Əsas Səhifə > Şou-biznes > “Evə gələndə gördüm ki, Eyvaz tək-tənha oturub, üz-gözü də...”

“Evə gələndə gördüm ki, Eyvaz tək-tənha oturub, üz-gözü də...”


28-11-2022, 09:23
“Evə gələndə gördüm ki, Eyvaz tək-tənha oturub, üz-gözü də...”
“Kim hansı səviyyədədirsə o cür musiqiyə də qulaq asmağa ixtiyarı çatır. Bayağı musiqinin də öz həvəskarları var. Hamı səviyyəli, sanballı mahnılara meyl edə bilməz axı. Burada təfəkkür də rol oynayır. Adam var ki, təfəkkürü yüksəkdir simfoniyaya, klassik musiqiyə, klassik mahnılara qulaq asır. Mahnı var ki, bizim fiziki hisslərimizə təsir edir, durub oynayırıq, əhvalımız gözəlləşir. Mahnı da var ki, bizi düşündürür. İnsanlar mahnı seçimində sərbəstdirlər. Biri var xalq, biri də var kütlə. Kütlə bayağı mahnılara qulaq asır. Xalqın elitası da, ziyalıları da var. Burada söhbət ziyalılıqdan da getmir. Çoban var ki, sizin üçün elə qəzəllər, şeirlər deyər ki, mat qalarsınız. Xalqın elə fəhlələri var ki, ziyalı onun yanında söz deməyə utanar. Amma elə savadlılar da var ki, zövqləri çox aşağı səviyyədədir”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında sevilən müğənni, əməkdar artist Təranə Vəlizadə deyib. O daha sonra heç vaxt plastik əməliyyat etdirmədiyini bildirib.

“Heç vaxt plastik əməliyyat etdirməmişəm. Mən tamaşaçıları aldada bilmərəm, bunu özləri də görür. Müəyyən yaşa qədər Allah sənə gözəllik verir. 35-40 yaşından sonra gözəlliyimiz solur, yerini daxili gözəlliyə verir. Müəyyən yaşdan sonra isə daxilindəkilər üzünə vurur. Gözəllik daxildən, içdən gəlir. Əgər daxilimiz zəngindirsə, paxıllıq, riyakarlıq yoxdursa, bir-birimizə pislik etmiriksə, böhtan-şər atmırıqsa o zaman iç dünyamız bütün çöhrəmizi bürüyür. Biz də nurlu oluruq. Camaat bunu gözəllik kimi qəbul edə bilər, amma bu nurdur” deyə sənətkar bildirib.

Sənətkar “Qal, sənə qurban” mahnısının müğənni həyat yoldaşı Eyvaz Həsənovun onun üçün yazdığını bildirib.

“Mən belə düşünürəm ki, bu mahnı mənə yazılıb. Biz yeni ailə həyatı qurmuşduq, 3 ayın gəlini idim. Nəsə baş vermişdi, küsüb ata evimə getmişdim. Yeni ailələrdə belə hallar tez-tez baş verir. Evə gələndə gördüm ki, Eyvazın boğazı şişib, üzünü saç-saqqal basıb, tək-tənha oturub. Baxıb gördüm ki, masanın üzərində həmin şeir var. Fikirləşdim ki, bu şeiri Eyvaz mənə yazıb. Başqasının şeirini mənim üçün yazıb, ora qoya bilməz axı. Qaynanam da gəldi, onu danladı ki, ay oğul, xanəndə adamsan, özünə fikir ver. Durub oturdu, dərman falan içdi, vəziyyəti yaxşılaşdı. Bəhram Nəsibovla çox yaxın dost idi. Gəldilər, oturdular bu mahnını səsləndirdilər. Biri tarda çaldı, biri də pianoda. Bir də gördüm ki, Eyvaz bu mahnını oxuyur. Mən də belə fikirləşdim ki, bu Eyvazın mahnısıdır, mənə həsr edib” deyə sənətkar bildirib.

Geri qayıt