Əsas Səhifə > Şou-biznes > "Heç kəs mənə qarşı nə hörmətsizlik, nə də saymazlıq edə bilməz"
"Heç kəs mənə qarşı nə hörmətsizlik, nə də saymazlıq edə bilməz"12-12-2022, 09:58 |
Məşhur müğənni Elnarə Xəlilova Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir: - Elnarə xanım, nə vaxt sizinlə danışırıq, ya klip çəkilişlərində olursunuz, ya da ki, digər sənət layihələrinizə hazırlaşırsınız. Həqiqətən də sizdən çox klip çəkdirən sənətçi yoxdur. Amma təəəssüflər olsun ki, həmin klipləri yutub platformasından başqa heç bir yerdə görmürük... - Kliplərimi televiziyalar ara-sıra nümayiş etdirirlər. Məsələn, 2 gün öncə Space tv-də getdi. Hətta çəkib vatsap statusumda da paylaşmışdım. Bundan başqa Tmb-də və Mtv-də də tez-tez gedir. Yenə də klip çəkilişindəyəm. Bu dəfə sözləri Kəmalə Rüstəmzala, musiqisi isə Aynur Adilqızına aid olan “Yeni il” mahnısına klip çəkdirirəm. Bu layihədə El Yaradıcılıq Mərkəzinin 15-ə yaxın üzvü iştirak edir. - Siz bu mərkəzdə tələbələr yetişdirirsiniz. Onlar üçün də təmənnasız işlər görürsüz. Ötən müsahibələrimdən birində dünyagörmüş bir sənətkara deyəndəki filankəs dərs deyir, cavabında dedi ki, o özü nə bilir ki, tələbəyə də nəsə öyrətsin? Sizcə pedaqoji fəaliyyətlə məşğul olmaq, dərs demək üçün mütləq qoca yaşda olmaq lazımdır? - Hər kəsin fikrinə hörmətlə yanaşıram. Əminəm ki, mənim də öyrədə biləcəyim nələrsə var. O boyda konservatoriya bitirmişəm, xalq artistlərindən dərs almışam. Magistr dərəcəm olduğu üçün pedaqoji fəaliyyətlə də məşğul ola bilərəm. Hər halda mənim yetişdirdiyim sənətçilər də göz qabağındadırlar. Avroviziya səhnələrinə qədər gedib çıxıblar. Onların da nümunə üçün göstərə bildikləri tələbələri varsa buyurub göstərsinlər. - Çoxuşaqlı ana olmağınız hər dəfə müzakirə olunur. Bu sizin sənətinizə mane olmursa, belə olan vəziyyətdə belə azuşaqlı, subay müğənnilərdən çox işləyirsinizsə, bu kimləri narahat edir? - Bunu bilmirəm, amma mənim heç kəsi narahat etmək niyyətim yoxdur. Heç kəsin əlini-ayağını tutmamışam. İstəyirlər işləsinlər, istəyirlər dünyaya övlad gətirsinlər. Hamısına uğurlar arzu edirəm. - Sizcə sənətdə hansı lazım olmayan şeylər çoxdur və lazım olan şeylər isə çatışmır? - Sənətdə elə sənətin özü çatışmır. Mən hər zaman özümü sənət fədaisi adlandırıram. Çünki nə olursa olsun, sənətimə hər zaman vaxt, pul, enerji, əmək sərf edənlərdənəm. Hamıya da bunu arzu edirəm. - Elnarə xanım, siz efirlərə gedəndə "mənimlə birlikdə qonaq kim olacaq?" deyə soruşursunuz? Olmadı elə, oldu belə, bəyənmədiyiniz ifaçı olarsa durub gedərsinizmi? - Mən efirlərə gedəndə qoyduğum yeganə şərt tələbələrimlə gələcəyəm şərtidir və bunu hər kəs bildiyi üçün elə məni hər zaman onlarla dəvət edirlər. Ona görə də bir verilişdə başqa heç kimə, heç bir müğənniyə yer qalmır (gülür). - "W-trio" sizə nə qazandırdı? - “W-trio” ilk növbədə mənə Vaqif Gərayzadəni qazandırdı. Bu gün də dostluğumuz davam edir və bu gün də hər bir başlanğıclarımda böyük kimi o mənim yanımdadır. Mərkəzimizə də qonaq dəvət etmişdik. Sağ olsun, bizi qırmadı gəldi. Tələbələr də onu çox sevdilər. O da onları. - Tək Vaqif Gərayzadəni? - Dəvəti nəzərdə tutursunuzsa həmkarlarımın hər birinə qapımız açıqdır. Dostluğu nəzərdə tutursuzsa-bəli, “W-trio” mənə yalnız Vaqif Gərayzadəni qazandırdı. - Deyirlər ki, insanın ən yaxın dostu həyat yoldaşıdır. Siz necə, həyat yoldaşınızla dost ola bilmisiniz? - Mənim həyat yoldaşım bu həyatda hal-hazırda dayana biləcəyim, söykənə biləcəyim bəlkə də yeganə adamdır. İlk növbədə o mənim dostumdur, sirdaşımdır. Çox şadam ki, onunla hər mövzuda çox rahat şəkildə debat apara bilirəm. - Elnarə Xəlilova həqiqətən də hamı ilə dil tapan, çox yola gedən bir insandır. Bu illər ərzində kimlərlə dil tapa bilmədiniz? - Elnarə Xəlilova hamı ilə dil tapan, ünsiyyəti sevən, dostluq etməyi bacaran, olduqca mehriban və gülərüz, ürəyi yuxa insandır. Və çox zaman onun bu xüsusiyyətlərindən sui-istifadə edə bilənlər tapılır. Amma onlar bilsinlər ki, mən heç kəsə haqqımı və hüququmu tapdalamağa icazə verə bilmərəm. Heç kəs mənə qarşı nə hörmətsizlik, nə də saymazlıq edə bilməz. Ehtiyac olarsa hüquqlarımın müdafiəsi üçün hüquq mühafizə orqanlarına belə müraciət edə bilərəm. Bunu bu gündən belə hər kəs belə bilsin və davranışlarına diqqət etsin. Geri qayıt |