Əsas Səhifə > Şou-biznes > “Ya ölməyimi istəyirlər, ya da ki, çıxıb getməyimi, bilmirəm kim mane olur mənə..?”
“Ya ölməyimi istəyirlər, ya da ki, çıxıb getməyimi, bilmirəm kim mane olur mənə..?”21-12-2022, 09:30 |
“Tədbirlər, çəkilişlər mütəmadi olur, amma maddiyat baxımından çox əziyyət çəkirəm. Sağ olsunlar, dostlarım əl tutur. Allah hamının ürəyinə görə versin. Bir müddətdir ki, işlərim rəsmən dayanıb. Bu da maddi durumumda mənə çətin anlar yaşadır”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a tanınmış müğənni Nurlan Əzizbəyli deyib. O, daha sonra əlavə edib. “37 ildir ki, sənətdəyəm, heç vaxt heç kimin qarşısında əyilməmişəm. Amma son dönəmlər elə çətin məqamlar olur ki, məcbur olub yaxın bildiklərimə utana-utana, xəcalət çəkə-çəkə ağız açıram. Düzünü desəm sonuncu dəfə nə vaxt toy oxuduğum yadıma gəlmir, çünki uzun müddət keçib üstündən. Deyim ki, tələb olunmayan müğənniyəm, əsla bu belə deyil, amma qarşıma qoyulan maneələrin kim tərəfdən olduğunu heç anlamıram. Hansı tədbirə, məclisə gedib sənət göstərirəmsə, hamı məni heyranlıqla qarşılayır, dinləyir, alqışlayır. Amma.. Ammaları bilmirəm nədir?! Allaha şükür, musiqimizin də hər janrında oxumağı bacaran sənətkaram. Yeni mahnılar yazdırıb dinləyicilərimə, tamaşaçılarıma çatdırmaq istəyirəm. Bunun üçün də təbii ki, maddiyat tələb olunur. Yoxdursa nə edə bilərəm?! Yerimdə saya-saya qalıram. Bu da məni həqiqətən çox üzür, çox sındırır. Kaşki həyatımızda kaşkilər olmaya. Sənətə gəldiyim ilk günlərdən maneələrlə üzləşmişəm, çünki çoxundan həm səsimlə, həm sənətimlə, həm də mədəniyyətimlə üstün olmuşam. Ona görə də məni yıxmağa çalışan çox adam olub və hələ də var. Çünki Nurlan Əzizbəylinin varlığı çoxlarının yoxluğu deməkdir” deyə sənətçi bildirib. Müğənni deyir ki, fəxri ad alması üçün müraciətləri cavabsız qalıb. “Çox müraciətlərim olub, amma “gözlə” deməklə hər dəfə məni yola veriblər. Son illərdə də dedilər ki, çalışdığın yerdən təqdimat verilsin. Uzun illərdir Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblının aparıcı solistlərindənəm. Müraciət etsəm də təqdimatımı vermirlər. Mütəmadi olaraq bir çox dövlət tədbirlərində, qastrollarda oluram, amma dəyərim, qiymətim verilmir. Zaman gözləmir. Yəqin ki, ya ölməyimi, ya da çıxıb getməyimi gözləyirlər. Sənət aləmində çox nadir hallarda təmiz adla nələrəsə sahib olmaq olur. İndi sənəti olanlar yox, olmayanların zamanıdır. Ümumiyyətlə hansı sahədə olursansa ol, ən əsası insanda şans olmalıdır. Barmaqla sayılası 1-2 kişi sənətçilərimiz var ki, yaxşı dolanırlar. Qalanları isə mənim kimi sənəti olub, amma dolanışıqları çətin olanlardır. Təbii ki, söhbət əsl sənəti olanlardan gedir. Hamısına şamil olunmur” deyə müğənni deyib. Geri qayıt |