Əsas Səhifə > Şou-biznes > “O adam dələduzdur, biznesmen filan deyil”
“O adam dələduzdur, biznesmen filan deyil”16-09-2022, 16:21 |
DİA.AZ əməkdar artist Cavanşir Məmmədovun “Yeni Sabah”a müsahibəsini təqdim edir: - Cavanşir bəy, Türkiyə vətəndaşı İbili Mustafa Kəmal sizə qarşı iddialarla çıxış edib. Bu məsələ ilə bağlı nə doğrudur, nə yalandır, bir də sizdən eşidək. Bu adam kimdir? - 8 aydır ki, bu məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində istintaq işi gedir. İstintaq yekunlaşdı, mən ona olmazın yaxşılığını, hörmətini etdim ki, tutulmasın. Həmin 130 min dolarda mənim də, başqa yoldaşların da pulu var. Şahidlər, bank çekləri var. Sübutların hamısı istintaq materialı kimi verilib, onun səs yazıları da istintaq materiallarında var. O adam 6 cür fərqli izahat verib. Birində deyir ki, mən qəsdən Cavanşir müəllimin evinin yanında ev tutdum ki, pulunu mənimsəyə bilim. Bunu ərizəsində özü deyir. Dediyi ittihamların biri də düz deyil. - Bəs onunla tanışlığınız necə olub? - Bu adam pandemiyadan qabaq gəldi, birlikdə Türkiyədən mal gətirdiyi adam var idi. Gəldi dedi ki, onun toyu olacaq, çox cüzi məbləğə gedib toyunda oxudum. Tanışlığımız da elə oradan başladı. Mən küçədə dayananda yaxınlaşıb demişdi ki, toyda gəlib oxuyarsanmı? Mən də dedim küçədə söhbət etməzlər, sənət adamıyam, qapım hamıya açıqdır, gəl qalxaq evə. Danışdıq, toy “Xarıbülbül”ün bağçalı zalında idi. Toyda gedib cüzi məbləğə oxuduq. Tanışlığımız belə oldu. Sonra bildik ki, toyu olan həmin oğlana da 2700 manat pul “atıb”. Sonra pandemiya başladı, həmin vaxt gəlib mənə dedi ki, Türkiyədə bacımın toyudur, gəlib oxuyarsanmı? Mən bildirdim ki, gəlib orda türk mahnıları oxumalıyam, Azərbaycan mahnılarını başa düşməyəcəklər, həm də oraya getsəm gərək kollektivimdən ən azı 5-6 nəfəri özümlə götürüm, onların bilet pulu var, qısası razılaşmadım. Sonra dedi ki, pandemiyadır nə işlə məşğul olursunuz, əlavə biznesiniz filan varmı? Dedim ki, xeyr, yoxdur. Həmin vaxt o kirayədə qalırdı, mənim də “Tarqovıy”da “Mado” restoranı ilə üzbəüz 4 otaqlı evim var, dedim ki, get onun 1 otağında qal, pul da lazım deyil. Gedib orada qaldı, anamın ruhuna and olsun ki, bir manat da pul götürməmişəm. Sonra iddia etdi ki, mən orada qalmamışam. Şahidlərin izahatında da orada qaldığı təsdiq olunur. Mən koronavirusa yoluxmuşdum və yoldaşımla xəstəxanada idim. Həmin vaxt o da koronavirusa yoluxdu, mənə zəng vurdu, onu öz həyat yoldaşımın yanındakı palataya yerləşdirdim, qara bazardan müalicəsi üçün 3500 manatlıq dərmanlar aldım. Onu yağın balın, qaymağın içərisində saxlayıb, ayağa qaldırdım. - Bəs o adam Azərbaycanda nə işlə məşğul idi? - Onun 3-cü sinfə qədər təhsili var, özü də dələduzdur. Biznesmen filan deyil, gətirib Sədərəkdə kiməsə mal verirdi.... Bir də bunun dükanda işləyən bir dostu olub. Onun da Türkiyədə fabriki olub. O da deyirdi ki, pandemiya dövründə bir səhifə işlədirdi. Dedi ki, fabrikdən mən istədiyim malları düzəldək və gətirək burada bir yerdə bu işlə məşğul olaq. Mənim də bir dənə yerdən bir manat gəlirim yoxdur, 10 baş ailədir. Onu dolandırmaq lazımdır. - Necə oldu bəs pulları aldı sizdən? - Dedim ki, o puldan sən də qazanacaqsan? Dedi, bəli. Özü