Əsas Səhifə > Şou-biznes > "Futbolçularımız bu meyxana ilə qalib gəldi"
"Futbolçularımız bu meyxana ilə qalib gəldi"16-12-2022, 09:18 |
Məşhur “Yaşa, Azərbaycan!” meyxanasının Şuşa-Xankəndi yolunda keçirilən ekoloji aksiyada səsləndirilməsi bəziləri tərəfindən tənqidlə qarşılanıb. Meyxana əvəzinə, xalq mahnılarımızın səsləndirilməsinin daha münasib olduğunu təklif edənlər var. DİA.AZ-ın məlumatına görə, “Yaşa, Azərbaycan”ın müəllifi və ifaçısı Nurlan Ordubadlı Pravda.az-a açıqlamasında bildirib ki, kim tənqid edirsə, ermənidir, bizdən deyil. ““Yaşa, Azərbaycan”ı məktəblərdə şagirdlərimiz himn əvəzinə oxuyurlar. Futbolçularımız bu meyxana ilə qalib gəldi. Türkiyədə 70 min tələbə “Yaşa, Azərbaycan” oxudu. Azərbaycanda keçirilən “Son zəng” tədbirlərində, demək olar, bütün bayramlarda bu mahnı səsləndirilir. Cənubi Azərbaycanda 40 milyon tərəfdarı olan “Traktor” futbol klubu İran çempionatının final matçından öncə “Yaşa, Azərbaycan”ı avtobusda oxudu. “Youtube”da baxa bilərsiniz, elə ermənilər var ki, “Yaşa, Azərbaycan” mahnısına qulaq asır, bəyənirlər, bəyənməyən ermənilər də var. Biz faktla danışırıq. Pakistanda da televizya proqramlarında “Yaşa, Azərbaycan” mahnısını səsləndirirlər. Mən iştirak etməsəm də, istər Azərbaycanda, istərsə də dünyanın harasında olur-olsun, elə bir toy yoxdur ki, birinci “Yaşa Azərbaycan” səslənməsin. “Yaşa, Azərbaycan”sız toy keçmir. Toyların 80-90 faizi “Yaşa, Azərbaycan”la açılır. Bizim millətimiz gözəl millətdir, ağı qaradan seçməyi bacarır. Bəziləri gündəmdə qalmaq xatirinə mahnıda bir sözü beş dəfə təkrar edirlər. Bizim mahnılarımızın çoxu ən azı altı dəqiqədir. Zövq alaraq qulaq asırlar. 8 noyabrda “Zəfərindir, Azərbaycan” çıxıb. Müharibənin üçüncü günü ilk dəfə “Qarabağdan” mahnısını yazmışıq. “Yaşa, Azərbaycan”ı müharibənin 34-cü günü yazmışam. “Türkiyə-Azərbaycan”, “Can Azərbaycan” mahnıları da var. Müharibədən sonra Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Qarabağda ilk dəfə konserti mən vermişəm. Hadrut, Suqovuşan, Fərrux, Şuşa... “Şuşa Azərbaycan”ı ilk dəfə Şuşada oxumuşam. Xalq sevib, dinləyir. Xalq bunu dinləməlidir, çünki biz xalqın dilindən danışırıq. Bəzi müğənnilər kimi reklam xatirinə danışmırıq, buna görə də xalq bizi sevir. İki yaşdan tutmuş səksən yaşa qədər hamısı bizə qulaq asır. Mükafat da almışıq. 44 günlük müharibədə medal verilib, vəsiqəsi də var. Qramotlar da verilib. Dekabrın 17-si “Yaxt klub”da dövlət tədbirində olacağam. Xalq artistləri də iştirak edəcəklər, buna baxmayaraq, ilk mən çıxış edəcəyəm”, - N.Ordubadlı bildirib. O qeyd edib ki, Şuşa-Xankəndi yolunda keçirilən aksiyadan ona görüntülü zəng ediblər: “Orda baş verənləri görürəm. Aksiyaya münasibətimiz çox gözəldir. İnanırıq ki, hər şey yaxşı olacaq. Biz də olanları xalqı dilindən yazırıq, əlimizdən gələni edirik. Kim istəsə də, istəməsə də, xalqın gözü tərəzidir. Hazırda səhhətimdə problem olduğu üçün evdən çıxa bilmirəm. Həm də dövlət tədbirləri olduğuna görə aksiyaya gedə bilməyəcəm”. Geri qayıt |