Əsas Səhifə > Şou-biznes > "Biz 27 il səbrlə, ümidlə gözləmişik"
"Biz 27 il səbrlə, ümidlə gözləmişik"27-09-2022, 09:18 |
“2-ci Qarabağ müharibəsinin 2 ili tamam olur. 30 il həsrətini çəkdiyimiz, düşmən tapdağı altında qalan Qarabağ torpağımızı 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi, müzəffər ordumuzun sayəsində zəfər qazanaraq azad etdik. Əlbəttə ki, biz buna görə Ali Baş Komandanımıza, igid şəhidərimizə, müzəffər ordumuza, qazilərimizə borcluyuq. Allah şəhidlərimizin ruhunu şad etsin, qazilərimizə can sağlığı versin. Bu 2 il ərzində əlbəttə ki, biz çox işlər görmüşük. Qarabağa yeni yollar çəkmişik, 2 aeroport tikmişik, infrastrukturlar qurulur, yeni binalar tikilir, dəmir yolu xətti, qaz, işıq və su xəttləri çəkilib. Bunlar çox qısa zaman ərzində böyük işlərdir. 2 il ərzində bir daha başa düşdük ki, biz öz işimizi özümüz görməliyik, özümüzə güvənməliyik. Başa düşdük və gördük ki, dünyada ikili standart hökm sürür, ədalət prinsipi yoxdur. Bu gün kimin gücü varsa, haqq da onun tərəfindədir. Baxmayaraq ki, biz haqlıyıq, amma Avropa ölkələrindən daha çox əks tərəfə dəstək görürük. Biz artıq güclü bir dövlətik, güclü ordumuz var. Hər şeyin öhdəsindən də özümüz gələ bilirik və gəlirik də. İnanıram ki, tezliklə qalan xırda problemləri də həll edəcəyik. Çünki düşmənin təxribatları hələ ki, dayanmır. Bu günlərdə yenə də bizim itkilərimiz oldu. Yumruq halında birləşib torpaqlarımızı işğaldan azad etdik, bu gün də yumruq halında birləşib ordumuzun arxasında dayanmalıyıq, dövlətimizə dəstək olmalıyıq”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Mənsum İbrahimov deyib. O daha sonra əlavə edib. “Ağdama gedəndə "4 yol" deyilən bir yer var. Orada bir polis postu da var idi. Ordan keçib, Ağdama gedirdik. Amma daha gedə bilmirdik. Ürəyimizdən qara qanlar keçirdi, ordan Ağdamın dağlarını, Şahbulağı görürdük, amma biz öz torpağımıza gedə bilmirdik. Bunu Allah da götürmədi! Biz 27 il səbrlə, ümidlə gözləmişik. Qulu Ağsəs deyirdi ki, “bizim ilk qazandığımız yüksəklik ruh yüksəkliyi oldu” deyə sənətkar deyib. Xalq artisti müharibədə şəhid olan qardaşı oğlundan da danışıb. “Qarabağ müharibəsində qardaşım öz oğlu ilə vuruşdu. Qardaşım 1-ci Qarabağ müharibəsində də döyüşmüşdü, qazi idi. Qardaşım oğlu atamızın adını daşıyırdı-İsrafil İbrahimov! Könüllü olaraq cəbhəyə yollanmışdı. Anasına demişdi ki, ya qazi kimi qayıdacam, ya da şəhid kimi. Şəhid olmamışdan 1 gün əvvəl hamımıza zəng etdi, halallıq aldı. Bəlkə də ürəyinə dammışdı. Dedim ki, özünü qoru. Dedi ki, “əmi, biz vətəni qoruyuruq, özümüzü qorumağa vaxtımız yoxdur” deyə sənətkar bildirib. Geri qayıt |