Əsas Səhifə > Şou-biznes > “Gənc müğənnilər mənim yaradıcılıq gündəliyimi vərəqləsəydilər, bilərdilər ki...”

“Gənc müğənnilər mənim yaradıcılıq gündəliyimi vərəqləsəydilər, bilərdilər ki...”


21-01-2023, 09:39
“Gənc müğənnilər mənim yaradıcılıq gündəliyimi vərəqləsəydilər, bilərdilər ki...”
“Hansı sahədə oluruqsa-olaq, hər birimiz bu günlərdə çox aktiv olmalıyıq. İstər yaradıcılıqda, istər yaşadığımız bu dövrün çətinliklərində, kişi-qadın, yaşlı-gənc demədən çalışmalıyıq. Yaradıcı insanlar da öz musiqiləri ilə, yetirmələri ilə vətənə dəstək olmalıdır. Mən xoşbəxtəm ki, bir neçə tələbəm musiqimizi xarici ölkələrdə, nüfuzlu müsabiqələrdə təbliğ edir. Bu gün gənclərin gələcəyi, onların yaxşı yaşaması üçün bizim görəcəyimiz işlər çox vacibdir”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib.

Xalq artisti müasir mətbuatın xeyli yaxşılığa doğru dəyişdiyini bildirib.

“Bu gün mətbuatın, televiziyanın gücü həqiqətən də böyükdür. Mətbuatımız daha əvvəlki kimi deyil, hər şey yaxşılığa doğru dəyişib. Hər zaman mətbuatla dost olmuşam, çalışıram ki, bu gün də o dostluğu qoruyub saxlayım. Günün hansı saatında, hansı vaxtında mənə ehtiyac duyulursa “mən məşğulam”, “işim çoxdur” deyə bilmərəm. Jurnalistlər bizə hər zaman dəstək olublar. Onların qələmləri tək biz müğənnilər üçün deyil, bütün sahələrdə çalışan insanlar üçün yararlı olub” deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, yaradıcılığında daim ona dəstək olan insanlar olub.

“Çalışmışam ki, Azərbaycan musiqisini dünya xalqlarının bələd olduğu janrlarda oxuyub, onlara çatdırım. Bu kənardan asan görünə bilər. Heç vaxt “bunları mən təkbaşına etmişəm” deyə bilmərəm. İnsanlar var ki, başqalarının əməyini, əziyyətini qiymətləndirməyi bacarmırlar. Amma belə olmaz! Böyük layihələrimdə mənə mənəvi cəhətdən, musiqi tərəfdən kömək edənlər çox olub. Maddi tərəfini təbii ki, özüm etmişəm. Dəstəkçilərimdən biri də xalq artisti Siyavuş Kərimi olub. Biz Azərbaycan, aşıq, ozan musiqimizin sintezini başqa ölkələrdə nümayiş etdirmişik. O ölkələrdə bizi heyranlıqla dinləyirdilər. Ümumiyyətlə mənim yaradıcılıq gündəliyimi bu gün gənc müğənnilərimiz vərəqləyə bilsəydilər bilərlər ki, Azərbaycan xalqının əməkdar, xalq artisti olmağı üçün insan nə qədər əziyyətli və çətin yollar keçməlidir. Hər şeyə yüngül baxmaq olmaz, çətinliyini görmək lazımdır. Layihələrimin, mahnılarımın üstündə illərlə əziyyət çəkmişəm. Çəkilən əziyyət axır-əvvəl qiymətləndirilir” deyə xalq artisti bildirib.

Geri qayıt