Əsas Səhifə > Şou-biznes > "Maaş problemini həll etdik, maliyyə sıxıntıları..."

"Maaş problemini həll etdik, maliyyə sıxıntıları..."


6-10-2022, 09:37
 "Maaş problemini həll etdik, maliyyə sıxıntıları..."
"Space" teleradio şirkətinin rəhbəri Müşfiq Hətəmov Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Müşfiq müəllim, "Space" kanalında indi vəziyyət necədir?

- Şükür, yaxşıdır. Telekanalla bağlı nəzərdə tutduğumuz üç mərhələli anti-böhran tədbirinin birinci mərhələsini uğurla başa vurduq. Artıq ikinci mərhələyə qədəm qoymuşuq. Bu mövsümdə hədəf yeni layihələrin həyata keçirilməsi və reklam bazarında dayanıqlılığın təmin edilməsidir.

Üçüncü mərhələdə "Space" kanalının yeni konsepsiyasını elan edib, fərqli formatda efirə çıxacağıq. Çox şey ikinci mərhələni düzgün həll etməkdən asılıdır.

Bilirsiniz ki, bu gün dünyada söz audioviziual təsir vasitəsinindir. Bu da dünyanın inkişaf xətti olaraq insanların görmə və qəbul etmə şərtləri ilə dəyişir. Bunları nəzərə alıb müasir bir televiziya qurmağa çalışacağıq. Qarşımızda duran əsas məqsədlərdən biri budur.

- Yeni televiziya mövsümü başlayır. "Space"in efirində yeni layihələr və simalar görəcəyikmi?

- Bəli, efirdə bir çox yeni simalar görəcəksiniz. Təqribən 10-dan çox yeni, müxtəlif formatlı layihəmiz olacaq. İnanıram ki, bu hesaba əvvəlki illərdə olduğu kimi tamaşaçılarımızı "Space"in ətrafına cəlb edəcək.

- Siz "Space" televiziyasına rəhbər təyin edilərkən bir çox problemlər vardı. Kanalın borcu və işçilərə maaş verilməməsi kimi problemləri həll edə bildiniz?

- Əməkhaqqı problemi həll edildi. Kollektivimiz motivasiya ilə gecə-gündüz çalışır, bu, mənim üçün çox əhəmiyyətlidir. "Space" televiziyasında gözəl kollektiv var. Onlar da problemlərin həll edilməsində əllərindən gələni edirlər. Bizim uğurumuzun əsası budur. İnsanlar bizə dəstək verirlər.

- “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik etdiyiniz dövrdə “Yarımçıq xatirələr”, “Nabat”, “Dolu” , “Qisas almadan ölmə, “Çölçü”, “Nar bağı” və ümumilikdə 20-yə yaxın uğurlu filmlə yadda qaldınız. İnanırsınızmı ki, “Space” kanalında da belə uğurlu layihələriniz olacaq?

- İstəyirik ki, Azərbaycanın audioviziual məkanı beynəlxalq platformalarda öz sözünü deyə bilsin. Çalışacağıq ki, "Space" televiziyası yalnız Azərbaycan daxilində deyil, öz layihələri ilə bir çox platformalarda yayımlansın.

"Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etdiyim illərdə buna nail ola bildik. Azərbaycan filmləri 50-dən çox dövlətdə nümayiş olundu və festivallarda iştirak etdi.

İndi isə bunun televiziya formatını həyata keçirəcəyik, ölkəmizi beynəlxalq platformalarda təmsil edəcəyik. Artıq danışıqlar davam edir və çalışacağıq ki, Azərbaycan dəyərlərini, həqiqətlərini dünyaya çatdıraq. Azərbaycan mədəniyyətinin daha çox işıqlandırılmasına yer verəcəyik. Fəaliyyətimizi bu istiqamətlərdə quracağıq.

- "Space" televiziyası yerli kanallarımızla rəqabət aparırmı?

- Hər şeyi zaman göstərər. "Space" televiziyası olaraq elə bir formatda meydana çıxmalıyıq ki, seçilək və rəqabət apara bilək. Bu gün televiziyalarımız arasında keyfiyyət və reklam uğrunda ciddi rəqabət gedir.

- Aparıcı Turan İbrahimov yenidən "Space səhər"lə efirə qayıtdı. Verilişin formatı "Atv səhər" ilə eyni formatdadır, yoxsa fərqlidir?

- Turan İbrahimov tanınmış və peşəkar aparıcıdır. O, sadəcə səhər proqramında aparıcı deyil, həm də peşəkarlığı ilə bizim yanımızdadır.

- İTV-yə Balakişi Qasımovun, AZTV-yə Rövşən Məmmədovun, Xəzər TV-yə Murad Dadaşovun, "Space"ə sizin gəlişiniz Azərbaycan teleməkanında nəyi dəyişdi? Sizin oxşar və fərqli cəhətləriniz nələrdir?

