Əsas Səhifə > Şou-biznes > “Bizim sənətdə bir az təkəbbürlü olmaq, yekə-yekə danışmaq lazımdır...”

“Bizim sənətdə bir az təkəbbürlü olmaq, yekə-yekə danışmaq lazımdır...”


2-03-2023, 09:31
“Bizim sənətdə bir az təkəbbürlü olmaq, yekə-yekə danışmaq lazımdır...”
“Kimi dindirirsən deyir ki, mən festival üçün film çəkirəm. Kim seçir bu festivalda birinci yeri? Hər çəkilən filmdə bir mesaj olmalıdır. Sən rejissor olaraq dünyaya, insan övladına nə mesaj vermisən?! Hardadır o mesaj?! Mən peşəkar aktyorların kənarda durmağının qəti əleyhinəyəm”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Şamil Süleymanlı deyib.

"“Azərbaycanfilm”-in çəkdiyi filmlərlə prodakşın şirkətlərinin çəkdiyi filmlər arasında yerlə-göy qədər fərq var. Mən özüm də o filmlərdə çəkilirəm. Çəkilməyim, bəs nə edim?! Bəzi aktyorlar deyirlər ki, “mən yuxusuz gecələrdən keçmişəm”. Mən hələ bir aktyorun səhərə qədər rol üzərində işlədiyini görməmişəm. Bəzən də deyirlər ki, “rolun böyük-kiçiyi yoxdur”. Belə olan halda niyə bir aktyor mənə deməyib ki, bu böyük rolu sən oyna, kiçiyi mən oynayım?! Əksinə mənə böyük rol verəndə fikirləşiblər ki, necə badalaq gələk ki, oynamasın?! Kinoda bunu lap bəhanə edirlər. Gah deyirlər ki, yaşlı görünürsən, gah da deyirlər ki, rola uyğun deyilsən. Sən demə bizim sənətdə bir az təkəbbürlü olmaq, yekə-yekə danışmaq lazımdır. Bunu da mən bacarmıram, heç kim mənə inanmır. Həyatda aktyorluq etmək lazım deyil, sənətdə aktyorluğu et” deyə sənətkar bildirib.

Sənətkar “Baladadaşın ilk məhəbbəti” filminin çəkilişlərini də xatırlayıb.

“Fikrət Əliyev risk edib məni bu filmə çəkdi. Çünki mən tələbə idim. Hətta ona təpindilər ki, bir şey olsa özün cavab verəcəksən. Ruhəngiz xanımla dənizə oktyabr ayında girmişəm. O dənizdə o qədər çimmişəm ki, indiyə qədər dənizə getmirəm. 2 ay səhərdən axşama qədər dənizin kənarında olmuşam. İstəyirdim ki, özümü Ruhəngiz xanıma göstərim ki, baxmayaraq ki, sən Azərbaycan gözəli seçilmisən, amma biz də, bizik. Özümə bir xalat gətirmişdim ki, dənizdən çıxandan sonra onun yanından keçəcəm, nə qədər axtardım xalatımı tapa bilmədim. Baxıb gördüm ki, həmin o xalatı Ruhəngiz xanıma geyindiriblər. O həmişə mənə öz balaca qardaşı kimi baxıb, əzizləyib. Hətta qızımın toyunda yoldaşımla oynayanda, Ruhəngiz gəlib onu itələyir, deyir ki, “çəkil qırağa ağəz”. (gülür). Bu mənim ən çox sevdiyim səhnədir” deyə sənətkar bildirib.

Geri qayıt