Əsas Səhifə > Şou-biznes > “Mən kişi kimi qadınam, ər nəyimə lazımdır...
“Mən kişi kimi qadınam, ər nəyimə lazımdır...10-12-2022, 09:40 |
“Mən kişi kimi qadınam, ər nəyimə lazımdır? Ailə həyatı qursaydım gənclik illərimdə qurardım. Mən balalarımı tək böyütmüşəm. Onların əziyyətini çəkmişəm, kipriyimdə od götürmüşəm. Mənim brilliant kimi 3 nəvəm var. Allah onların toylarını görməyi mənə nəsib etsin. Bu sadəcə olaraq Elgiz Əkbərin yeni il qabağı bir zarafatı idi. Kübra xanıma elçi düşən özü utanar. Sadəcə olaraq “Elgizlə izlə” verilişinə 63 yaşlı bir kişi evlənmək üçün müraciət etmişdi. Kişidən soruşdum ki, nəyin var? Dedi ki, heç nəyim! Dedim ki, 63 yaşında sənə kim gəlsin?! Bu yaşda evlənmək eşqinə düşən kişi düşünməlidir ki, qadın mənə nəyə görə gəlsin?! Evin yox, eşiyin yox, ağzında bir dişin də yoxdur. Kim rahat həyatını buraxıb sənə gələr?! Dedim ki, get ağlını yığ başına, o arvadının ayaqlarından öp, səni bağışlasın. O qadın sənin üçün 5 övlad dünyaya gətirib”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, məşhur aktrisa Kübra Əliyeva deyib. O, ailə həyatı qurması ilə bağlı yayılan xəbərləri yalanlayıb. Aktrisa bildirib ki, artıq rahat həyat yaşayır. “Hər yaşın öz gözəlliyi olduğu kimi, bu yaşın da öz gözəlliyi var. Çox gözəl yaşdır. Övladlarımı böyütmüşəm, onların da öz övladları var. Demək olar ki, əziyyətim bitib. Kübra xanım özü üçün yaşayır. Düzdür, bəzən problemlər olur, onları həll etməyə çalışıram. Şükür Allaha ki, çətin, ağır günlərim geridə qaldı. Oğluma görə əziyyət çəkirdim, Allah heç bir balanı yoldan çıxarmasın. Evdə yeməyimi hazırlayıram, özümə və nəvələrimə qulluq edirəm. Nəvələrim gündə gəlib mənə baş çəkirlər. Bu gözəllik deyil, bəs nədir?” deyə sənətkar bildirib. Kübra Əliyeva deyib ki, 50 ildir ki, avtomobil idarə edir. “Gecələr maşın sürmək istəmirəm. Düzdür, gözlərim yaxşıdır, amma özüm istəmirəm. Çünki şəhərdə maşın çoxdur. 50 ildir ki, maşın idarə edirəm. 5-ci avtomobilimdir. Daha maşın almayacamş 70 yaşından sonra sürücülük vəsiqəsini 2 illik verirlər” deyə o bildirib. Kübra Əliyeva teatr üçün darıxdığını amma bununla belə heç vaxt səhnəyə qayıtmayacağını da bildirib. “O gün teatrımızın aktrisası Zemfira Nərimanova ilə məclislərdən birində görüşdük. Zemfira məni, mən də onu qucaqlayıb ağladıq. Mənə dedi ki, sənin yerin görünür. Hər insana nəsib olmur ki, düşdüyün kollektiv səni ürəkdən sevsin. Mən o kollektivi, onlar da məni sevdi. Bu gün teatrda işləmək çox çətindir. Teatrın özünə baxanda ağlamağım gəlir. Binamız ortalıqda qalıb, sağından və solundan yol keçir. Əvvəl qabağında yer var idi, maşınlarımızı orada saxlayırdıq. Teatrdan getməyimə qətiyyən peşman deyiləm. Bu gün yuxularıma da teatr gəlir. Həmkarlarımın heç biri səhnədə yoxdur. Nə Telman yoxdur, nə Siyavuş, nə də ki, Hacıbaba. Bir dəfə Nəsibə xanım gözəl bir söz demişdi. Demişdi ki, odu söndürüb, külü ilə oynayıram. Çünki Bəşir Səfəroğlu və Lütfəli Abdullayev artıq həyatda yox idilər. İndi mən də gəlim kiminlə oynayım?! Bu günlərdə çox hörmətli Aqil Abbasın aktyorları müdafiə etdiyinin şahidi oldum. Əgər aktyorların problemlərini Milli Məclisinin deputatı ürək yanğısı ilə işıqlandırırsa, bunu yalnız alqışlamaq olar. Mən çox hörmətli Qənirə xanıma da sidq ürəkdən təşəkkür edirəm. O biz sənətkarlara çox böyük diqqət göstərir və bizləri qoruyur” deyə sənətkar bildirib. Geri qayıt |