Əsas Səhifə > Şou-biznes > “Səhnədə səni alqışlayan zaman kommunal xərclərin, kirayə pulu, kreditin yadına düşür...”

“Səhnədə səni alqışlayan zaman kommunal xərclərin, kirayə pulu, kreditin yadına düşür...”


7-12-2022, 09:25
“Səhnədə səni alqışlayan zaman kommunal xərclərin, kirayə pulu, kreditin yadına düşür...”
“Əslində filmə və seriala çəkilməkdən çox yorulmuşam. Vallah teatrdan yaxşı maaş alsam, heç gedib çəkilmərəm. Çünki başdan-ayağa əziyyətdir. Bütün günü setdə olursan, evdən səhər çıxıb o biri gün evə qayıdırsan. Hal-hazırda “Sevgisizlər” adlı internet serialına çəkilirəm. O ki, qaldı film və seriallara dəvət almamağıma... Mən bahalı aktrisayam, rejissorların pulları çatmır mənim qonorarımı verib, dəvət etsinlər. Ucuz qonorara çəkilmirəm. Onların da qonorarı yoxdur (gülür). Əslində hamısı dost-qardaşdır, amma nə vaxta kimi dosta, qardaşa işləməliyəm?! Onlar bir az artıq versin, mən dolanım. Bəzən deyirlər ki, dostsan, kömək et. Adam nə qədər kömək edər?! Mən uşaqlara yemək yedirtməliyəm, dost-qardaş yox! Onlar bir az artıq versinlər, özümə gün ağlayım, ev tikim. 19 ildir ki, kirayədə yaşayıram”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası Mətanət Eres deyib. O, daha sonra əlavə edib.

“Kirayələrdə qalmağıma səbəb sənətimə qiymətin verilməməsi olub. 29 ildir ki, işləyirəm. Bu qədər işləyirsən, ora qaçırsan, bura qaçırsan. Elə də böyük miqdarda pul qazanmırsan ki, özünə gün ağlayasan. Hələ xəstə uşaqla ümumiyyətlə mümkün deyil. Bilmirsən kirayə verəsən, yoxsa kommunal xərcləri ödəyəsən. Hər şey bahalaşıb. Adam hansına qaçsın?! Bəzən deyirlər ki, aktrisalar əla yaşayır. Əslində biz göz önündə olan insanlarıq. Hamı elə bilir ki, dərdimiz, problemimiz yoxdur. Bütün günü deyib-gülürük. O qədər problem, dərd-sərimiz var ki. Sadəcə biz o səhnədə olduğumuz iki saat ərzində hər şeyi unuduruq. Səhnədə səni alqışlayan zaman bütün kommunal xərclərin, kirayə pulu, kredit yadına düşür. Camaat necə, biz də elə dolanırıq. İmkanı olan sənətçilər də var. Onlarda ya təməl elə qurulub, ya da ki, hansısa biznesləri var. Bu sənətlə onları etmək çox çətindir. Bilmirəm, bəlkə də naxışım gətirməyib. Mənim bacardığım bu işdir. Bu işə də verilən maaş, qiymət, dəyər budur. Əlini vəlinin başına qoyub vəlini əlinin başına bu aydan o biri aya ötürə-ötürə gedirik. Ümid edirəm ki, bəlkə bizim tərəfə də gün doğar. 19 ildir ki, gün doğur, sonra buludun arxasına girir. Ümid ancaq ona qalıb ki, uşaqlar böyüyür, bəlkə onlar nəsə edə bilər. Mən bu sənətlə uşaqlarıma gün ağlaya bilmədim, ancaq ehtiyac içərisində yaşayırsan. Uşaqlarıma deyirəm ki, çaşarsınız birdən bu sənətə gələrsiniz! Heç vaxt istəmərəm, imkan da vermərəm” deyə sənətçi bildirib.

Mətanət Eres verilişlərdə ekspert qismində oturan sənətkarları qınayanlardan da danışıb.

“Verilişlərə ekspert qismində çıxan sənətkarların özləri müəyyən həyat məktəbindən keçmiş insanlardır. Bu həyatın şirinini, acısını yaşayanlar, başı daşdan-daşa dəymiş insanlardır. Çünki onlar həmin situatsiyanı yaşayıblar, məsləhət verə bilərlər. Kim nəyi necə görüb, düşünürsə bu hər kəsin öz fikridir. Guya bizim öz dərdimiz, sərimiz yoxdur?! Orada oturan şəxs demək ki, özü kiməsə məsləhət verə bilər. Aktyor adam deyil?! O kiməsə məsləhət verə bilməz?! Biz sadəcə göz önündə olan insanlarıq, ona görə də qınanırıq. Göz önündə olmayanlar elə hoqqa verirlər ki, deyiləsi deyil” deyə aktrisa bildirib.

Geri qayıt