Əsas Səhifə > Şou-biznes > Kinoçəkənlər arasında qalmaqal böyüyür:
Kinoçəkənlər arasında qalmaqal böyüyür:27-01-2023, 07:57 |
Bir qrup mədəniyyət və incəsənət xadimi Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlüyündən imtina edib. İttifaqı ümumilikdə 20-yə yaxın incəsənət nümayəndəsi tərk edib. Onların arasında Xalq artisi Əbdül Mahmudbəyov, Xalq artisti Ramiz Məlikov, Əməkdar İncəsənət Xadimi Yavər Rzayev, Əməkdar artist Gülşad Baxşıyeva, Əməkdar artist Münəvvər Əliyeva da var. İstefa qərarını elan edənlər bildiriblər ki, bu İttifaq heç bir fəaliyyət göstərmir və orada qalmağın bir mənası yoxdur. Onların sözlərinə görə, Azərbaycan kinosunun inkişafı üçün heç bir real addım atmayan İttifaq ümumiyyətlə fəaliyyətini dayandırmalıdır: “Bir halda ki, dayandırmır, bu halda biz orada təmsil olunmağa lüzum duymuruq” – incəsənət nümayəndələri bəyan ediblər. Qeyd edək ki, Azərbaycanda iki Kinematoqrafçılar İttifaqı fəaliyyət göstərir. Onlardan birinə Xalq artisti Rasim Balayev, digərinə isə Xalq artisti Şəfiqə Məmmədova rəhbərlik edir. İstefa qərarını elan edənlər Şəfiqə Məmmədovanın rəhbəri olduğu qurumda təmsil olunmaqdan imtina ediblər. Digər İttifaqın sədri Rasim Balayev mətbuata açıqlamasında onları öz sıralarına qəbul etməyə hazır olduğunu qeyd edib: “Buyursunlar, gəlsinlər”. DİA.AZ bildirir ki, Xalq artisti Əbdül Mahmudbəyov AYNA-ya müsahibəsində istefa qərarını doğuran səbəblər və digər mövzular ətrafında danışıb: - Bir qrup incəsənət xadimi ilə birlikdə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlüyündən imtina etdiniz. Bu qərara gəlməyinizə səbəb nə oldu? - Bununla bağlı dostlar, tanışlar, mətbuat nümayəndələri mənə zəng edirlər. Onlara da bildirirəm, sizə də bildirmək istəyirəm ki, mən istefa verməmişəm. Mənim adımdan istefa qərarını elan edənlərə üzümü tutub demək istəyirəm: sizə ayıb olsun! İstefa verməmişəm, İttifaq bizim evimizdir. Mən kino adamıyam, kənardan gəlmiş adam deyiləm ki?! Mənim bu istefa qərarından qətiyyən xəbərim yoxdur. Əgər belə bir qərar versəydim, bəyan edərdim ki, bu, Şəfiqə Məmmədovanın İttifaqı şəxsi obyektinə çevirməsi ilə bağlıdır. Şəfiqə Məmmədova xəlvəti qurultay keçirib, özünü İttifaqın sədri elan edib. Bu, tamamilə qanunsuz bir addımdır. Mən İttifaqı qoyub hara gedəsiyəm ki?! Onlar getməlidirlər, çünki kənardan gələnlər onlardır. Bu adamların kinoya heç bir aidiyyəti yoxdur. Kimin istefa verib-verməməsindən isə xəbərim yoxdur. - Rasim Balayev açıqlamasında bildirib ki, imtina qərarını elan edənlər onun rəhbəri olduğu ittifaqa üzv ola bilərlər. Bir ölkədə iki Kinematoqrafçılar İttifaqı niyə olsun ki? - Bütün bunlar hamısı Rüstəm İbrahimbəyovun zamanından qalmış problemlərdir. İbrahimbəyov Prezident olmaq eşqinə düşəndə İttifaq parçalandı. Onun vəfatından sonra da kino xadimlərini bir araya toplamaq mümkün olmadı. Azərbaycanda bir Kinematoqrafçılar İttifaqı mövcud olmalıdır. Bu İttifaqa da kino xadimləri rəhbərlik etməlidirlər. Bundan kənarda baş verənlər özbaşınalıqdır, təxribatdır, rüsvayçılıqdır, şoudur. Rusiyada yeddi kinostudiya fəaliyyət göstərir. Onlar hamısı bir ittifaqda cəmləşiblər. Azərbaycanda bir kinostudiya fəaliyyət göstərir ki, o da bərbad gündədir. Amma hərə özünə bir ittifaq açıb, özü üçün vəzifə yaradır. Bu kimi biabırçı hallara son qoymaq lazımdır. - Sovetlər dövründə Azərbaycanda samballı filmlər ərsəyə gətirilərdi. Müstəqillik dövründən bəri demək olar ki, peşəkar filmlərə rast gəlmirik? - Sovetlər dövründə maraqlı filmləri ustadlarımız ərsəyə gətirirdi. