Əsas Səhifə > Şou-biznes > Bakıya qarşı addım atsa, İran içindən yanar

Bakıya qarşı addım atsa, İran içindən yanar


17-11-2022, 09:20
Bakıya qarşı addım atsa, İran içindən yanar
DİA.AZ əslən Güneydən olan ozanımız Araz Elsəsin Kult.az-a müsahibəsini təqdim edir:

- Araz bəy, son prosesləri izləyirsinizmi? Xüsusilə İranın Ermənistanla əlaqələri gücləndirməsi və Zəngəzur dəhlizinə qarşı çıxması fonunda İran-Azərbaycan münasibətlərində yaranan gərginliyi necə qiymətləndirərdiniz?

- Dırnaqarası “İran islam respublikası” artıq özünün son dövrlərini yaşayır. Özləri də yaxşı bilirlər ki, saat artıq onlar üçün geriyə doğru işləməyə başlayıb. Əslində hazırda onların özləri böyük təhdidlərlə qarşı-qarşıyadırlar. Tehran öz xalqını daxildə olan dərin problem və narazılıqlardan yayındırmaq üçün Azərbaycanı təhdid etməklə məşğuldur. Hamımız İranda vəziyyətin qarışıq olduğunu çox yaxşı bilirik və belə durumda Tehran heç vaxt hansısa xarici ölkə ilə müharibəyə girə bilməz. Azərbaycan tək deyil, Türkiyə yanımızdadır. Bunlar yalnız hədədir, təhdiddir. Əlbəttə, İran hakimiyyətinin belə iyrənclikləri, onlara çalışan casusların təxribatçı fəaliyyətləri davam edəcək. Lakin Tehranda oturanlar bunu çox yaxşı və dəqiq bilirlər ki, Azərbaycana qarşı real təhdid və təhlükə yaransa, İran içindən yanacaq. Çünki orada indi 30 milyondan çox Azərbaycan türkü yaşayır, onlar da heç vaxt buna səssiz qalmayacaq. İndi otuz il öncəki dövr deyil. İndi Cənubi Azərbaycanda milli düşüncə çox yüksək və yetkin bir səviyyədədir. Sadəcə göz qorxutmaq və güclü görünmək üçün hansısa həmlələr etməyə çalışırlar. İran bu gün Azərbaycana real təhlükə yaradacaq gücdə deyil.

- Hazırda ölkəmizdə sizin yolunuzu gözləyən minlərlə insan var. Nə vaxt Bakıya gəlməyi və konsert verməyi planlaşdırırsınız?

- Azərbaycana, Bakıya gəlməyi çox istəyirəm. Mən də soydaşlarımızla, qardaş-bacılarımla görüşüb dərdləşmək, söhbət etmək, Dədə Qorqud demişkən, boy boylamaq, soy soylamaq istəyirəm. Məndən olsa, indi qanadlanıb uça-uça Bakıya gələrəm. Ancaq əvvəlcədən konsert üçün hazırlıqlar görülməli və uyğun şərait olmalıdır.

- Soydaşlarımıza nə demək istərdiniz?

- Buna əminəm və soydaşlarımıza da demək istəyirəm ki, bir gün mütləq Bütöv Azərbaycanda görüşəcəyik. Özünüzə yaxşı baxın, əsən qalın.

Geri qayıt