də söylədi ki, qardaşımın da pulu buradadır və aybaay oraya pul göndərirəm. - Pulları səhm adıyla aldı sizdən? - Bəli, səhm adıyla aldı. Başa düşürsünüz, səhm adıyla aldı və dedi ki, ayda 700 manat pul verəcəyəm sizə. Mən də dedim ki, pandemiyadır, bir manat gəlirim yox, nə ilə dolanım mən?! Maşını da satmağa qoymuşdum. O vaxtı satılmırdı, elə indi də satılmayıb. Nə isə. Ona 10 min dollar verdim. Gətirdi bu 2 ay ərzində pulunu vaxtında verdi. Bunu ki, orada ölümdən qurtarmışam deyə, artıq mən buna inanıram, bel bağlayıram, “baba-baba” deyib qucaqlayır məni, başıma fırlanır. Evlərinə də zəng edib deyib ki, baba məni pandemiyadan qurtardı və s. Üstündən 2-3 ay keçdi. Mənə dedi ki, 30 min ver, ayda sənə daha artıq verim, qazancım çox olsun ki, artıq da verim. Mənim öz pulumu mənə verirmiş, sən demə. Başına gələn başmaqçı olar, bilməmişəm. Mənim də vur-tut evdə 100 min dollar pulum var. Maşını satmışam, bir də ki, mən 50 ildir “Kufədə qazilik edirəm”, 69 yaşım var. O pul mənə lazımdır axı, qara günüm-ağ günüm var. 50 ildə o pul nədir ki? Qazandıqlarımla uşaqları yerbəyer etmişəm. İndi də tək adamam. - Və sonradan səhm adıyla yenə də pul verdiniz? - Verdim, gətirib vaxtında da verirdi. Deyirdi, baba, pulu niyə saxlayırsan evdə? Varındırsa, ver, qoy, sənə ayda 10 min manat verim. Dedim, nəyə verərsən? Dedi ki, 100 min dollar versən, ayda 10 min manat verərəm. Əslində, 100 min dollara 10 min dollar verilməlidir belə baxanda. Çünki dollar verəndə dollarla da qaytarmalıdır. 10 min manatın da 6 min dollar edir. Mən də düşündüm ki, 10 baş ailəni dolandırmaq var. Nə isə 100 min dolları evimdə verdim. Özü də nəvələrimin, yoldaşımın, qızımın yanında. Dedim ki, yazın səsini, yazdılar da. İstintaq işində var, onun icazəsi ilə yazılıb, xəlvəti yox. Nəvəm həmin səs yazısında deyir ki, babam sənə 100 min dollar verdi? Deyir, hə, aldım. - Amma şikayət ərizəsində yazıb ki, 20 min manat qaytarmışam... - Yox, 20 min qaytarmayıb, Baş Polis İdarəsində bir gün yatdı, səhəri gəldi 10 min dolları verdi ki, azadlıqda gəzsin. Mənə yalvar-yapış etdi, ağlayırdı, əllərimdən öpürdü ki, qoyma, məni tutsunlar, mən işləyim burada, verim pulu. İndi getdi girdi həmin restorana, 8 ay orada işlədi, orada 15 min “atdı”. - Restoranın adı nə idi? - “032” nömrəli restoran. - Siz ona ümumilikdə 100 min dollar verdiyinizi dediniz. Amma orada daha böyük məbləğdən söhbət gedir... - Ümumilikdə ona 140 min dollar verilib. Başqa adamlardan da alıb. - Sizin vasitənizlə? - Bəli, elə mənim ətrafımda olan adamlara, hətta qonşualra da deyib ki, pulunuzu verin, Cavanşir bəyin pulu məndədir. Onlar da pandemiya dövründə işləmirlər. Sonra Türkiyəyə gedib telefonunu da bağladı. - Pulları götürdü getdi? - Yox, pulları hesabına köçürdü və getdi. Bildirdi ki, kartımda problem var, getdi Türkiyəyə. Həmin ərəfədə biz də Türkiyəyə getməliydik. Bizim biletlərimiz təbii ki, ayrı alındı, hətta biz ona kömək göstərirdik. Həmin ərəfə dedi mən də gedim sizinlə Türkiyəyə, kartımda problem yaranıb, burada pul çıxarmaq olmur və s. Hansı ki, bunların hamısı yalan şayiə idi. Orada da şantajlar, təhdidlər, bıçaq çəkmələr və s. Yəni kiməsə nəsə desəniz, sizi öldürəcəyəm və