Əsas Səhifə > Şou-biznes > “Şou həmişə var, istərdim şəhidlərimiz, qazilərimiz haqda verilişlər hazırlansın”
“Şou həmişə var, istərdim şəhidlərimiz, qazilərimiz haqda verilişlər hazırlansın”1-10-2022, 09:32 |
“Ermənilər millət deyil, tayfadırlar. Mən onlara millət deyə bilmərəm. Cəbrayıl rayonu o vaxt işğal olunanda bacım oğlu şəhid oldu. O hərbi xidmətdə idi. 1 həftə məzuniyyət götürüb, bizə gəlmişdi. Dedim ki, “Nurəddin, gəl səni evdə saxlayım, getmə, qal burada”. Dedi ki, “mən başa düşmədim, məni gizlədirsən?”. Yaralandı, şəhid oldu. 1993-cü ilə qədər səsimdə kövrəklik yox idi, Cəbrayılın işğal olunması ilə o kövrəklik məndə yarandı. İndi arzulayıram ki, səsimdə qəmginlik olmasın. Həyatda hər şeyi əvəz edən olur, hər şey unudulur, həyatın qanunu budur. Amma vətən torpağı unudulmur. Unudulsaydı 30 ildən sonra işğaldan azad olunmazdı. Çox şükürlər olsun bu günümüzə” DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, tanınmış sənətkar Yaqut Abdullayeva deyib. O daha sonra əlavə edib. “Cəbrayılımız və digər torpaqlarımız işğaldan azad olundu. Cəbrayıl Qarabağın açarı hesab olunur, çünki birinci Cəbrayıl alınmışdı. Cocuqmərcanlıya artıq ailələr köçmüşdü. Cəbrayıl işğaldan azad olunanda yağış yağırdı. O yağışı mən Cəbrayılın göz yaşlarına oxşadırdım. O göz yaşı tökürdü ki, siz məni nə yaxşı bu yağılardan, vəhşilərdən azad etdiniz. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimiz can sağlığı versin. Çox istərdim ki, efirlərdə qazilərimiz, şəhidlərimiz haqda xüsusi verilişlər hazırlansın. Şou həmişə var. Biz onların sayəsində torpaqlarımıza qovuşmuşuq” deyə sənətkar bildirib. Böyük sənətkar Yaqut Abdullayeva daha sonra uşaqlıq illərindən danışıb. “Televizorda mahnıları eşidirdim. Ən çox qulaq asdığım Zeynəb Xanlarova idi. Tez qələm götürüb, mahnıların sözlərini yazırdım ki, yadımda qalsın. Zeynəb Xanlarova nə mahnı oxuyurdusa onları oxuyurdum, bir növ onu yamsılayırdım. İstər mahnı oxuyanda, istərsə də muğam oxuyanda. Sonra başlayırdım özümü tapmağa, özüm kimi oxumağa. İndi atalar qızlarının əlindən tutub oxumağa aparır, amma bizim vaxtımızda mənə tək dəstək olan anam olub. Anam özü təhsil almamışdı, amma həyat təcrübəsi, dünya görüşü böyük idi. Anam deyirdi ki, “istedadı sənə Allah verib, bunu səndən heç kim ala bilməz. Anam evdə xalça toxuyurdu. Evdə xalçamızı satıb, onun pulu ilə məni festivala göndərdi. Anam mənim oxumağım üçün evdə hamıya qarşı çıxmışdı. Deyirdi ki, qoymaram Yaqut sənətindən qalsın. Mən oxuyanda anama dünyanı verirdilər” deyə sənətkar bildirib. Geri qayıt |