Əsas Səhifə > Şou-biznes > "İndi kino çəkilir ki?"

"İndi kino çəkilir ki?"


3-10-2022, 08:49
"İndi kino çəkilir ki?"
“İndi kino çəkilir ki? Hanı “O olmasın, bu olsun”, “Görüş”, “Yeddi oğul”, “Dəli Kür” filmi kimi filmlər? Nə aktyor var, nə də ki, savadlı rejissorlar. Baxırsan ki, aktyordur, amma özünü göstərə bilmir, “quru” oynayır. Mənim atam ixtisasca həkim idi, amma görün necə aktyorluq nümayiş etdirib. Özü də iki filmə çəkilib. Bir “O olmasın, bu olsun” filmində, bir də “Görüş”-də. Çox istərdim ki, atam haqda filmlər, verilişlər çəkilsin. Nəinki atam haqda, böyük sənətkarların heç biri yaddan çıxmamalıdır. Atamın qızı idim, yaxşı ki, atam mənim həyatımda olub. O mənim idealımdır, hər dəfə də idealım olaraq qalacaq. Çünki mən həyatımda onun qədər gözəl insan görməmişəm”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında məşhur aktyor Arif Mirzəquliyevin qızı Teyyubə Mirzəquliyeva deyib. O daha sonra atasının əsas ixtisası olan həkimlikdən danışıb.

“Atam ixtisasca həkim olsa da, Moskvada İncəsənət universitetini bitirib. Babam istəmirdi ki, atam aktyor olsun. Ona görə də ondan tələb edir ki, ixtisasını dəyişsin. O vaxt axı aktyorluğa normal baxmırdılar. Buna görə də atam Tibb Universitetinin nevrpotoloq ixtisasına yiyələnir. Atamın ailədə bizlərlə münasibəti olduqca yaxşı idi. Ailədə iki övlad olmuşuq, hər ikimizin üstündə o “əsib”. Həyatsevər insan idi atam. Nə mənim, nə də ki, qardaşımın üstünə bir dəfə də olsun acıqlanmamışdı. Bəzən işi çox olurdu, bilirdik ki, evə əsəbi gələcək. Atamın kinoya çəkilməsi tam təsadüf olmuşdu. Atam it gəzdirəndə rejissor Hüseyn Seyidzadə onu görüb, “O olmasın, bu olsun” filminə dəvət etmişdi. Atam sevinirdi ki, onu filmə çəkirlər, çünki bu onun ən böyük arzusu idi. Atamın “Görüş” filmindəki Kamil obrazı ilə oxşarlığı var idi, çünki o Kamil kimi sevgisinə hər zaman bağlı olub. Anam atamın yanında təcrübə keçib, eyni sənətin sahibi olublar. Anam incəsənətdən tamamilə uzaq olub. Atam anamın arxasınca düşəndə o heç bilməmişdi ki, bu Sərvərdir. “Görüş” filminin sonluğuna baxanda göz yaşlarımı saxlaya bilmirəm. Anamla bir xəstəxanada, bir otaqda işləyiblər. Anam deyir ki, 10 il sərasər qapımı döyüb baxırdılar ki, görüm Sərvər kiminlə evlənib” deyə sənətkarın qızı deyib.

Teyyubə Mirzəquliyeva atasının vəfasız dostlarından da danışıb.

“Atamın sağlığında evimizin yuxarı başında oturan dostları ölümündən 1 il keçməmiş onu unutdular. Əlbəttə ki, bu mənə çox pis təsir etdi. Atam ailəsini hamıdan, dostlarından da uca tuturdu. Deyirdi ki, dost adamın öz ailəsidir. Amma mən inanmırdım, deyirdim ki, yəqin hansısa dostundan müvəqqəti inciyib deyə belə danışır. Bizim ailəmizi təkcə axtaran Sima adında qız idi. Onun anası ata və anamı işə düzəltmişdi, o da bizə sadiq qaldı. Atamın halı pisləşəndə təcili yardım maşını çağırıblar. O da hadisə yerinə gecikib. Ürəyindən qəflətən sancı tutub, keçinmişdi. Çox siqaret çəkirdi, bundan əvvəl 2 dəfə infarkt keçirmişdi. Anam da 2008-ci ildə dünyasını dəyişib” deyə sənətkarın övladı deyib.

Geri qayıt