Əsas Səhifə > Şou-biznes > "Elə adam da deyiləm ki, deyim ki, ətəyimdə namaz qılmaq olar"

"Elə adam da deyiləm ki, deyim ki, ətəyimdə namaz qılmaq olar"


9-11-2022, 12:36
"Elə adam da deyiləm ki, deyim ki, ətəyimdə namaz qılmaq olar"
“Heç vaxt nostalji hissləri sevməmişəm. Elə adam da deyiləm ki, deyim ki, ətəyimdə namaz qılmaq olar. Bəndə qarşısında düşünmürəm ki, günahım olub, amma səhv hərəkətlərim ola bilər. Günahlarım, səhvlərim bəndə ilə Allah arasında bir haldır. Bu gün dünyanın yarısı yanğının içərisindədir, yarısını da sel aparır. Bunları da təbii fəlakətlə bağlayırlar. Mənəviyyatsızlıq, əxlaqsızlıq baş alıb gedir. İnsanlar həddi aşıblar”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında məşhur müğənni Akif İslamzadə deyib. O daha sonra əlavə edib.

“35 ildir ki, oxumuram. Təbii ki, səsimi itirəndə ilk anlar şok yaşadım. Sonra zaman keçəndən sonra şükür etdim ki, nə yaxşı ki, səsimi itirmişəm. Quranda bir ayə də var - deyir ki, siz elə bilirsiniz ki, bu iş sizin xeyrinizədir, amma zərərinizə işləyir, amma zərərinizə olan bir şey xeyrinizə işləyir. Zaman keçdikdə gördüm ki, xeyrimə işləyir. Yaxşısı elə budur. 3-4 kişinin yanında hörmətimiz var, vallah hörmətdən düşərdik. Amma oxuduqlarım da qızıl arxivdə saxlanılır. Akif İslamzadəyə qədər o nüansları, intonasiyaları edənlər olub ya yox?! İncəsənətdə hamının haqqı pozulub, amma müğənnilər qədəri olmayıb”, - deyə bildirib.

Sənətkar indi mahnı oxumasa da, hər zaman tamaşaçılar tərəfindən sevildiyini bildirib. O bunu belə izah edib.

“Mən hər zaman düşünürdüm ki, ailədə, nəsildə iki nəhəng insandan sonra gəlib öz sözümü deyə biləcəyəm? Mənim üçün çox çətin idi. Sənətkar əgər yeni səhifə açmırsa o başqa işlə məşğul olsa yaxşıdır. Amma övladım mənim kimi oxusa ona icazə vermərəm ki, oxusun. Mən oxumuşam, məni təkrar etmək ona nə verəcək?! Bunun nə mənası var? Bu gün sənətdə, səhnədə olan gənclər bizi təkrar edirlər. Buna görə bir növ fərəhlənirəm. Bir yandan da təəssüflənirəm, kədərlənirəm ki, nə vaxt biz yeni səhifə açanı eşidəcəyik? Fikirləşirdim ki, 4-5 ilə kimsə meydana gələcək, meydana gələnlər var, amma çox azdır. İfaçılıq sənətində böyük geriləmə var”, - deyə müğənni bildirib.

Akif İslamzadə indiyə qədər fəxri ad almamasını belə izah edib.

“Həyatda heç nə səbəbsiz deyil. 35 ildir ki, səsimi itirmişəm. Bunun 25 ili səsimi itirməyim haqqında sorğu-sual olurdu. Çalışırdılar ki, bu məsələni başqa məcraya çəksinlər ki, guya mənimlə kimsə düşmənçilik edib, səsimi bilərəkdən bu günə qoyub. Mənim niyə düşmənim olsun ki? 1990-cı illərin əvvəlində mən az müddət də olsa Bakı Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışmışam, hər zaman da onun tərəfdarı olmuşam ki, bu fəxri adlar yığışdırılsın. Yaradıcılığı mərhələli şəkildə fəxri adlara, əməkdar, xalq artistlərinə bölmək olmaz”, - deyə sənətkar bildirib.

Geri qayıt