Əsas Səhifə > Şou-biznes > “Sonuncu çəkildiyim filmdə ölürəm, elə mənim üçün də kino ölüb getdi...”
“Sonuncu çəkildiyim filmdə ölürəm, elə mənim üçün də kino ölüb getdi...”3-11-2022, 09:25 |
“Dünən doğum günüm idi, 80-dən çox yaşım var. Artıq 80 yaşda dayanmışam. Çox yerdən zəng edib verilişə zəng edirlər, müsahibə almaq istəyirlər, amma mən istəmirəm. Heç yana çıxmıram. Bu kapriz deyil. Sizlər cavansız, mənim gözəl, cavan günlərim artıq keçib gedib. Vaxtında “stop” etmək lazımdır. Evdəkilər də mənim xasiyyətimi bilir, yox dedimsə demək ki, etməyəcəm. Sonuncu dəfə İlqar Safatın “İçərişəhər” filminə çəkilmişəm. Orada filmdə ölürəm. Elə mənim üçün də kino ölüb getdi”. DİA.AZ xəbər verir ki, bunu xalq artisti, görkəmli sənətkar Elmira Şabanova uzun müddət sonra Moderator.az-a açıqlamasında deyib. Sənətkar daha sonra əlavə edib. “Kino sənətində hər şey vəhdət təşkil etməlidir, bir-birini tamamlamalıdır. Əgər ssenari zəif, rejissor güclü olarsa ortalığa yaxşı işin çıxması müşkül məsələdir. Yaxud da əksinə. Kino serial deyil. Kino tərbiyəvi əhəmiyyət daşımalıdır, insanlara düzgün yol göstərməli, necə yaşamağı öyrətməlidir. O vaxtı da bütün filmlərimizin yaxşı olduğunu demək düzgün olmazdı. O vaxt bizim filmləri xarici festivallara göndərmirdilər, Rusiya yalnız öz filmlərini yollayırdı. İndi filmlərimizin xaricə çıxması üçün yaxşı imkanlar yaradılıb” deyə sənətkar bildirib. Xalq artisti seriallardakı çatışmazlıqlardan, mövzu kasadlığından da danışdı. “Bəzən elə bilirəm ki, türk serialına baxıram. Mövzu və məzmun eynilə onlarda olduğu kimidir. Əvvəl onlar bizdən götürürdülər, indi isə biz onlardan. Hansı seriala baxırsansa villada, bahalı həyat nümayiş olunur, hamının da evdə qulluqçusu var, hamı da mafiya rəhbəridir. Ssenari ən böyük problemdir” deyə aktrisa bildirib. Xalq artisti vaxtilə sənətdə yaşadığı qadağalardan da danışıb. “Əvvəl atam, sonra isə həyat yoldaşım, rejissor Rüfət Şabanov mənə qadağalar qoydu. Həyat yoldaşımı başa düşürdüm, özü də bu sənətdə idi. O bilirdi ki, mənim istedadım var. Amma həmişə deyirdi ki, Elmira, kiminləsə bir sevgi filmində obraz ifa etsən o dəqiqə şayiə yayılacaq ki, mənə xəyanət edirsən. 40 yaşıma qədər yalnız pedaqoji fəaliyyətlə məşğul oldum. Qadağalara görə çox ağlayırdım, lap çox! Çünki kino mənim üçün başqa aləm idi, onu çox sevirdim. 40 yaşımdan sonra arzuma çatdım. Arzusunda olduğum rollar artıq geridə qalmışdı” deyə sənətkar bildirib. Geri qayıt |