Əsas Səhifə > Şou-biznes > "Hansı kişi qışın günündə, qundaqlı uşaqla arvadını küçə qadınının sözü ilə bayıra atar?"

"Hansı kişi qışın günündə, qundaqlı uşaqla arvadını küçə qadınının sözü ilə bayıra atar?"


15-02-2023, 08:45
"Hansı kişi qışın günündə, qundaqlı uşaqla arvadını küçə qadınının sözü ilə bayıra atar?"
“Həyatda çox sakit, sülh adamıyam. Amma səhnədəki mən deyiləm, bütün sözləri obrazın dilindən danışıram. Onunla mənim aramda yerlə-göy qədər fərq var. Təbii ki, söhbət yaxşı aktyordan gedir, peşəkar aktyor səhnədə özü olmur, obrazı özününküləşdirir. Biz özümüz də tamaşaçıyıq, hər qüsuru, hər “falşı” duyuruq. Aktyorların özünü inandırmaq da çox çətindir. Dava ilə olmasa da, xoşluqla iradlarımı onların özlərinə bildirirəm. İstəmişəm ki, yaxşı olsunlar, yaxşı görünsünlər. Normal da qəbul ediblər. Hətta demişəm ki, bu əlavəni burada desən, alqış eşidəcəksən. Edib, zalda alqış da eşidib. Ona pislik etməmişəm ki”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aparıcı aktyoru, xalq artisti Cəfər Namiq Kamal deyib.

“Obrazı əsərin içindən axtarıb-tapmaq lazımdır. Həyatda olmayan bir insanı yaradıb, səhnəyə çıxarırsan. Bir Allah yeni insan yaradır, bir də aktyorlar. Ona görə də hər zaman deyirəm ki, aktyor sənəti ömür qısaldan sənətdir. Camat öz dərdini çəkə bilmir, problemləri ilə çaxnaşır, aktyor ayda bir neçə insanın dərdini çəkir. Bu günki tamaşaçını təəccübləndirmək, güldürmək, düşündürmək çox çətindir. Tamaşaçıların problemi bəyəm azdır ki?! Bəzən görürsən ki, komediyaya baxmağa gəlib, amma üzündə gülüş yoxdur. O qədər problemi var ki, üzü dərindən gülmür” deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, bəzi səbəblərə görə istədiyi obrazları oynaya bilməyib.

“Bunun səbəbini mən yox, rejissorlar bilir. Mən heç vaxt gedib rejissordan xahiş etmərəm ki, filan tamaşada mənə rol ver. Bizim sənətimiz asılı sənətdir. Ələxsus da rejissordan. Cavan yaşlarımda bir neçə rol olub ki, rejissor o tamaşanı hazırlamayıb və mən də onları oynaya bilməmişəm. Çox istərdim ki, “Aydın” tamaşasında Dövlət bəy rolunu oynayım. Özümü orada görürəm. Bunları özümə dərd etmirəm. Rejissor dərd etsin ki, onun tamaşası daha da yaxşı alına bilərdi, amma alınmayıb. Bir ifa düz olmayanda tamaşa alınmır. Bir misal çəkim. “Sevil” əsərində Balaş rolunu həmişə müsbət oynayıblar. Amma həmin azərbaycanlı kişisi qışın günündə, qundaqlı uşaqla arvadını əlindən tutub, küçə qadınının sözü ilə atır. Bunu normal kişi edər?!” deyə xalq artisti bildirib.

Geri qayıt