Əsas Səhifə > Şou-biznes > “Bizim üçün öncə sənət olub, daha sonra maddiyat, əgər obraz xoşuma gəlməyibsə...”

“Bizim üçün öncə sənət olub, daha sonra maddiyat, əgər obraz xoşuma gəlməyibsə...”


14-10-2022, 09:37
“Bizim üçün öncə sənət olub, daha sonra maddiyat, əgər obraz xoşuma gəlməyibsə...”
“Mən özümü kənardan görməyi bacaran insanam. Yaşıma görə artıq elə obrazlar var ki, onları oynaya bilmərəm. Təbii ki, vaxtında istərdim. Bəxtimə nə düşübsə onları oynamışam. Yaradıcılığımın əvvəlində rejissorların bir çoxu məndən incidi. Amma material, obraz mənim xoşuma gəlmirsə ona niyə vaxtımı sərf etməliyəm?! Qonorarın çox yaxud az olmasından asılı olmayaraq yenə də öz fikrimdəyəm. Bizim aktyor nəslində sənət hər zaman öndə olub. Öncə sənət gəlirdi, daha sonra maddiyatı düşünürdük”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Bəsti Cəfərova deyib. O daha sonra əlavə edib.

“Kinolara da çəkilmişəm, televiziya tamaşalarında da rollar oynamışam, amma teatr mənim üçün birinci yerdə olub. Teatrda önəmli, daha mühüm, sanballı rollarım olub. İstər o illərdə, istərsə də bu gün. 2000-ci ildən bu günə qədər mənim üzərimdə qoyulacaq tamaşalar hazırlanıb. Mən bunu zəhmətimlə, əziyyətimlə qazanmışam. Teatra sadiq bir aktrisa olmuşam. Hər zaman teatrın qayda-qanununa tabe olan aktrisa olmuşam. Bir dəfə də olsun məşqə gecikməmişəm, məşqə hazırlıqlı gəlmişəm. Tamaşadan 2 saat öncə mən teatra daxil oluram, hazırlıq mərhələsini keçirəm. İnsan var ki, özünü sənətdə sevir, mən sənəti sevirəm” deyə sənətkar bildirib.

Sənətkar illər öncə çəkildiyi “Günaydın mələyim” filmindən də danışıb.

“Kinolara çox dəvət olunmuşam, sınaq çəkilişlərindən də uğurla keçmişəm, amma sözün düzü heç kim məni çəkməyib. Oqtay Mirqasımov məni bu filmə dəvət edəndə mənə elə gəldi ki, yenə də sınaq çəkilişlərinə gələcəm, amma alınmayacaq. Ona hörmət edib mən getdim. Mənə dedi ki, bu ssenarini yazanda elə səni nəzərdə tutmuşdum. Daha sonra dedi ki, sən təsdiq olunmusan. Yaradıcı insan sənət fəaliyyətinə başlayanda istəyir ki, həm kinoda, həm teatrda, həm də televiziyada işləri paralel getsin. Birində alınıb, o birində alınmayanda mən həyatımı teatra bağladım” deyə sənətkar bildirib.

Sənətkar seriallara çəkilməməsinin səbəblərindən də danışıb.

“Heç kimin əməyini yerə vurmaq istəməzdim, çünki həmkarlarım o seriallarda çəkilir, özüm də görürəm ki, onlar nə qədər əziyyət çəkirlər. Elə seriallarımız var ki, yaxşıdır, pis deyil. Serial ssenaridən asılıdır. Aktyora material vermək lazımdır ki, onun üzərində işləsin. Bizim sənətimiz ssenariyə bağlıdır. Teatrda komik obrazlar oynayıram, amma serialda, filmdə istəməzdim ki, komik rol oynayım” deyə xalq artisti bildirib.

Geri qayıt