Əsas Səhifə > Şou-biznes > “Yaxşı ifa et, camaat oturub sənə qulaq assın, söhbət etməsin”

“Yaxşı ifa et, camaat oturub sənə qulaq assın, söhbət etməsin”


30-09-2022, 09:41
“Yaxşı ifa et, camaat oturub sənə qulaq assın, söhbət etməsin”
“İfa edəndə gözümü yummağıma baxmayaraq hamını görürəm. Bəzi müğənnilər mahnı oxuyanda insanlara deyir ki, sakit olun. Amma mən sənətkar kimi sakitliyi alətimlə yaratmışam. Sənətkar insanlara “sakit olun” deməməlidir. Yaxşı ifa et, camaat oturub özü sənə qulaq assın, sakitləşsin. Mən dünyanın bir çox ölkələrində olmuşam, ölkəmizin musiqisini təbliğ etmişəm. Həm toylarda ifa etmişəm, həm də konsertlərdə. Bir dəfə məni Özbəkistana toya dəvət etmişdilər, 24 nəfər xalq artisti var idi orada. Azərbaycandan təkcə mən və xalq artisti Zaur Rzayev iştirak edirdik. Toy 2 gün davam etdi”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Aftandil İsrafilov deyib. O daha sonra əlavə edib.

“Böyük sənətkarımız Zeynəb Xanlarova ilə 5 dəfə Amerikada və digər ölkələrdə qastrol səfərlərində olmuşam. Onun ansamblında əsasən daha çox səsi çıxan alət qarmon və klarnet olub. Qarmonda mən ifa edirdim, klarnetdə isə Vəli Qədimov. Zeynəb xanım oynaq ritmləri xoşlayırdı, o ritmlərlə səhnədə yaşayırdı. Əlini qaldırıb bizə baxan kimi bilirdik ki, Zeynəb xanım nə istəyir” deyə sənətkar bildirib.

Aftandil İsrafilov siyasi xadimlərlə görüşlərindən də danışıb.

“Bizim çox gözəl qarmon ifaçılarımız var. Çoxdur, birinin adını çəkib, o birini unuda bilərəm. Mən onlara deyirəm ki, “bizləri tərifləməyin, çalışın qarmonu tərifləyin, qarmon yaşamalıdır”. Çünki qarmon alətinin Azərbaycanın milli musiqi aləti olmağında ulu öndər Heydər Əliyevin böyük zəhməti olub. Allah o kişiyə rəhmət etsin, daim qəlbimizdə yaşayır. 1970-ci ildə Moskva mehmanxanasında Heydər Əliyev Brejnevlə görüşürdü. Mən də bir sənətkar kimi ora dəvət almışdım. Elə oldu ki, sözü mənə verdilər. Mən də “Kəmalə” rəqsini ifa etdim. Mikrofonlar açıq idi. Brejnev dedi ki, “bu qarmon ifaçısı virtuozdur, qoy “Kəmalə” rəqsini yenidən ifa etsin. Yanıma qaçdılar ki, “ay Aftandil müəllim, o rəqsi bir də ifa edin” deyə sənətkar bildirib.

Geri qayıt