Əsas Səhifə > Şou-biznes > "Tələbələrimə həmişə deyirəm ki, efirə hazır olun, sonra çıxın"

"Tələbələrimə həmişə deyirəm ki, efirə hazır olun, sonra çıxın"


7-03-2023, 10:36
"Tələbələrimə həmişə deyirəm ki, efirə hazır olun, sonra çıxın"
AzTV-nin sədr müavini, tanınmış teleaparıcı, əməkdar artist Rafiq Həşimov Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

- Rafiq müəllim, öncə təşəkkürümü bildirirəm ki, müsahibə üçün bizə vaxt ayırmısınız. Tamaşaçı sevgisini, hörmətini qoruyub saxlamaq çətindirmi?

- Mən sizə təşəkkür edirəm. Tamaşaçı sevgisini qazanmaq çətindir. Bu sevgini qoruyub saxlamaq, ondan da çətindir. Bu fenomenal bir şeydir. Bu ya olur, ya da ki, olmur. Mən öz tələbələrimə həmişə deyirəm ki, efirə hazır olun, sonra çıxın. Hazır olmaq o deməkdir ki, nitqin təmiz olsun. Biləsən ki, nə istəyirsən, hansı mətnləri çatdırmaq istəyirsən, nə üçün efirə çıxırsan? Bütün bunlar çox vacibdir. Sevgi bir gündə qazanılmır. Aparıcı ilə tamaşaçı arasında qəribə bir bağ, əlaqə var. O səni ya qəbul edir, ya da ki, etmir. Əgər ilk dəfədən qəbul etdisə, sonradan həmin aparıcı efirdə çaşa bilər, o qədər də uyğun olmayan situatsiyaya düşə bilər, bu zaman tamaşaçı ona sanki can yanğısı ilə yanaşır, əzizləyir. Tamaşaçı laqeyd olduğu aparıcıya bu münasibəti göstərmir. Bunun üçün əlbəttə ki, bacardıqca səmimi olmaq lazımdır. Səmimiyyət yeganə göstəricidir ki, o hər yerdə qəbul olunur. Aparıcı səmimi olmalıdır. Efirdə tamaşaçı gözü qabağında yaşamaq ən çətin məsələlərdən biridir. Necə edə biləsən ki, onu qoruya biləsən?! Bu çoxlu məhrumiyyətlər tələb edir. Hər hansı avtobusda ola bilərsən, küçədə ola bilərsən, mağazada və s. müxtəlif yerlərdə ola bilərsən, o səni həmişə ekrandakı kimi görür. Ona görə də onu qoruyub saxlamaq çox çətindir. Məşhur bir məsəl var- “Göründüyün kimi ola bilmirsənsə, olduğun kimi görün”. Bu məsələyə öz yanaşmam var, mən deyirəm ki, “olduğun kimi ol”. Yəni, səmimi ol. Tamaşaçı gözü qarşısında yaşamaq həm də niyə görə çətindir?! Ona görə ki, tamaşaçı obrazı istənilən efirə çıxan aparıcıdan ağıllıdır, zövqlüdür, mədənidir. Çünki o obraz xalqdır.

- Yeni nəsil aparıcılardan bəyəndikləriniz varmı?

- Var, efirimiz yaxşı aparıcılarsız deyil. Amma indi kiminsə adını deyərəm, kiminsə adını çəkmərəm, subyektivlik olar. Ədalətsiz görünmək istəmirəm.

- Davamçınızı gördüyünüz aparıcılar bəs necə, var?

- Mən özüm nə etmişəm ki?! Tam ciddi deyirəm. Mən özümə sahəmdə nələrsə əldə etmiş bir adam kimi yanaşa bilmirəm. Sadəcə mən bacardığım qədər xidmət etmişəm. Ona görə də düşünürəm ki, davamçılarım haqda düşünmək qeyri-təvazökarlıq olardı. Kimsə belə hesab edirsə, sağ olsun. Amma mən özüm bu barədə düşünə bilmirəm. Bütün aparıcılara arzu edirəm ki, tamaşaçı sevgisi qazansınlar. Ən azından tamaşaçıların rəğbətini qazansınlar. Çünki sevgi böyük anlayışdır.

- Mükəmməl aparıcı necə olmalıdır?

