Əsas Səhifə > Şou-biznes > Azərbaycanın ilk inklüziv teatrı 6 yaşını qeyd edir

Azərbaycanın ilk inklüziv teatrı 6 yaşını qeyd edir


3-09-2022, 10:29
Azərbaycanın ilk inklüziv teatrı 6 yaşını qeyd edir
DİA.AZ: - Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı bu gün 6 yaşını qeyd edir. Əlilliyi olan və olmayan aktyorlardan ibarət ƏSA Teatrı 3 sentyabr 2016-cı ildə rejissor Nihad Qulamzadə tərəfindən təsis olunub. ƏSA Teatrı yarandığı gündən bu günədək – 6 il ərzində böyük uğurlara imza ataraq, dünya və Azərbaycan ədəbiyyatının ən sevilən əsərlərinə quruluş verib, vacib layihələr həyata keçirib.

DİA.AZ bildirir ki, gənc olmasına baxmayaraq, teatr U.Şeksprin, C.Steynbekin, M.F.Axundzadənin, M.Meterlinkin, J.B.Molyerin, J.P. Sartrın, P. Turrinin əsərləri olmaqla 10 tamaşa və üç perfomans təqdim edib. Teatr səhnə ilə kifayətlənməyərək, ölkədə əlilliyi olan şəxslərə daha çox diqqət ayrılması üçün sosial çarxlar ənənəsinin əsasını qoyub, çox sayda rəqəmsal layihələr həyata keçirib. 2016-cı ilən bu günədək ƏSA Teatrı yerli və xarici, dövlət və qeyri-dövlət qurumları ilə yaradıcı əməkdaşlıq edib.

ƏSA Teatrı öz fəaliyyəti ilə Azərbaycan mədəniyyətini dünyada uğurla təmsil edir. Teatrın təsisçisi Nihad Qulamzadə 2018-ci ildə ABŞ-da "Açıq Dünya” Proqramında ölkəmizdəki inklüziv incəsənətin, teatrın fəaliyyəti və inkişafı haqqında ətraflı məlumat verib. 2021-ci ildə Rusiya Federasiyasının “Sosial-Mədəni Təşəbbüslər Fondu” tərəfindən “İsti ürək” beynəlxalq mükafatına layiq görülüb. Həmçinin Azərbaycan bölgələrini qarış-qarış gəzməyi qarşısına məqsəd qoyan ƏSA Teatrı Naxçıvanda və Lənkəranda anşlaqla tamaşalar nümayiş etdirib. Ötən il respublika üzrə keçirilən “4.4 Qısa Tamaşalar Festivalı”nda “Qonşu” tamaşası ilə birinci yerə layiq görülüb.

Qeyd edək ki, 7-ci mövsümə başlayan ƏSA Teatrı sentyabr ayından etibarən tamaşaçıların görüşünə gələcək.

Bu gün 6 yaşını qeyd edən ƏSA Teatrında 20-dən çox əlilliyi olan və olmayan istedadlı aktyor heyəti fəaliyyət göstərir. Bütün kollektivin 6-cı ad günündə ƏSA Teatrına ən böyük arzusu qarşıdakı teatr mövsümündə kollektivin məkanla təmin olunmasıdır.


Geri qayıt