Əsas Səhifə > Şou-biznes > “Bu gün münasibətimizin olmamasının səbəbkarı özüdür...”

“Bu gün münasibətimizin olmamasının səbəbkarı özüdür...”


29-12-2022, 09:37
“Bu gün münasibətimizin olmamasının səbəbkarı özüdür...”
“Mən Asəf Zeynallı adına musiqi məktəbində dərs deyəndə Zeynəb Xanlarova mənim gözümün qabağında tələbə idi. Onun dövlət imtahanında komissiya üzvü olmuşam. Mənim dövrümdə bitirib məktəbi. O Seyid Şuşinskini tələbəsi olub. Çox sevdiyim xanımdır, sənətinə, şəxsiyyətinə böyük hörmətim var. Azərbaycanın mədəniyyətini dünyada təbliğ edib. O sənətinin fədasidir. Ona can sağlığı arzu edirəm. Hələ ki, onu əvəz edən ikinci böyük sənətkarımız yoxdur. Onun konsertlərində də iştirak etmişəm, görmüşəm ki, insanların üstünə necə təcili tibbi yardım maşınları gəlir”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Ceyran Haşımova deyib. Sənətkar Zeynəb Xanlarovanın tələbəlik illərini də xatırlayıb.

“Zeynəb dağlı qızı idi. Şən insan idi. Kimsə ona nəsə söz deyirdisə, mütləq o sözün cavabını qaytarırdı. Qabağından yeyən olmayıb. Uşaqlar gəlib mənə şikayət edirdilər ki, biz Zeynəbə nə deyiriksə, bizə cavab qaytarır, imkan vermir dərsə qulaq asaq. O vaxt mən həm dərs deyirdim, həm də Asəf Zeynallı adına musiqi məktəbində şöbə müdiri idim. Gəlib mənə şikayət edirdilər. Zeynəbi yanıma çağırıb deyirdim ki, sən qızsan, onlar oğlan. Xanımlar bir az nəcib olmalıdır. Deyirdi ki, Ceyran müəllimə, mənə sataşırlar, mən də cavablarını verirəm. Ana-bala münasibətimiz var idi” deyə sənətkar bildirib.

“Bu gün bəs münasibətiniz varmı?” sualına Ceyran Haşımova belə cavab verib.

“Xeyr, heç bir münasibətim yoxdur. İndi belə oldu da. Ola bilər ki, təsadüfən hansısa konsertdə üz-üzə gələk. O zaman da böyük hörmətlə, izzətlə bir-birimizə yaxınlaşmışıq. Münasibətimizin olmaması Zeynəb Xanlarovadan asılı olub. Münasibəti o qurmalı idi, çünki mən müəllimə, o qarşımda tələbə olub. Onun münasibəti mənə yaxşı olmalı idi. O zəng edib, xoş sözlər deməli idi. Nə olsun ki, dünya şöhrətlidir?! Mən onunla fəxr edirəm, ən sevdiyim xanəndə olub. Mən onun haqda bu sözləri deməyə də bilərəm. Yetişdirdiyim sənətkarların çoxu əməkdar və xalq artistləridir. Zəng etsələr də, məndən xəbər tutsalar da, tutmasalar da mənim tələbələrimdir” deyə sənətkar bildirib.

Xalq artisti müasir müğənnilərin səviyyəsindən də danışıb.

“Geyim-keçimlərini bilmirlər. Bir çoxu da qəzəlləri səhv oxuyur, vurğu işarələrini düzgün vurmurlar. Oxuma mədəniyyətləri yoxdur. Əməkdar artist Nuriyyə Hüseynovanı çox bəyənirəm. Bu gün sadəcə məktəb yoxdur. Seyid Şuşinski, Xan Şuşinski, Şövkət Ələkbərova, Qulu Əsgərov və s. sənətkarlar görün nə qədər tələbələr yetişdiriblər. Bu günki tələbələrin heç öyrənmək, bilmək həvəsləri yoxdur” deyə xalq artisti bildirib.

Geri qayıt