Əsas Səhifə > Şou-biznes > "Vicdanı olan heç vaxt öz xeyri üçün cəmiyyəti zəhərləməz"

"Vicdanı olan heç vaxt öz xeyri üçün cəmiyyəti zəhərləməz"


23-01-2023, 09:32
"Vicdanı olan heç vaxt öz xeyri üçün cəmiyyəti zəhərləməz"
“Bu gün sənətdə sənəti olan üçün hər şey var. Əvvəlki illərlə müqayisədə daha böyük işlər görmək, daha böyük məşhurluğu qazanmaq asandır. Məsələ sadəcə sənəti olanın istədiyi qədər pulunun olmaması, sənəti olmayanda da tam əksinə pulun çox olmasıdır. Yəni bütün problemlər əslində buradan başlayır. Savadı, sənəti olmayan reklamıyla istədiyini edir, keyfiyyətsiz məhsulunu təqdim edərək, insanlara təsir göstərir, sənəti olan da danışanda uğursuz biri kimi insanların gözündə adiləşir. Bu tək incəsənət və mədəniyyət aləmində deyil, bütün sahələrdə belədir, savadsız, məsuliyyətsiz insanlar hər sahədə keyfiyyətsiz məhsullarla insanları zəhərləyirlər. Bunun qarşısını almaq mümkün olmasa da, çalışıb, balans yaratmaq lazımdır ki, insanların seçim hüququ olsun. Düzdür, Allah birinə böyük sənət, birinə bacarıq bəxş edir, gerisini insanların öz ixtiyarına buraxır, insanlar da ya ağılı, bacarığı, sənəti ilə savad sahibi olub, insanlığa yararlı olur, cəmiyyətə düzgün xidmət göstərir, ya da cahilliyi ilə bilmədən ya da bilərəkdən cəmiyyəti zəhərləyirlər”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Xuraman Şuşalı deyib.

“Vicdanı olan heç vaxt öz xeyri üçün cəmiyyəti zəhərləməz, cahil insandan isə hər şey gözləmək olar. Cəhaləti də ancaq savad xilas edə bilər, 21-ci əsrdə hər kəsin savadlı olması lazımdır. Ancaq təəssüf ki, get-gedə əksini görürük. Bunun səbəbidir ki, bu gün cəmiyyətdə hətta kəndli, şəhərli söhbəti aparılır. Məsələ insanın kənddən ya şəhərdən olması deyil, məsələ insanın savadlı olub, olmamasıdır. Kənddə də, şəhərdə də cahil və savadlı insanlar var. Savadı olan insanın mədəniyyəti, tərbiyəsi hər zaman fərqli olur. Savad almayan insan isə dünyanın ən böyük şəhərində doğulsa nə faydası var?! Nə isə inkişafa götürən dahi şəxsiyyətlərin demək olar ki, hamısı müxtəlif bölgələrin nümayəndələri olub. Bu gün kənddən gələn iki insanın hansısa restoranda möhkəm danışması üçün bölgələrdən gələnləri aşağılayan şəhərdə böyümüş, reklamlı, cahil ulduzların fikirləri mətbuat və televiziyanın müzakirəsinə çıxarılıbsa, hansı inkişafdan danışaq? Nə isə Allah hər kəsə hidayət-ağıl bəxş eləsin. Danışdıqca həll olunacaq məsələlər deyil bunlar. Hər şey məktəblərdən başlamalıdır, mədəniyyətin də, tərbiyənin də kökü savaddır, xilası təhsildir, bunu aşılamaq isə savabdır” deyə müğənni bildirib.

Xuraman Şuşalı onu qalmaqala sürükləyən həmkarlarından da danışıb. Müğənni onlara heç bir vaxt cavab vermədiyini bildirib.

“Çünki gəncliyimdə ətrafımda olan televiziya, radio, mətbuat nümayəndələri məni bu qalmaqal deyilən bir bataqlığın içinə çəkdi, mən də istəmədən onların fikirləri ilə o bataqlıqda çabaladım, "üzməyi" bacardığım üçün tez yol alıb, özümü oradan çıxara bildim. Bu gün o ağılın, o yaşın sahibi deyiləm ki, bir də o yola sürüklənim. Kim nə istəyir desin, kim nə istəyir danışsın, insan ağzını açanda, söylədiyi fikirlərdə özünü təqdim edir. Həm bu gün ağıllı insanlar - insanların dilinə, danışdıqlarına deyil, əməllərinə, addımlarına, həyat tərzlərinə, yaşantılarına, təqdim etdiklərinə baxıb, qiymət verirlər. Ona görə o danışanlar və o müzakirə edənlər əslində özlərini görsələr, dəyişərlər. İnşaAllah onlar da düzəlib, yararlı işlərlə məşğul olarlar” deyə Xuraman Şuşalı bildirib.

Müğənni Şuşada çəkdirdiyi klipindən də danışıb.

“Vasitənizlə bir Şuşalı olaraq, hər Qarabağlı kimi mənim də vətən həsrətimə son qoyan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm, Qarabağda muğamın səslənməsinə səbəb olan Azərbaycanımızın 1-ci vitse prezidenti Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Vətən uğrunda canından keçib, şəhidlik zirvəsinə ucalan oğullarımın torpağından, onları dünyaya gətirən anaların əlindən, alnından öpürəm. Şükürlər olsun 30 illik vətən həsrətimiz bitdi. İstər rəhmətlik Ümummilli liderimiz Heydər Əliyevim dövründə, istərsə də ondan sonra cənab İlham Əliyevin dövründə məcburi köçkünlərə göstərilən diqqət, qayğı əskilmədi, bizə yoxluq hiss etdirmədikləri üçün onlara ayrıca minnətdaram. Qaldı ki, Şuşalı qızının 30 ildən sonra öz torpağına ayaq basmasına, bəli, bu baş verdi. Hamı kimi təkcə şəkil çəkdirmədim, orada ilk klipi də mən çəkdim. "Şuşam" mahnısı Şuşada çəkilən ilk klip oldu. Doğulduğum torpağımda fotosessiya etdim. “Şuşam” adlı mahnının söz və musiqisi Cəlil Əliyevə məxsusdur. Klipdə geyindiyim libaslar Şuşanın tarixi geyimləridir. Klipin ərsəyə gəlməsində həyat yoldaşım Elçinə, operatorlar Taleh Həsənzadə, Tərlan Məmmədova, montaj edən Elnur Ehtiramoğluna, prodüsser İbrahim Ağazadəyə öz təşəkkürlərimi bildirirəm. Öz evimdə ola bilmədim, çünki həmin yer indi dövlətin nəzdindədir, orada xidmət göstərən orqanlara məxsus binadır. İnşaAllah gələcəkdə övladlarımla, oradan bərabər çıxdığım qardaşımla, bacımla da orada olmaq istəyirəm, orada çoxlu vaxt keçirmək istəyirəm, qalmaq, istirahət etmək istəyirəm. Əsas odur ki, vətənimi igid oğullarımız yağı düşməndən xilas edib, rəhmətə gedənlərimin ruhu sevinir, torpaqlarımda igid oğullarımız gəzir, önəmli olan vətənim adını daşıdığım Şuşam azaddır. Bundan sonra istədiyimiz vaxt gedə biləcəyik” deyə müğənni bildirib.

Geri qayıt