Əsas Səhifə > Şou-biznes > Rəşad Dağlı ilə bağlı xəbərlərdə yolverilməz olanlar...

Rəşad Dağlı ilə bağlı xəbərlərdə yolverilməz olanlar...


11-11-2022, 08:37
Rəşad Dağlı ilə bağlı xəbərlərdə yolverilməz olanlar...
İki gündür meyxanaçı Rəşad Dağlının qətl törətdiyini deyərək polisə təslim olması, bu hadisə ətrafında gedən müzakirələr gündəmdən düşmür. Bəzi sosial şəbəkə istifadəçiləri yolverilməz şərhlər bildirərək narkotik alverçisini öldürməkdə ittiham edilən ifaçıya dəstək olmağa çalışarkən, digərləri adekvat reaksiya göstərərək qətlə heç bir halda bəraət verilməli olmadığını qeyd edirlər.

DİA.AZ bildirir ki, məsələdə diqqətçəkən məqamlardan biri də bu tipli xəbərlərin tirajlanması zamanı yol verilən səhvlər, oxucunu yönləndirmələrdir. Bəs ekspertlər nə deyir?

Hadisə ilə bağlı “Qafqazinfo”ya danışan media eksperti Ələsgər Məmmədli düşünür ki, medianın xəbərləmə siyasətində xeyli xətalar hiss olunub: “Təqdim olunan materialların hər birində ölümün təsviri var idi. Həm də konkret olaraq baş vermiş cinayətin artıq təsbit olunmuş fakt kimi təqdim olunması ciddi problemdir. Təqsirsizilik prezumsiyası baxımından hətta şəxs etiraf edib polisə təslim olsa belə, yenə də bu, sadəcə və sadəcə ehtimaldır. Məsələnin mediada geniş müzakirə olunması anlaşılandır.

Çünki nəticə etibarilə Rəşad Dağlının ictimai nüfuzu var. Media bu aspektdə müzakirələr apararkən daha çox peşəkarların mövqeyinə üstünlük versə, daha yaxşı olar. Ümumiyyətlə, bir hadisədə cinayətin qurbanı olmuş şəxsin təhriketmə ehtimalı olsa belə, cinayəti haqlı görən heç bir ictimai çıxış olmamalıdır. Çünki bu tip münasibətlər gələcəkdə də bənzəri hadisələrə nümunə təşkil edə bilər. Media xüsusilə bundan qaçmalıdır və onlar çalışmalıdır ki, heç bir halda bu məsələlər insanlarda neqativ əhval-ruhiyyə yaratmasın”.

Sosioloq Əhməd Qəşəmoğlu məsələ ilə əlaqədar “Qafqazinfo”ya bildirib ki, Rəşad Dağlını tənqid etmək məsələdən çıxış yolu deyil və bu məsələni həll edə bilməz: “Heç Rəşad Dağlı olmasın, başqa hər hansı bir şəxsin törətdiyi hadisə olsun, hadisəni törədəni tənqid etmək məsələyə birtərəfli yanaşmaqdır. Bu insanlar hər hansı kriminal aləmin üzvü, cinayətkar dəstə, terrorist deyillər. Deməli, mühit bu hadisənin ortaya çıxmağında mühüm rol oynayır. Biz elə etməliyik ki, ölkədə mühiti dəyişək.

Bunun üçün humanitar-sosial siyasətimizi dəyişməliyik. Buna görə də bəzən tələsik çağırışlar da eşidirik ki, meyxananı qadağan etmək lazımdır. Belə şey etmək olmaz. Məsələdən çıxış yolu ölkədə hadisələrə elmi baxımdan yanaşmaq, elmi tövsiyələr əsasında yumşaq müdaxilələr etməyə yönəlməlidir. Bunun üçün də ölkədə xeyli həqiqi, ciddi elmi araşdırma mərkəzləri olmalıdır. Həqiqi ciddi sosial işçilər yetişdirilməlidirlər. Onların köməyi ilə elmi təminatlı cəmiyyət olmalıdır”.

Müzakirələrin hüquqi tərəfləri barədə isə vəkil Zibeydə Sadıqova ilə danışdıq. Ailə-məişət məsələləri üzrə ixtisaslaşmış vəkilin sözlərinə görə, bizim qanunvericilik heç bir halda fərq qoymur ki, kimi öldürmək olar, kimi yox:

“Peşəsindən, kimliyindən asılı olmayaraq, adam öldürmək cinayətdir. Əgər hansısa adamın hərəkəti qanunsuzdursa, həmin şəxs barəsində şikayət edilməlidir. Bundan sonra həmin şəxslə bağlı hüquq-mühafizə orqanları tərəfindən tədbir görülür. Mətbuatdan oxuduğum qədər İsgəndər Mehdiyev Rəşad Əmirova qarşı təhqiramiz sözlərdən istifadə edib. Yaxşı olardı ki, Rəşad Dağlı bununla bağlı hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət edərdi. Heç bir cinayətə haqq qazandırılmamalıdır.

Rəşadın səmimi peşiman olması, polisə könüllü təslim olması, bu, yüngülləşdirici haldır. Bundan başqa, himayəsində azyaşlıların olması da, cəmiyyət tərəfindən sevilməsi də, hakim tərəfindən nəzərə alına bilər. Amma bu, onu məsuliyyətdən azad etmir. İctimai şəxslərin cinayətə haqq qazandırması yolverilməzdir. Bu, sabah ona yol verə bilər ki, cəmiyyət tərəfindən sevilməyən insanları rahatlıqla öldürsünlər”.

Geri qayıt