s. Onda yoldaşımla qızımı hədələyib. Gördüm, yoldaşım mənimlə qorxa-qorxa danışır. O dedi ki, mən Bakıya qayıtmayacağam. - Deməli, getdi Türkiyəyə qayıtmadı. - Hə, mən də yığıram, telefonu söndürülüb. Yoldaşıma deyirəm ki, bu niyə telefonu söndürüb? Deyir, o getdi o öz yerlərinə. Həmçinin, orada yoldaşımla qızımın üzərində nə qədər pul var idisə, bütün pullarını alıb ki, verin mənə, kartıma qoyum, çıxarıb sizə gətirəcəyəm. Hətta iddiada onu əlavə etməmişik. - Bəs nə vaxt ayıldınız ki, bu, bizi aldadır? - Telefonu söndürəndə. Telefona zəng edirəm, götürdü, dedim, Mustafa, bir gün qalıbdır, pulu göndərəcəksən? Dedi, göndərəcəyəm, narahat olma. Yoldaşım da mənə dedi ki, o, Qaziantepə gedib. Gördüm, o da mənimlə birtəhər danışır. Ayın 31-i oldu, 1-i oldu, 2-si oldu. Dedim, indi ola bilər də nə isə. Axırda yığdım onu, dedim, Mustafa, ayıbdır axı, mən durum buradan oraya gəlim? Yəni mənim qızımla yoldaşımı elə vəziyyətə qoymuşdu ki, buradan onlara pul göndərdik ki, onlar Bakıya dönsünlər. Yemək pulları belə yox idi, onların otelinə buradan yemək sifariş edirdi nəvəm. Sonda köməklik etdim, onlar qayıtdılar Bakıya. Həmin ərəfədə də bildim ki, qayıtmaq fikri yoxdur. Mənimlə danışdı, dedi ki, pulu verəcəyəm, narahat olmayın, problemlərim var və s. Həmçinin, onun kiçik yaşda övladı da var, onu da atıb gedib, öz həyat yoldaşını da şərləyib. Övladı da qalıb onun anasının yanında. Hətta dedim ki, uşağı da gətir, qoy, qalsın sənin yanında. Oyuncaqlar göndərdik uşağına, yazığım gəldi. Biz ona etibar etmişdik axı. - Bildiniz ki, sizi aldadır nə etdiniz? - Axırıncı dəfə zəng etdikdə Mustafa deyən kimi telefonu söndürdü. Hər birimizin nömrəsini qara siyahıya əlavə etdi. Bir neçə saat sonra nəvəm zəng etdi ki, heç olmasa yarısını gətir, evdə vəziyyət yaxşı deyil. Polisə müraciət edəcəyimizi bildirdik. Polisə şikayət edəcəyimi bildirdikdə, polisi saymadığını və heç kimi tanımadığını dedi. Əlavə etdi ki, “qardaşımı da bıçaqlamışam, heç burda da polis mənə bir şey demir”. Baş Polis İdarəsinə gəldik və şikayət ərizəsi yazdıq. Bizə bildirdilər ki, şübhəli şəxsi xaricdən bura gətirə bilmərik. Konstitusiyada belə bir qanun olmadığını qeyd etdilər. Azərbaycana gəldiyi zaman istintaqa cəlb olunacağını söylədilər. O “Jasmin Park”da bizdən götürdüyü pul ilə ev almışdı. Türkiyəyə qaçdıqda maklerlə evin satışı barədə razılığa gəlib. Maklerə etibarnamə verərək evi satmasını və pulu ona göndərməsini xahiş edib. Hadisədən xəbər tutduğumuz zaman mənzillərə nəzarət edən səlahiyyətli şəxs ilə görüşdük. Mənzilin sahibi gəldikdə bizə xəbər etməsini bildirdik. Satışa çıxarılan mənzilə alıcı çıxdıqda sahibkarın şəxsən burada olmasının vacib olduğu vurğulanıb. Azərbaycana gəldiyi zaman isə axtarışda olduğu üçün aeroportda saxlanıldı və həbs olundu. İki dəfə gəmi ilə qaçmağa cəhd edib. Onun mənim kürəkənim olması ilə bağlı iddiaları yanlışdır və əsassızdır. Dünən hazırlıq məhkəməsi keçirildi. Sentyabrın 29-u yenidən məhkəmə keçiriləcək. Haqqında Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Törətdiyi əmələ görə onu 10 ilə qədər azadlıqdan məhrum etmə gözləyir. Götürdüyü məbləği ödəmədiyi təqdirdə yenidən azadlıqdan məhrum olunacaq. Geri qayıt |