- Biz fərqli dünyagörüşü və həyat təcrübəsinə malik insanlarıq. Səmimiyyətimə inanın. Haqqında danışdığımız həmkarlarımın hər biri bacarıqlı və uğurlu kadrlardır. Balakişi Qasımovun İTV-yə gəlişi ilə televiziyalarda keyfiyyət uğrunda rəqabət başladı. Sonra AzTV-yə Rövşən Məmmədovun, Xəzər TV-yə Murad Dadaşovun gəlişi ilə teleməkanda aparılan uğurlu işlər göz qabağındadır. Mənim gəlişim isə hələ ki "Space" televiziyasının böhrandan çıxarılması ilə yekunlaşır.

Ətraflı
- Hansı Azərbaycan kanallarını izləyirsiniz?

- Vaxt olduqca hər birinə diqqət yetirməyə çalışıram.

- "Space" kanalında reytinq məsələsi hansı vəziyyətdədir?

- Bir müddət kanalın reytinqində yüksəliş oldu. Sonra maddi sıxıntılara görə tədricən bəzi verilişləri bağladıq. Bu da reytinqin düşməsinə səbəb oldu. Yeni mövsümdə başladığımız yeni layihələr onu göstərir ki, reytinqimiz yüksələcək.

- Televiziyanın nüfuzunu qaldıran əsas səbəblər nələrdir?

- Televiziyanın nüfuzunu qaldıran əsas məsələ yaxşı layihələrdir və ona da maliyyə lazımdır.

- Qarşıya üç mərhələ qoyduğunuzu qeyd etdiniz. Bu mərhələnin içində əsas məsələlərdən biri də texniki problemlər idi. Bu problemləri həll edə bildinizmi?

- Hələlik qismən... Bəzi texnikaları hələ də prodakşnlardan icarəyə götürürük.

- "Space" televiziyasında digər kanallardan fərqli nə etməyi düşünürsünüz?

- Onu yaxın gələcəkdə görəcəksiniz. Televiziya elə formatdır ki, orada komponentlər yerində düzgün olmayanda və ölçülməmiş kiçik addımlar atılanda çox ağır fəsadlar verə bilər. Ona görə də tədricən hərəkət etmək lazımdır.

- Yaxın günlərdə Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyi ilə "Şuşaya salam" layihəsini təqdim etdiniz. Bu haqda məlumat verməyinizi istərdik.

- Biz bu baxımdan bir çox layihələr həyata keçiririk və bunu davam etdirəcəyik. Bilirsiniz, Prezident İlham Əliyevin Qarabağa hər gedişində yeni bir inkişaf mərhələsi görürük. Məsələn, işğaldan azad edilən torpaqlarımızda məktəblərin, su xətlərinin, gözəl binaların bünövrəsi qoyulub. Qəsəbələr salınır. Biz də bu quruculuq işlərinə dəstək olaraq çalışırıq ki, hər dəfə Qarabağa gedəndə elə bir layihə həyata keçirək, dünya görsün ki, azərbaycanlılar öz doğma yurd-yuvalarına yeni nəfəs, həyat gətirməyə qayıdıblar.

Mədəni irsimizin Qarabağda yenidən bərpası və inkişafı istiqamətində görülən işlərə "Space" kanalının töhfəsi olaraq ilk işlərdən biri martda "Yəhərlənib atlarımız" adlı layihəmizin reallaşması oldu. Bu layihə çərçivəsində Qarabağ atlarının öz doğma torpaqlarında yürüşü keçirildi. Bu layihəmizi TMB-də yayımladı.

Bununla yanaşı, kanalımızda əsgərlərimizin əl yazılarından ibarət sərgi təşkil etdik. Bilirsiniz ki, hazırda Qarabağda böyük quruculuq işləri gedir. Əsgərlərimizin yazdıqları əl yazıları silinə bilərdi. Tarixdən o yazılar silinməsin deyə biz onları toplayıb sərgi keçirdik.

Növbəti layihəmiz isə "Şuşaya salam" oldu. Layihəyə görə Mədəniyyət naziri Anar Kərimova, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara və Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğluna dərin təşəkkürümü bildirirəm. Layihənin böyük bir dəyəri var, dünyada siyasətçilərlə yanaşı ziyalıların, yazıçıların da Azərbaycanın haqq işinə münasibəti özünü göstərir. Bu məni çox sevindirdi.

Qarabağla bağlı bir neçə layihəmiz startdadır ki, onları yaxın gələcəkdə həyata keçiriəcəyik. "Space"də milli musiqimizin təbliği məqsədilə yeni musiqi yarışması başlayacaq. Bu da milli dəyərlərimizin, musiqi ənənələrimizin qorunması və təbliğində mühüm yer tutacaq.

Geri qayıt