Əsas Səhifə > Şou-biznes > "Yalandan birinin üstünə beşini də qoyub danışırlar"
"Yalandan birinin üstünə beşini də qoyub danışırlar"30-11-2022, 10:19 |
“İnsan öz üzərində çalışır, uğur qazanır, məşhurlaşır və düşmənləri artır. Hər zaman belə olub, olacaq da. Heç vaxt istəməmişəm ki, kimsə problemlərimi bilsin. Onları hər kəsdən gizlətmişəm. Çünki bizim insanlar 5-in üstünə 10-da qoyub danışırlar. Mən belə şeyləri götürmürəm, ona görə də maqazin verilişlərindən, ümumiyyətlə verilişlərdən uzaq gəzirəm. Çalışıram ki, heç müsahibə də verməyim. Bəzən elə məsələləri, mövzuları işıqlandırırlar ki, baxırsan ki, heç səninlə bağlılığı yoxdur. Başımı aşağı salıb sənətimlə məşğul oluram, bu da mənə rahatlıq verir”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, sevilən müğənni Almaz Ələsgərova deyib. O daha sonra əlavə edib. “Bilirsiniz ki, mən artıq bir neçə ildir ki, Akademik Musiqili Teatrda çalışıram. Sənət elə bir şeydir ki, gərək sənə təkan verən olsun. Direktorumuz Əliqismət Lalayev həqiqətən də aktyorlara qiymət verən bir insandır. O bizim teatrımızın gözəlləşməsinə, irəli getməsinə çox böyük imkanlar yaradıb. Bizim teatr hər zaman fərqli olub. Biz ona arxalanıb teatrda çalışırıq. Həm tanınmaq baxımıdan, həm də qazanc baxımından müğənnilikdə daha böyük şans var. Aktrisalıqda bu sadaladıqlarım azdır” deyə müğənni bildirib. Almaz Ələsgərova ona dəvət gələn duet təkliflərindən də danışıb. “Mənə çox duet təklifləri gəlir. Son illərdə həmkarım, həm aktyor, həm də müğənni Emil Heydərovla duetlərim çıxır. Onun istedadına çox bələdəm, bir teatrda çalışırıq. Emilin səsi ürəyə yatımlıdır. Mənim səsim də onun səsi ilə uyğunlaşır. Səs var ki, uyğunlaşmır, səninki aşağı olur, onunki yuxarı. Gözəl repertuar hazırlamışıq. Allaha şükürlər olsun ki, mahnılarım hər zaman sevilir. Hara gedirəmsə köhnə mahnılarımı istəyirlər. Deyirəm ki, yeni mahnılar da yazdırmışam, bəs onları nə vaxt oxuyum?!” deyə sənətkar bildirib. Almaz Ələsgərova ustadı, görkəmli sənətkar Rəşid Behbudovdan da danışıb. “Mən çox xoşbəxt və şanslıyam ki, dahi Rəşid Behbudovu tanımışam, onun sənətindən faydalanmışam. O vaxt mənim 18 yaşım var idi. Rəhbəri olduğu Mahnı teatrına məni solist kimi qəbul etdi. Həmişə deyirdi ki, qızım sənin qanında, nəslində sənət adamı var? Mənim də anam müğənni, tar çalan idi, dayım Cahangir Cahangirov, iki dayım da rəqqas olub. Mən də dedim ki, xeyr. Amma mənə dedi ki, sənin səsin heç kimin səsinə oxşamır, fərqlidir. O tam başqa bir insan idi, sənətə başqa cür yanaşırdı. O bir bilsəniz səsini necə qoruyurdu? Avqust ayı idi, biz hamımız qısa qolda gəzirdik. Amma Rəşid müəllim boğazlı köynək geyinirdi, hələ üstündən bir şarf da atırdı. Səsi də bülbül kimi idi. İstər danışanda, istərsə də oxuyanda” deyə müğənni bildirib. Geri qayıt |