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası fəaliyyət göstərdiyi 70 illik dövr ərzində çox böyük ekran əsərləri yaradıb. Bu kinostudiyanın istehsal etdiyi filmlərində olan epizodlardan gündəlik leksikonumuzda istifadə edirik. Kino bir nəfərin fəaliyyəti deyil, kollektiv fəaliyyətin nəticəsi olmalıdır. Buna da çoxlu maliyyə lazımdır. Kino ideoloji silahdır, maarifləndirmə və təbliğat meydanıdır. Buna görə də kinoya dırnaqarası yanaşmaq olmaz. Həmin o Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası indi də fəaliyyət göstərir. Lakin çox bərbad durumdadır. Maddi-texniki bazası çatışmır, kadr qıtlığı da hökm sürür. Kim harada, necə gəldi, kinolar, seriallar çəkir. Əksəriyyəti də bayağı və mənasızdır. Çox sağolsun, Cənab Prezident İlham Əliyev ki, bu sektora da xüsusi diqqət ayırır. Ümidvaram ki, yaxın gələcəkdə bu sahədə ciddi inkişafın şahidi olacağıq. - Sizcə, kino sənayesini inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır? Təklifləriniz nədən ibarətdir? - Bu sahədə kompleks islahatlar aparılmalıdır. Biz kino xadimlərini bir ittifaqda cəmləyə bilmiriksə, bu sahə intriqa ustalarının meydan suladığı haldadırsa, hansı inkişafdan danışmaq olar?! İnkişaf üçün birinci növbədə nizam-intizam olmalıdır. Mədəniyyət naziri işdən azad edildi, onun müavini həbsə göndərildi. Məlum oldu ki, kinoya ayrılan vəsaitləri mənimsəyiblər. Dövlətin kino sənayesinin inkişafı üçün ayırdığı pullar oğurlanmamalı, bir qup şəxsin varlanması üçün sərf olunmamalıdır. Bu sahəyə ciddi nəzarət olmalıdır. Bu, Azərbaycan xalqının gələcəyinə “balta vurmaq”dır. Bir nəsli məhv etmək, onun zövqünü korlamaq, saxta təbliğatın əsirinə çevirməkdir. Cənab Prezident İlham Əliyev bununla bağlı ciddi tapşırıqlar verib. Nazirlik də bu istiqamətdə konkret addımlar atmalıdır. Kinostudiyanın maddi-texniki bazası gücləndirilməli, kadr hazırlığıa xüsusi diqqət ayrılmalıdır. Yalnız bundan sonra kinonun inkişafından danışmaq olar. Əks halda biz Sovet Azərbaycanın ərsəyə gətirdiyi filmlərin xiffətini çəkməyə davam edəcəyik. İttifaqdan REAKSİYA Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı məsələ ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib: “Mətbuatda adları təqdim edilən ARKİ-nin bəzi üzvlərinin üzvlükdən imtina etməsi ilə əlaqədar bildiririk ki, üzvlükdən imtina ilə əlaqədar ARKİ-yə heç bir müraciət daxil olmayıb. ARKİ-nin Nizamnaməsinə əsasən, səbəbindən asılı olmayaraq istənilən üzv olan şəxs istənilən vaxt üzvlükdən imtina etməklə əlaqədar ərizə ilə müraciət edə bilər. Adları mətbuata təqdim edilən bəzi üzvlərlə əlaqə saxlanılıb, lakin həmin üzvlər xəbəri mətbuatdan eşitdiklərini və üzvlükdən imtina barədə nə şifahi, nə də yazılı müraciət etmədiklərini ifadə edərək əksinə adlarından istifadə edərək bu xarakterli məlumatın yayılmasına tənqidi yanaşdıqlarını bildiriblər”. Geri qayıt |