Əsas Səhifə > Şou-biznes > “Tamaşaçılar elə bilir ki, şəxsi həyatım haqda danışmağa özüm maraqlıyam”
“Tamaşaçılar elə bilir ki, şəxsi həyatım haqda danışmağa özüm maraqlıyam”1-11-2022, 10:02 |
“Heç vaxt, nə sənətə gələndə, nə də ki, indi qohumlarımın adından istifadə etməmişəm. Əməkdar artist Mirvari Novruzova nənəmin bacısı idi. Elə mən də onu nənə deyə çağırırdım. Xalq artisti Əli Zeynalov da onun həyat yoldaşı idi. Onlar bizim böyüklərimiz idi. Onlar sənətdə olanda mən çox kiçik yaşda idim. Alın yazısına çox inanıram. Yəqin ki, elə mənim də alnıma bu sənətdə olmaq, aktrisa kimi sevilmək, insanların rəğbətini qazanmaq yazılıb. Sənətdə və həyatda nələri əldə etmişəmsə onlar mənim üçün göydən düşmə olmayıb. Hər bir işimin əziyyətini çəkmişəm. Kimlərinsə nifrətini, kimlərinsə sevgisini qazanmışam”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Sonaxanım Əliyeva deyib. O, daha sonra əlavə edib. “Gənclər bu gün sənətə ciddi yanaşmır. Yatıb-durub, şit zarafatlar etməklə deyil. Bu məgər sənətdir? Bir çoxlarının heç təhsili də yoxdur. Onların fikri-zikri tez tanınmaq, pul qazanmaqdır. Pul da lazımdır, şan-şöhrət də lazımdır, amma sənətinin peşəkarı olandan sonra hər şey olacaq. Biz az da almışıq, çox da almışıq amma sənətimizi sevmişik” deyə sənətçi bildirib. Aktrisa şəxsi həyatı ilə bağlı ona sual ünvanlayan şəxslərdən də danışıb. Sənətçi özünə qadağa qoyduğunu bildirib. “Sənətim hər zaman göz qabağında olub. Şəxsi həyatım gizli və şəxsi qaldığı üçün bu haqda daha çox danışırlar. Gizlədəsi bir şeyim yoxdur əslində. Mən heç bir jurnalistin qəlbini qırmıram, ünvanladıqları sualları cavablandırıram, amma yaxşı olar ki, bu suallar şəxsi yox, sənətlə bağlı olsun. Tamaşaçılar, oxucular bunu axı başa düşmür. Onlar elə bilirlər ki, mən özüm bu haqda danışmağa marağlıyam” deyə aktrisa bildirib. Aktrisa arzuladığı obrazlardan da danışıb. “Həm aktrisa, həm qadın, hər ikisi bir qadında cəmləşəndə çox çətin olur. Qadın kimi öz xoşbəxtliyini tapa bilmirsən, aktrisa kimi də bəzən istədiyin obrazı oynamağa vermirlər. Oynamaq istədiyim obrazlar çoxdur. Klassik, tarixi əsərləri çox sevirəm. Çox istərdim Anna Kareninanı oynayım. Amma bu obrazları mənə verən yoxdur. Mən çərçivəyə düşməkdən çox qorxuram. Çünki çərçivə aktrisası deyiləm, obrazlarım rəngarəng olub” deyə o bildirib. Geri qayıt |