- İlk növbədə aparıcının nitqi təmiz olmalıdır. Sözlərin düzgün tələffüzü onun üçün əsas göstəricilərdən biri olmalıdır. Yaxşı olar ki, aparıcı savadlı, bilikli olsun. O ki, qaldı mükəmməl aparıcı necə olmalıdır? İnsan hər hansısa peşə ilə məşğul olmağa başlayır, ibtidai sinifdən başladığı dövrdən ya mükəmməlləşir, ya bir yerə qədər gəlir. Mükəmməllik kamillikdir. Sadədən mükəmməlliyə bir ömür yol var. Kimə bu nəsib olur, kimə isə yox. Bu həyatın özü kimi bir məzmun kəsb edir. Aparıcının nitqinin səlis olması üçün diqqət etməli olduğu məqamlar var. Sözlər hərflərdən ibarətdir, onlar düzgün tələffüz olunmalıdır. Durğu işarələrinə diqqət yetirmək lazımdır. Bu musiqiyə çox bənzəyir. 5 sətr not xəttləri var, onun içində pauzalar olur. Onu musiqiçi ifa edəndə maraqlı səslənir. Əgər xaric olursa, tamaşaçı onu o dəqiqə tutur. Nitqdə də belədir, sən durğu işarələrini düzgün tələffüz etməlisən. Bundan sonrakı isə məntiqi vurğuların düzgün vurulmasıdır. Bu üç mərhələdən düzgün keçən aparıcı 4-cü mərhələdə əsas məsələyə, əsas məqsədə nail olur. Hər bir adamın özünəməxsus intonasiyası formalaşır. İntonasiya hər bir aparıcıda, müxbirdə fərqli olur. Yaradan hər birimizi fərqli yaradıb. Mən uzun illərdir bunu tədris edirəm və effektini də görürəm. Mənim hazırladığım aparıcılar, müxbirlər hamısı fərqlidir. Heç biri biri-birinə bənzəməz. Hərəsinin öz siması, dəsti-xətti olur. Fikir verin bütün pis müğənnilər bir-birlərinə oxşayırlar. Yaxşı müğənnilər isə hamısı fərqlidir. Bu sözü aparıcılara da şamil etmək olar.

- Rafiq müəllim, sizin aktyor sənətinə də böyük sevginiz olub. Niyə bu sənəti davam etdirmədiniz?

- 1990-cı ilin əvvəlləri idi. Dostlarla birləşdik, dedilər ki, bəlkə filmdə oynayasan?! Mən o vaxt efirə çıxmırdım. Boş vaxt oldu, 1994-cü ildə “Məktubardı” deyilən filmdə baş rolu oynadım. Deyilənə görə pis də alınmayıb. Elə onunla da mənim aktyorluq bioqrafiyam başlandı və bitdi. Baxmayaraq ki, uşaq vaxı aktyor peşəsinə meylim olub. Bu sənəti davam etdirmədiyim üçün peşman deyiləm.

- Sevimli aktyorumuz Fuad Poladovla çox yaxın dost olmusunuz. Bəzən deyirlər ki, dostun xasiyyəti də, xüsusiyyəti də dostuna keçir. Bəs Fuad Poladovdan sizə keçən nə oldu?

- Dost arasında hamı bir-birindən təsirlənir. Ümumi onları birləşdirən nəsə olur. Mənim həyatım belə gətirib ki, özümdən yaşca böyük adamlarla çox dostluq etmişəm. Tanınan simalar da olub, həyatda da olub, indi də var. Atam yaşında olan adamlarla dostluq etmək, əlbəttə ki, mənə müsbət təsir edib. Bu məni bir qədər tez qocaldıb, yaşlandırıb. Dostluq anlayışı kişiyə verilmiş böyük bir hədiyyədir, şərəfdir. Ən çətin universitetlərdən, məktəblərdən biri də məhz odur. Necə edəsən ki, sən dostuna layiq olasan?! 5 yaşımda Güzdək kəndində oynadığım uşaqlarla indi də dostluq edirəm. Əlbəttə ki, bu yaşımızda bir-birimizə “uşaqlar” deyə müraciət edirik. Texnikom, universitet yoldaşlarım, digər sahədə olan insanlarla da dostluq edirəm. Dostluğun bir resepti var. O da təmənnasızlıqdır.

- Əziz dostunuz Fuad Poladovu necə xatırlayırsınız?

- Bu barədə uzun danışmaq olar. Fuad Poladov sözün yüksək mənasında əsl insan idi. Fuad Poladov öz peşəsini sevən, həm də ona ləyaqətlə, vicdanla xidmət edən böyük aktyor idi. Fuad Poladov ailə və insani dəyərləri axıra qədər yaşayan bir şəxsiyyət idi.

Geri qayıt