetmə və gənc nəslin gözündən salınması siyasəti, başqa heç nə. Açıq şəkildə cəmiyyəti MANQURTLAŞDIRMAQ, vəssalam!
Bu "aparıcı" sürüsü böyük-kiçik bilmədən 60-70 yaşlı ixtiyarları adları ilə, ayamalarla çağırır, onlara çımxırır, əməllicə təlxək yerinə qoyur. Əslində, ən böyük günah elə özünü o rəzilliyə təslim edən ixtiyarların özlərindədir. Bu yaşda efirlərdə biabır olmaq yaraşırmı sizə? Ayaq üstündə güclə dayanırsan, 1937-ci ildəki repressiya qurbanları kimi döşünə nömrə vurub elçi daşına oturan vaxtındır?
Efirə zəng edib 60-70 yaşlı qoca kişilərə elçi düşən 35-40 yaşlı qadınlar, efirdə yenidən “bal ayı” yaşamaq üçün min hoqqadan çıxan, əl-ayağı güclə tutan 70 yaşlı “baba və nənələr”. Ağsaqqal-ağbirçək yox ha, sadəcə, İXTİYAR “BABA VƏ NƏNƏLƏR”. Belələri heç vaxt ağsaqqal, ağbirçək adlana bilməzlər. Bir də onlara "ekspertlik" edən 25 - 40 yaşlarında cavanlar. Bu gənc “ekspertlərin” də şəxsi həyatı sirr dağarcığıdır. Əksəriyyəti də boşanmışlar ordusudur. Bir xalqın düşdüyü acınacaqlı fəlakətin həddinə bax!
Əvvəllər cavanlara ağsaqqallar, ağbirçəklər öyüd-nəsihət verər, doğru yol göstərərdilər. Ailə dəyərlərini qorumaq üçün böyüklər irəli çıxar, gənclərin başına ağıl qoyardılar. Taleyin ironiyasına bax: indi 25-30 yaşlı gənclər 60-70 yaşlı ixtiyarlara "xeyir-dua" verirlər. Bu, gülməli deyil, bir xalq üçün istənilən soyqırımından daha dəhşətli mənzərədir. Və SONDA: Bu rəzilliklərin acı sonluğu daha betər olacaq. Allah bizi bu betərdən qorusun!
Mətləb Salahov
DİA.AZ

Geri qayıt