Əsas Səhifə > Şou-biznes > “Fuad Poladov həmin aktyora görə teatrdan çıxdı, çünki direktordan onun xahişini etmişdi”

“Fuad Poladov həmin aktyora görə teatrdan çıxdı, çünki direktordan onun xahişini etmişdi”


4-01-2023, 08:50
“Fuad Poladov həmin aktyora görə teatrdan çıxdı, çünki direktordan onun xahişini etmişdi”
“Bu gün istedadlı insanlara, ələxsus da sənətçilərə dəstək olanlar çox azdır. Aktyor Hikmət Rəhimov var. Ona atam 1-ci kursda dərs deyib. Daha sonra dünyasını dəyişdiyi üçün axıra qədər bu kursa dərs deyə bilmədi. Hikmət çox istedadlı aktyordur. Uzun illər əvvəl AZDRAMA-da çalışırdı. Hətta o teatrda “Qatil” tamaşasında da çıxış edirdi. Teatrda yüngülvari kiminləsə konflikti olmuşdu, o cür istedadlı aktyoru teatrdan uzaqlaşdırıb, tamaşanı da repertuardan çıxardılar. Hətta Fuad Poladov ona görə teatr rəhbərliyindən xahiş də etmişdi. Teatr direktoru Fuad Poladovun xahişinə baxmadı. Onun sözü bir növ yerə düşdü. Sözü yerə düşdüyü üçün teatrdan ərizə yazıb çıxdı. Fuad Poladov hər adam üçün xahiş edib, ağız açmazdı. Hikmətin gələcəyini görürdü. Onsuz da Fuad Poladov o teatrda yarımştat idi, əsas Rud Dram teatrında çalışırdı”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, görkəmli aktyor Əliabbas Qədirovun oğlu İlham Qədirov deyib.

“Mən çox istərdim ki, teatrda istedadlı gənc nəsil yetişsin. İndi çox azdır. Yadıma gəlmir ki, bu gün hansısa sənətkar universitetdə dərs dediyi tələbənin əlindən tutub teatra gətirsin. Atam zamanında öz tələbələrini və istedadına güvəndiyi digər tələbələri teatra gətirib. Atamın özünü də vaxtilə Mehdi Məmmədov teatra gətirmişdi. O kursdan Rasim Balayev kinoya, Mikayıl Mirzə Sumqayıt teatrına, atam isə AZDRAMA-ya gəlmişdi. O vaxt bir tamaşaya gedib baxırdın. Həmin tamaşada 10 aktyor oynayırdısa, 6-7-si lap güclü aktyor idi. Yerdə qalan o 4 nəfər də zəif aktyor deyildilər. Baş rolları oynayan aktyorlardan nisbətən aşağı səviyyədə idilər. O vaxtkı zəif aktyor bu günki ən güclü aktyordan da peşəkar idi. Çünki o güclü aktyor nəslinin yanında püxtələşmişdi. Sonralar isə Yaşar Nuri, Siyavuş Aslan oynayanda, onların da yanında nisbətən ona uyğun olan aktyorlar oynayırdılar. Qalanları isə zəif idi, bu hiss olunurdu. O vaxt dublyorun oynamağına şərait yaratmırdılar. Çünki peşəkar aktyorlar elə özləri kimi aktyorlarla oynamaq istəyirdilər. Tamaşalarda güclü aktyorların sayı çox olduğuna görə o vaxtkı tamaşalar da, filmlər də güclü və baxımlı olub” deyə sənətkarın övladı deyib.

İlham Qədirov bildirib ki, atası rol xatirinə rol oynamazdı.

“Əliabbas Qədirovun oğlu olmaq böyük məsuliyyətdir. Həyatda ondan çox şey götürmüşəm. Xasiyyəti çox sərt olsa da evdə ailəsinə, teatrda kollektivinə qarşı diqqətli idi. O öz xarakterini rolları vasitəsilə göstərirdi. Tanınmış rejissorumuz Ağakişi Kazımov deyirdi ki, Əliabbasın rol xoşuna gəlmirdisə, o adamın xətrinə dəymirdi, bir-iki dəfə məşqə gəlirdi, sonra yavaş-yavaş məşqdən imtina edirdi. Zəng edəndə də deyirdi ki, rol üzərində çalışıram, gələcəm, amma gəlmirdi. Rolum olsun deyə heç vaxt rol oynamazdı” deyə sənətkarın övladı deyib.

Geri qayıt