Əsas Səhifə > Şou-biznes > “Bizi musiqi birləşdirib, 55 ildən çoxdur ki, birlikdəyik”
“Bizi musiqi birləşdirib, 55 ildən çoxdur ki, birlikdəyik”19-11-2022, 09:56 |
“Adətən ailədə iki sənətkar, iki musiqiçi varsa onlar bir-birlərinə mane olurlar. Amma bizdə heç vaxt bu cür maneələr yaranmayıb. Rafiq hər zaman mənim sənətimə hörmətlə yanaşıb, hətta mənimlə məşqlər də edib, o qədər məni ağladıb ki (gülür). Çünki tələbkar idi. Mən rusdilli idim, o istəyirdi ki, mahnıları yüksək səviyyədə səsləndirim. Rafiq məni sənətə həvəsləndirdi, özü isə yaradıcılığı bir kənara qoyub rəhbər işlərə getdi. Bizi musiqi birləşdirib. 55 ildən çoxdur ki, həyat yollarında birlikdə addımlayırıq”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Natəvan Şeyxova deyib. O daha sonra əlavə edib. “Ötən günləri tez-tez yada salıram. Ümumiyyətlə ötənləri yada salmaq asandır, bunun üçün adi bir şəkilə baxmaq kifayətdir. Rafiqlə tanışlığım, uşaqlarımın doğulduğu günləri xatırlayıram. Mən özümü xoşbəxt qadın hesab edirəm. Bu illər mənə həyat yoldaşımı, övladlarımı, nəvələrimi qazandırıb. Çalışmışam ki, bir qadın olaraq ailədə hər bir şey yerli yerində olsun. Yaşımı heç vaxt gizlətmirəm, 77 yaşım olacaq. Əsas rəqəm yaşı deyil, əsas mənim özümü hansı yaşda hiss etməyimdir. Efirlərə çox dəvət edirlər, daha çox birlikdə çalışdığım sənətkarlar haqda hazırlanan verilişlərdə çıxış etmək istəyirəm. Bəzən məndən müğənni kimi mahnı oxumağımı da istəyirlər. Bu mənim üçün bir az çətindir. Tamaşaçıların yaddaşında 60-70-ci illərin müğənnisi, Natəvan Şeyxovası kimi qalmaq istəyirəm” deyə sənətkar bildirib. Natəvan Şeyxova daha sonra pedaqoji fəaliyyətindən danışıb. “30 ildir ki, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğulam. Bundan əvvəl Bülbül adına orta ixtisas məktəbində çalışmışam. Tələbələrim çoxdur. Bəziləri də nədənsə bu sahədən uzaq gəzirlər. Bəzən də konservatoriyanı bitirib toylara, restoranlara gedirlər. Başa düşürəm, onlar da ehtiyacdan bunu edirlər. Təbii ki, onlar məndən öz təcrübəmi bölüşməyi istəyirlər, mən də öyrədirəm. Çox istərdim ki, onlar bizim bəstəkarların mahnılarını doğru dürüst oxusunlar, özlərini səhnədə düzgün aparsınlar. Bizdə hər bəstəkarın özünəməxsus üslubu var. Bu onların yazdığı mahnılarda da üzə çıxır. Ona görə də müğənnilər mahnını hiss edib oxumalıdırlar. Bəzən heç düzgün oxumurlar, mahnını hiss etmirlər” deyə sənətkar bildirib. Geri qayıt |