Əsas Səhifə > Şou-biznes > “İkimiz də eyni taleyi yaşayırıq, əzizlərimizi itirmişik”

“İkimiz də eyni taleyi yaşayırıq, əzizlərimizi itirmişik”


22-11-2022, 09:43
“İkimiz də eyni taleyi yaşayırıq, əzizlərimizi itirmişik”
““Əhməd haradadır?” filmində çəkildiyim tərəf müqabilim, Gürcüstanın xalq artisti Nonna Paçuaşvilini düz 40 il görüşməmişəm. Kinonun 40 illiyini qeyd etdik və Nonna xanımı Azərbaycana dəvət etdik. O vaxt qatarlar işləyirdi. Nonna xanım qatardan düşəndə mən onu tanımadım. Çox isti münasibətimiz olub. Bu günlərdə Arb kanalında yayımlanan “O üz” verilişində Nonna xanımla uzun illər sonra görüşdük. Mən verilişin rəhbərinə, bütün kollektivinə təşəkkürümü bildirirəm ki, bizi yenidən bir araya gətirdi. O mənə hədiyyələr təqdim etdi. Nonna həqiqətən də çox güclü xanımdır. Bilirsiniz ki, Nonna xanım filmə çəkiləndə onun həyat yoldaşını Bakıda maqnitofondan tok vurub, öldürüb. Bu onun üçün nə qədər ağır olsa da Gürcüstanda həyat yoldaşının yasını verəndən sonra Bakıya qayıdıb, filmə çəkildi”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Elxan Qasımov deyib. O, daha sonra bildirib ki, Nonna ilə onun taleyi də oxşardır.

“İkimiz də ən əziz adamımızı itirmişik. Eyni taleyi yaşayırıq. O da oğlunu itirib, mən də. Filmin 40 illiyində Nonna xanımı Bakıya dəvət edəndə bir oğlan yaxınlaşıb, onu dərin baxışlarla süzüb. Nonna soruşanda o zarafatca deyib ki, sən axı mənim anam olmalı idi. Bu mənim oğlum Samir olub. 2005-ci ildə mən Samiri itirdim, Nonna isə artıq o ağrını yaşamışdı” deyə sənətkar bildirib.

O, daha sonra filmin sevilmə səbəbindən danışıb.

“Filmdə həm dahi şəxsiyyətlər çəkilib, həm də böyük problemlər ortaya qoyulub. Ona görə də film bu gün də sevilir. Mənim o vaxt 18 yaşım var idi. Bu mənim ilk filmim idi və bu filmlə də kariyeramın ən yüksək zirvəsinə qalxdım. Bu filmə çəkildim, film kinoteatrda böyük anşlaqla təqdim olundu. Səhəri gün universitetə gələndə Adil İskəndərov mənə dedi ki, “qadam, səni relsə qoydum, get”. O vaxtdan bu vaxta kimi mənə “şofer Əhməd” deyirlər. Mən də zarafatca deyirəm ki, 58 ildir ki, şoferəm, bir zavqar da qoymurlar” deyə sənətkar bildirib.

Geri qayıt