Əsas Səhifə > Şou-biznes > “Uzun müddət xəstəliyimi tamaşaçılardan gizlətdim”
“Uzun müddət xəstəliyimi tamaşaçılardan gizlətdim”6-10-2022, 09:06 |
“Bəzən efirdə sənətçilər deyir ki, “mən varam, qoy məndən danışsınlar, mənim varlığım kimlərisə yandırır”. O sözün üstündən mən hər zaman səthi keçirdim. İnsan varlığı ilə heç kimi yandırmaz, insan ancaq yoxluğu ilə yandırar. Sən varsansa kimlərisə sevindir, başına sığal çək. Qarmonu əlimə alan kimi, birdən görürəm ki, anam gəlir durur gözümün qabağında, əzizlərim gəlir. Anamın xoşladığı musiqiləri ifa edəndə gözlərim dolur. Öz-özümə deyirəm ki, “ kaş anam da bu musiqiləri eşidərdi” DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gülbahar Şükürlü deyib. O, daha sonra əlavə edib. “2013-cü ildən xərçəng xəstəliyindən əziyyət çəkirəm. Hər zaman tamaşaçıların qarşısında özümü pozitiv, deyib-gülən göstərmişəm. Xoşlamamışam ki, kimsə mənim dərdimi, problemimi bilsin. Hamının öz problemi var. Ona görə də uzun müddət xəstəliyimi tamaşaçılardan gizlətdim. Xəstəliyimdən şübhələnmişdim, amma heç həyat yoldaşıma da deməmişdim. Fikir edən insan idi, dərd götürməzdi. Şükür Allaha ki, dərd verdi, dərman da verdi. Həyat yoldaşım rəhmətə gedəndə mənə gəlib baş sağlığı verib, deyirdilər ki, “özünü ələ al, həyat davam edir”. Mənə o sözü deyən insanlardan elə acığım gəlirdi ki. Həyat yoldaşım olmayandan sonra həyat necə davam edə bilər?” deyə sənətkar bildirib. Gülbahar Şükürlü daha sonra musiqinin insana təsirindən danışıb. “Musiqi ruhun qidasıdır. Həkimlər var ki, xəstəni musiqi ilə əməliyyat, müalicə edir. Musiqiçi olmaq üçün anadan musiqiçi doğulmalısan. Musiqini hər insan hiss etməlidir. Hərdən deyirlər ki, musiqinin dili yoxdur. Musiqi duyumu olan bir insan milliyətindən, dinindən asılı olmayaraq onu başa düşür, yaşayır. Heç vaxt ifa etdiyim musiqilərin sözlərini bilmirəm. Elə bil ki, musiqini yaddaşıma, ürəyimə, beynimə həkk etmişəm. Qarmon aləti mənim həm də dərd ortağımdır. Bəzən elə olur ki, haramsa ağrıyır. Qarmonu əlimə götürüb ifa edirəm, o ağrı-acını unuduram” deyə sənətkar bildirib. Geri qayıt |