Əsas Səhifə > Şou-biznes > "Mənim üçün vətən, millət anlayışları hər şeydən üstündür"

"Mənim üçün vətən, millət anlayışları hər şeydən üstündür"


21-09-2022, 09:04
"Mənim üçün vətən, millət anlayışları hər şeydən üstündür"
“Sentyabr ayının 12-də düşmənin törətdiyi genişmiqyaslı təxribat nəticəsində, həlak olmuş şəhidlərimizin ailələrinə hörmət əlaməti olaraq onların 40 mərasimləri olmayana qədər televiziya verilişlərinə çıxmayacağımı bəyan etmişəm. Və şəhidlərimizin ailələrini ailələrini ziyarət edərək, şəhid analarını ictimaiyyətə tanıtmaq istəyirəm ki, görsünlər ki, qəhramanlarımızı necə məğrur analar böyüdüb”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Mehriban Xanlarova deyib. O daha sonra əlavə edib.

“Mənim üçün vətən, millət anlayışları hər şeydən üstündür. Yaşadığımız bu ağır günlərə kənardan müşahidə edə bilmərəm! Son nəfəsimə qədər xalqımın yanında olacam! Hər kəs bilir ki, vətənimiz üçün bir saniyə belə düşünmədən canımı qurban edərəm yolunda. Özüm bioloji övlad sahibi ola bilməsəm də, vətənimin bütün gənclərini özümə oğul və qız bilmişəm. Hər dəfə şəhid xəbər gələndə ürəyim parçalanır. Uca Allah bütün şəhidlərimizə rəhmət eləsin və doğma vətənimizi qorusun. Kimliyindən asılı olmayaraq, şəhid ailələrini ziyarət etmək hər birimizin borcudur. Biz sənət adamlarını, biz edən xalqdır! Daşıdığımız fəxri adların haqqını bu ağır günlərdə xalqımızın yanında olaraq verməliyik. Mən bir çox şəhid anaları ilə bir-bir ünsiyyətdə olmuşam. Onları ziyarət elədiyimiz zaman, dərdlərinə şərik olanda yalnız olmadıqlarını hiss edirlər” deyə aktrisa bildirib.

Mehriban Xanlarova bildirib ki, şəhid anası, həyat yoldaşı obrazları yaratmaq istəyir.
“Şəhid anası, yoldaşı rolunu qürur hissi ilə canlandıraram. Çünki onların yaşadığı ağrı-acılara şahid olmuşam. Rejissorlara sözüm budur ki, şəhidlərimizin həyatı haqqında filmlər çəksinlər. Çünki onların həyatı gənc nəsil üçün məktəbdir. Bunu da qeyd edim ki, mən psixoloji rolları canlandırmağı çox sevirəm. Bir çox aktyor və aktrisalar bu rolları oynamağa tərəddüd etsələr də, mən etmirəm” deyə sənətçi bildirib.

Aktrisa yeni mövsümdə “Ata ocağı” serialında rol almayacağını bildirib.

“ “Ata ocağı” serialından senari ilə əlaqədar canlandırdığım obrazın hekayəsi bitdiyi üçün ayrılmışam. Yeni mövsümdə mən olmayacam. Bütün çəkiliş heyyətinə bol-bol uğurlar arzulayıram” deyə aktrisa bildirib.

Geri qayıt