Əsas Səhifə > Şou-biznes > “Allaha yalvarırdım ki, son nəfəsində anam mənə bir söz desin görüm nə istəyir?”

“Allaha yalvarırdım ki, son nəfəsində anam mənə bir söz desin görüm nə istəyir?”


7-10-2022, 08:41
“Allaha yalvarırdım ki, son nəfəsində anam mənə bir söz desin görüm nə istəyir?”
“Oynadığım obrazlarda başqalaşa bilərəm, mənfi obrazlar da yarada bilərəm, çünki aktrisayam, bu mənim sənətimdir. Həyatda özüm kimi olmaq istəmişəm, yaşamaq üçün devizim olmayıb. Özümü başqa cür qələmə vermək istəməmişəm. Nə varamsa oyam. Bu yaşdan sonra da məni dəyişmək qeyri-mümkündür. Rahatlığı işdə, çəkilişdə tapıram. Mənim üçün ən rahat istirahət işdir”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Həmidə Ömərova deyib. O, daha sonra anasının ciddiliyindən danışıb.

“Anam çox zəhmli idi. O məni aktrisa olmağa çox əziyyətlə icazə verdi. Qarşısında diz çökdüm. Bilərəkdən ki, anamın xasiyyəti ağırdır, siz təsəvvür edin mən onu necə inandırmışam. Dedi ki, “ayıbdır, bizim nəsildə aktrisa olmayıb, gül kimi oxuyursan filalogiyada”. O mənə həm də həkim olmağı məsləhət görmüşdü. Dedim ki, mənim üçün bu peşələr maraqlı deyil. Anamın son günləri heç vaxt ağlımdan getmir. Anamın xəstəliyi elə idi ki, dili tutulurdu, fikirlərini ifadə edə bilmirdi. Allaha yalvarırdım ki, heç olmasa anam son nəfəsində mənə bir söz desin, görüm nə istəyir?! Nəsə demək istəyirdi, dodaqları tərpənirdi, amma bilmirdim ki, nə demək istəyir. Bu böyük dərddir. Düzdü, atamı çoxdan itirmişdim, amma onda mən bildim ki, yetimlik nə olan şeydir. Özümə hər zaman bir təsəlli verirəm ki, biz onları itirmirik, əksinə qazanırıq. Ən zəif, ən çətin günlərimdə onun şəkilinin qarşısında dayanıb, deyirəm ki, “qurban olum mənə güc ver”. Yuxularıma çox gec-gec gəlir. Gələndə də nəsə xəbərdarlıq edir. Çətinliyə, əzab-əziyyətə dözməkdə anama oxşamışam” deyə aktrisa bildirib.

Həmidə Ömərova bildirib ki, televiziya tarixində ən çox aparıcılıq edən şəxsdir.

“Ayaz Salayev “Retro” verilişinə 1981-1982-ci illərdə aparılıcıq etməyə başladı. Daha sonra Moskvaya, təhsilini artırmağa getdi. Mən də 1985-ci ildə yeni filmlər aparırdım. Amma Ayaz artıq 3 il idi ki, “Retro”-ya aparıcılıq etmişdi. Məni kino proqram redaksiyasına dəvət etdilər ki, “Retro”-nu siz aparın. Dedim ki, “xeyr, 3 ildir Ayaz aparır, xalq ona öyrəşib, insanlar onu sevir”. Nəsə, daha sonra razılıq verdim. İlk verilişim mart ayının 8-də oldu. “İtalyansayağı nigah” filmi haqda veriliş idi. 1986-cı ildən 2007-ci ilə qədər mən “Retro” verilişinin aparıcısı olmuşam. Düz 22 il” deyə sənətkar bildirib.

Geri qayıt