Əsas Səhifə > Şou-biznes > “O da özünə sənətkar deyir, bəlkə də kənardan özünə baxsa...”
“O da özünə sənətkar deyir, bəlkə də kənardan özünə baxsa...”17-12-2022, 10:13 |
“Bu gün həqiqətən də hər birimiz qürurluyuq. Qürurluyuq ki, bizim 30 ilə yaxındır ki, torpaqlarımız işğal altında idi və müzəffər ordumuz onları işğaldan azad etdi. Hər bayramda, xoş günlərdə arzumuz bu idi ki, inşallah gün gəlsin, bu verilişləri Qarabağda edək. Bu gün həmin gündür. Artıq bayramlarımız da bir başqa cür qeyd olunur. Bizə bu zəfəri qazandıran igid, cəngavər övladlarımızı da unutmuruq. İnşallah ki, 2023-cü ildə də qara dumanlar ölkəmizin başı üstündən çəkilər. Ölkəmizə bayramlar, xoş günlər yaraşır. Mənim anamın uşaqlığı Şuşada keçib. Onun bir tərəfi Şuşalıdır. Ən böyük arzusu idi ki, yenidən bizimlə Şuşaya getsin. Amma ona qismət olmadı. Allah dünyasını dəyişən bütün valideynlərə rəhmət etsin” DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Simarə İmanova deyib. O daha sonra əlavə edib. “Muğam sənəti elə bir sənətdir ki, bu sənətdə ustad görməsən uğur qazanmaq mümkünsüzdür. Biri var ki, həvəskar bu sahəyə gəlirsən, biri də var ki, sən muğamı dərindən öyrənib, kiminsə məktəbini görürsən. Sənin ustadın olur. Sən ondan görüb, götürürsən. Şəxsən mən özüm də hər zaman çalışıram ki, nələrsə öyrənim. Kim deyirsə mən hər şeyi bilirəm, ona inanmayın. Demək ki, o artıq bitib, tükənib. Sənətkar o vaxt sənətkar olur ki, kimisə yamsılamır, öz xüsusi yaradıcılıq yolu olur. Mədəniyyət və İncəsənət universitetində pedaqoji fəaliyyətlə məşğulam, tələbələr yetişdirirəm. O vaxt heç bir valideyn istəmirdi ki, övladı müğənni, aktyor olsun. Amma bu gün heç bir istedad ölmür. Sevindirici bir haldır ki, istedadlılara valideynləri də dəstək olur” deyə sənətkar bildirib. Xanəndə bildirib ki, bu gün sənətçilərin tanınması üçün çox böyük imkanlar var. “Bu gün xanəndələr tanınır, efirlərə çıxır, müsabiqələrdə iştirak edirlər. Vallah bizim vaxtımızda belə deyildi. Bir dövlət kanalı var idi, ora çıxmaq da həddindən artıq çətin idi. Bu gün tanınmaq üçün çox imkanlar var. Tanınmaq asandır, amma xalq tərəfindən sevilmək çətindir. O sevgini də qoruyub saxlamaq lazımdır. Bizim nəsil sənətkarların tanınmaq, şöhrət qazanmaq fikrim heç vaxt olmayıb. Bu gün istəyirlər ki, tanınsınlar, pul qazansınlar. Sənət isə kənarda qalır. Hər şeyi vaxtında etmək lazımdır” deyə xanəndə bildirib. Simarə İmanova efirdəki bəzi aparıcılardan da gileylənib. “Bəzən efirlərdə aparıcılar sənətçini elə bir şişirdilmiş formada təqdim edirlər ki, adam sənətdə olmağına görə utanır. Bu cür halları mən qəbul etmirəm. Hər insana sənətkar deyilmir. Allah dünyasını dəyişən sənətkarlara rəhmət etsin, həyatda olanlara isə can sağlığı versin. O ustadlar özlərinə heç vaxt sənətkar deməyiblər, amma dünənki uşaq özünə sənətkar deyir. Bu kənardan çox pis görünür. Bəlkə də özlərini kənardan görsələr heç vaxt özlərinə sənətkaram deməzlər” deyə xalq artisti bildirib. Geri qayıt |