Əsas Səhifə > Şou-biznes > "Buna görə Prezidentlərimiz İlham Əliyevə təşəkkür edirik"
"Buna görə Prezidentlərimiz İlham Əliyevə təşəkkür edirik"7-02-2023, 08:46 |
“Məlum fəlakətlə bağlı Adanada bir kənddə qohum evində müvəqqəti məskunlaşmışıq. Həyət evidir, nisbətən təhlükəsizdir”. DİA.AZ bildirir ki, bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Azərbaycanın Xalq artisti, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov deyib. Cahangir Novruzovun sözlərinə görə, zəlzələ təhlükəsi yenə də gözləndiyi üçün bir neçə gün Adana əhalisi çox mərtəbəli yaşayış evlərinə buraxılmaya bilər: “Bizim binamız 11 mərtəbəlidir, zəlzələyə dayanıqlı olduğu bildirilir. Amma Adanada 16-17 mərtəbəli binalar çökdü. Çox böyük faciədir. Həmin binalardakı insanların aqibəti məlum deyil. Mən də ailəmlə, nəvəm Cəfərlə buradayıq. Çox ailələrin elektrik enerjisi, təbii qazı kəsilib. Su və qida var. Hələ nə vaxt evimizə buraxılacağıq, məlum deyil”. C.Novruzov deyib ki, Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşları onunla əlaqə saxlayıb, vəziyyətilə və azərbaycanlı tələbələrlə maraqlanıblar: “Şükür ki, tələbələrimizin az qismi Azərbaycandan geri qayıdıb. Onlar imtahanlarını verib, tətilə buraxılmışdılar. Çoxu hələ Azərbaycandadır. Tələbələrimiz təhlükə sovuşduqdan sonra geri dönərlər”. Professor onu da qeyd edib ki, təbii fəlakət Azərbaycanla Türkiyənin sarsılmaz dostluğunu, qardaşlığını br daha təsdiqləyib: “Yenə də öncə dəstək təklifi Azərbaycandan gəldi. Dost dar gündə tanınar. Biz Azərbaycanın humanist davranışına görə burada başıuca gəzirik və buna görə Prezidentlərimiz İlham Əliyevə təşəkkür edirik. Türkiyə Azərbaycan dostluğu bütün türk dünyasına örnəkdir. Bu dərd və Azərbaycanın nümunəvi dəstək addımı demək olar ki, Turan birliyini qurdu. Digər türkdilli dövlətlərdən də Türkiyəyə xilasedici qruplar göndərilməyə başlandı. Allah türk millətini bu bəladan da hifz etsin”. Qeyd edək ki, dünən Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 4:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa saat 4:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 4:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib. Son məlumata görə, zəlzələdə ölənlərin sayı 2 min 921 nəfərə, yaralananların sayı isə 15 834 nəfərə çatıb. Təbii fəlakət nəticəsində dağılan binaların sayı isə 6 217 olub. Geri qayıt |