Əsas Səhifə > Şou-biznes > "Film çəkmişəm, ondan heç bir xəbər yoxdu, siz də deyirsiz ki..."

"Film çəkmişəm, ondan heç bir xəbər yoxdu, siz də deyirsiz ki..."


27-12-2022, 10:17
"Film çəkmişəm, ondan heç bir xəbər yoxdu, siz də deyirsiz ki..."
"Başa düşmürəm, balaca bir iclas niyə böyük səs-küyə səbəb olur... Millətin taleyi Laçın yolunda həll olunur. Ona görə bu cür söhbətlərin belə maraq doğurmasını anlamaqda çətinlik çəkirəm. Bu gün filmlər çəkilmir, çəkiləndə də zəif çəkilir. Belə bir şəraitdə İttifaqın daxili işi olan bir məsələ niyə birdən-birə belə maraq kəsb edir? Görünür, dəyərlər dəyişir, başqalaşır".

DİA.AZ bildirir ki, bu fikirləri Teleqraf.com-a müsahibəsində Əməkdar incəsənət xadimi Ayaz Salayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) iclasında baş verənlərə münasibət bildirərkən deyib.

ARKİ üzvü olan Ayaz Salayevlə müsahibəni təqdim edirik.

- Ayaz müəllim, ötən həftə ARKİ-də keçirilən iclasın məqsədi, məramı nə idi?

- Bunu təşkil edənlərdən soruşun. Çoxdandır yığışmamışdıq, nəhayət, bir yerə toplaşdıq. Getdik, oturduq, söhbətləşdik, bu, yarım saat davam etdi. Bir iclasdan niyə bu qədər yazılsın? Nə maraq var?

- Bu iclas cari məsələlər ətrafında olsaydı, məsələ bu qədər gündəmə gəlməzdi. Xalq artisti Şəfiqə Məmmədovanın ümumi səsvermə olmadan yenidən sədr seçilməsi barədə xəbər ittifaq üzvlərini narazı salıb...

- O seçki deyildi. Biz sadəcə Şəfiqə xanıma münasibətimizi bildirdik, bu, dəstək iclası idi. Mən oradan maaş almıram və ittifaqda heç bir xeyrim də yoxdur. Özümün min dərd-sərim var. Film çəkmişəm, heç onun səs-səmiri gəlmir, o barədə heç kim zəng eləyib nəsə soruşmur. Amma bu məsələ ilə əlaqədar mənə neçə gündür ard-arda zənglər gəlir.

- "Torpaq" filmini nəzərdə tutursunuz? O barədə sizinlə danışmışıq.

- Bəli, xatırlayıram. Mən ümumən deyirəm.

- Görünür, bu hər zaman ARKİ-ni müdafiə etdiyinizə görədir.

- Mən ittifaqı ona görə müdafiə edirəm ki, bu, yad qurum deyil. Mən qurum həvəskarı da deyiləm. Sabah ordan da çıxa bilərəm. Bu mənim həyatıma nəsə əlavə etmir və nəsə də həyatımdan almır.

- Ayaz müəllim, ittifaqın fəaliyyəti sizi qane edir?

- (Düşünür) Bundan yaxşı da fəaliyyət göstərə bilərdi. Sualınıza cavabım: yox...

- Bəs niyə ittifaqın üzvüsünüz?

- Vaxtilə seçilmişəm. Çünki müəyyən səbəblər var idi. Bununla bəzi məsələlərə münasibətimi bildirmiş oldum. O vaxtlar başqa bir qurumun yaranmasına zəmin yaranmışdı. Mən ürəklə, canla-başla ora gedirdim.

İndi kino çox bərbad vəziyyətdədir. Düşünürəm ki, bu cəmiyyətdə, bugünkü tarixi reallığımızda kinonun əhəmiyyəti dərk olunmayıb. Bu, qurum, agentlik, islahat söhbəti deyil. Bu, daha dərin, fəlsəfi söhbətlərdir. Mən bu amalla yaşayıram.

- Beyinlərdə düşünülənlər əməli işə çevrilməsə heç nə başa gəlməyəcək. Şüura təsir etməkdən danışırsınız, bunu anlayıram, amma son nəticədə hərəkətə keçilməlidir ki, ortalıqda nəsə olsun.

- Düzdür. Amma mən nəyə görə başqaları üçün cavabdeh olmalıyam? İttifaqdan maaş almıram, orda işləmirəm.

- İdarə heyətinin üzvü olduğunuz üçün bu, sizin çiyinlərinizə də məsuliyyət yükləyir.

- Mən orda hansısa bir vəzifədə olsaydım, bəli, məsuliyyət daşıyardım, cavabdeh də olardım.

- Demisiniz ki, sədr vəzifəsinə Şəfiqə Məmmədovadan başqa alternativiniz yoxdur.

- Siz mənə hansısa bir adamın adını çəksəydiniz, deyərdim.

- Sizi dəstəkləyənlər də az deyil.

- Yox. Mənim 62 yaşım var. Həyatımın mənası film çəkməkdir. Bədii film çəkmək də insandan çox böyük enerji istəyir. Ona görə hazırda məndən enerji aparan nə varsa ondan uzaqlaşıram.

Hətta Mədəniyyət və İncəsənət Universitetində dərs demək də mənə əlavə əziyyətdir. Sadəcə istedadlı gənclərə görə dərslərə davam edirəm. Daha televiziyada veriliş də aparmaram.

- Üzv olaraq ittifaqdan qayğı görə bilmisinizmi?

- Məsələn, iyun ayında "Torpaq" filminin nümayişində ittifaqın rolu oldu. Təşkilati işlərdə kömək göstərdilər. İttifaq üzvlərinə dəstək verir.

Amma sədr indikindən daha yaxşı işləyə bilərdi. Yenə deyirəm, bu mənim həyatımın mövzusu deyil. Mən bundan danışanda özümü vəziyyətin sahibi kimi hiss etmirəm. İşin içində də deyiləm. Şəfiqə xanımı ona görə dəstəkləyirəm ki, Azərbaycan kinosunda öz yeri, öz çəkisi var.

- Hər üzv də sizin kimi yanaşmır. Haqlı olaraq quruma ayrılan maliyyənin hara xərclənməsi ilə bağlı narahatlıqları var.

- Bunun üçün xüsusi nəsə yaradılsın, yoxlanılsın. Amma yenə deyirəm, mən bu haqda qətiyyən düşünmürəm. Həmişə özümə arxalanmışam. Kinomuzda heç kimdən böyük dəstək görməmişəm. Gözləmirəm də...

Geri qayıt