Əsas Səhifə > Şou-biznes > Şəfiqə Məmmədovanın tələbəsi olan astroloqdan Şeyx Əbdülə:

Şəfiqə Məmmədovanın tələbəsi olan astroloqdan Şeyx Əbdülə:


21-12-2022, 11:35
Şəfiqə Məmmədovanın tələbəsi olan astroloqdan Şeyx Əbdülə:
Bir neçə gün öncə aktyor Şeyx Əbdül Mahmudbəyov saytımıza müsahibə verərək Azərbaycan kinosunun problemlərindən danışıb.

O, ölkədə fəaliyyət göstərən kino ittifaqlarının rəhbərləri- Xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədovanın kinoya aidiyyəti olmadığını deyib. DİA.AZ bildirir ki, tanınmış jurnalist, astroloq, kinoaktyorluq fakültəsinin məzunu Səbuhi Rəhimli məsələ ilə bağlı Cebhe.info-ya danışıb. O, aktyorun sözlərinə kəskin etiraz edərək hər iki aktyorun Azərbaycan kino sənətinə verdikləri töhfədən söz açıb:

“Aktyorun iradlarını qəbul edirəm. Amma bəzi fikirləri ilə qəti razı deyiləm. Rasim Balayev də, Şəfiqə Məmmədova da Azərbaycan kino mühitində, kino sənayesində Şeyx Əbdül Mahmudbəyovdan fərqli olaraq əbədi iz qoyan adamlardır. Şəfiqə Məmmədovanın kinoya birbaşa dəxli var, təkcə “İstintaq” filmində oynadığı obraza görə SSRİ Dövlət Mükafatı alıb və məşhur sənətçilərin yetişməsində rolu olub. Xalq artisti Şəfiqə Məmmədova Azərbaycanda deyil, digər ölkədə olsaydı, ölkəsinə neçə dəfə “Oskar” gətirə bilərdi. Onu o qədər sıxdılar ki, teatrdan uzaqlaşdı, amma pedaqoq kimi fəaliyətini davam etdirdi”.

Astroloq Şeyx Əbdül Mahmudbəyovu aktyorların əziyyətini heçə saymaqda qınayıb:

“Şeyx Əbdül deyir ki, onlar ancaq artistlik ediblər, artistlik bir az təhqir mənasındadır, Şeyx Əbdülə bunu heç yaraşdırmıram. Şəfiqə Məmmədova yetişdirdiyi aktyorlara elə istedad təlqin edib ki, hamısı məşhurlaşıb. Hətta o qədər insani dəyərlərə önəm verən biridir ki, hansı sahəyə düşsələr belə o tələbələr inkişaf ediblər. Mən beş il teatrda işləmişəm, ancaq baş rolları oynamışam. Çünki o, bizə elə şeylər öyrətmişdi ki, rejissorlar bunu görə bilirdilər. Rəfael İsgəndərov, Coşqun Rəhimov, Azər Axşam, meyxanaçı Vüqar hər biri öz istedadları ilə öndə olan adamlardılar. Hazırda teatrda olanlar və işləyənlər də var. Belə bir böyük aktyoru aşağılamaq düzgün deyil”.

O hesab edir ki, ölkədə Şəfiqə Məmmədovadan kinoya yaxın olan adam yoxdur:

“Şəfiqə Məmmədova kinonu bilən adamdır. İttifaq sədri kimi mümkün qədər bacardığını edir. Hansısa nazir dəyişəndə məgər hər şey yaxşıya gedir? Siyasi sistemin mane olmayacağı qədər işlər görəcəyindən əminəm. “Şəfiqə Məmmədovanın kinoya nə dəxli var?” demək absurddur. Elə onun “Bizim Cəbiş müəllim” filmində Cəbiş müəllimin xanımı rolunu Sofi Lorendən üstün tuturlar. Şəfiqə Məmmədova qədər kinonu bilən, kinonun problemlərini tanıyan yoxdur. Milli Məclisdə də qanunlar qəbul olunur. Məgər onları hamısı işləyir?! Adam ideya verəndir, problemləri göstərəndir, amma ona nə qəədr səlahiyyət verəcəklər problemin həlli ondan asılıdır”.

Səbuhi Rəhimli mədəniyyət sahəsində bu cür ifadələrin işlədilməsini düzgün hesab etmədiyini qeyd edib:

“Şeyx Əbdülü zaman-zaman görmüşəm, proqramı var idi, onu da bəyənirdim, dəyərli alimləri, folklorşünasları tapıb, proqramlar çəkirdi, Azərbaycanın tarixini, dini-inancını, dəyərlərini tanıdırdı. Şəxsiyyətilə heç bir problemim yoxdur. Ancaq məsələyə bu cür yanaşmaq Əli Mirəliyevə oxşamaq, Əli Mirəliyev səviyyəsində olmaq deməkdir. Bunu da mən ona yaraşdırmıram, çünki Şeyx Əbdülün teatr və kinomuzda kifayət qədər ciddi rolu olub. Belə yanaşmanı mən qəbul etmirəm”.

Geri qayıt