Əsas Səhifə > Şou-biznes > “Mənim Nadirlə problemim yoxdur, ona hörmətim də var”

“Mənim Nadirlə problemim yoxdur, ona hörmətim də var”


18-02-2023, 09:50
“Mənim Nadirlə problemim yoxdur, ona hörmətim də var”
Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev, Demokrat.az-a verdiyi müsahibədə tanınmış müğənni Nadir Qafarzadənin ünvanına “Nadir Qafarzadə kimdir? Onu tanımıram və onun atdığı addım düzgün deyil. Hər kəsin öz şəxsiyyəti var" adlı ifadələr işlədib. Maraqlısı burasındadır ki, xalq artisti Türkiyədə baş vermiş zəlzələdən danışandan sonra, müğənni haqda danışıb. Yəni, burada sənətkara müğənni ilə bağlı hər-hansısa sual ünvanlanmayıb. Yaxud da ünvanlanıbsa, yazıda həmin sual dərc olunmayıb. Məsələ ilə bağlı tanınmış və sevilən müğənni Nadir Qafarzadə ilə əlaqə saxladıq.

DİA.AZ xəbər verir ki, sənətçi Moderator.az-a açıqlama verərək xalq artistinin bu açıqlamasından təəccübləndiyini bildirib.

“Allah Rasim müəllimə can sağlığı versin. O bizim böyük sənətkarımızdır, mən nə deyə bilərəm?! Yəqin ki, ona düzgün informasiya verməyiblər, o da bu cür reaksiya bildirib. Gərək hər bir şeyi öyrənərdi, sonra açıqlama verərdi. Ən azından mənə zəng edə bilərdi. O mənə zəng edib tənqidi də, hətta təhqiri də deyə bilər. Mən qəbul edərdim. İctimai şəkildə nəsə bir fikir bildirməyi Rasim müəllimə yaraşdırmadım. Amma buna baxmayaraq yenə də o mənim üçün sənətkardır. Allah ona can sağlığı, uzun ömür versin. Rasim müəllimin adı gələndə ayağa qalxıram, o ki, qaldı özünü görəndə” deyə müğənni bildirib.

Xalq artistinin müğənninin ünvanına həmin ifadələri nə üçün dediyini öyrənmək üçün sənətkara zəng etdik. Moderator.az-a özəl açıqlama verən xalq artisti bildirib ki, əslində məsələ başqa cür olub.

“Bu jurnalistlərin işi-gücü yoxdur da. Mənə sual ünvanladılar ki, “Türkiyədə zəlzələ olub, Nadir özünə ad günü keçirib. Buna münasibətiniz necədir?”. Heç bilmədim ki, hansı Nadirdən söhbət gedir! Mən də dedim ki, get onu Nadirin özündən soruş da. Mən onunla maraqlanmıram. Buna nə fikir bildirim? İşim gücüm yoxdur?! İkincisi də camaat yasdadır, bu boyda fəlakət olub, bu nə sualdır? Əgər bu sualın cavabı sənə maraqlıdırsa, get onu Nadirdən soruş ki, niyə ad günü keçirmisən? Belə böyük bir beynəlxalq hadisə olub ki, mən ona münasibət bildirim?! Jurnalist həmin yazıda mənə ünvanladığı sualını yazmayıb. Çaşqınlıq da burdan yaranır. Nadiri təhqir etməmişəm, söyməmişəm. Mənim Nadirə hörmətim var, onunla heç bir problemim yoxdur. İkincisi də ad günü edib də özünə. Sizə borcu yoxdur ki! Bu jurnalistlər insanın əsəbi vaxtında zəng edib, it boğuşduranlar kimi adamı boğuşdurub, qalmaqallı yazı yazırlar. Bu nədir?! Camaat nə dərddə, bunlar nə dərddə?!” deyə sənətkar bildirib.

Məsələdən agah olan müğənni daha sonra yenidən saytımıza açıqlama verib.

“Jurnalistlərin məqsədi oxucu toplamaqdır. Bu qədər məsələlərin heç biri onlara dərs olmadı. İnanın, yazını oxuyanda öz-özümə dedim ki, Rasim Balayev mənim haqqımda niyə özündən danışıb? Çox təəssüf ki, sizin kimi jurnalistlərin adlarını ləkələyən həmkarlarınız da var. Doğum günüm fevralın 11-də idi. Amma mən fevralın 15-də qeyd etdim. Mən ad günümü qeyd edəndə artıq Türkiyədə matəm bitmişdi. Türkiyədə dünyasını dəyişənlərə rəhmət, ailələrinə səbr arzu edirəm. Ona qalsa fevralın 14-də sevgililər günündə şəhərin bütün restoranları ağzına kimi dolu idi. Hamı xoş günlərini qeyd etsə də, bu dərdi içində çəkir. Həmçinin də mən” deyə sənətkar bildirib.

Geri qayıt