Əsas Səhifə > Şou-biznes > "İki il rol verməyiblər teatrda mənə..."

"İki il rol verməyiblər teatrda mənə..."


24-08-2022, 08:49
"İki il rol verməyiblər teatrda mənə..."
“Aktyorluq sənəti ən çətin sənətlərindən biridir. Bu sənət qurban tələb edir. Kim ki, deyir ki, “yox qurban tələb etmir”, bu fikir yalnışdır. Bu sənətdə insanlar sağlamlıqlarını da qurban verirlər, bəzən ailə həyatı qura bilmirlər. Bu sənət məhəbbət, eşq tələb edir. Əgər sən ona bütün məhəbbətinlə yanaşırsansa o səni ağuşuna qaldırıb bütün göylərə ucaldır. Sən onun məhəbbətini kiminləsə bölüşürsənsə, yarıya bölürsənsə o səndən üz çevirir. Mən düşünürəm ki, bu sənətin sahibi olmasaydım çoxlu uşaqlarım olardı. Bir az səhhətimdə problemlər yaşadım, çünki hər zaman emosiyaların içərisində olursan”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Naibə Allahverdiyeva deyib. O daha sonra əlavə edib.

“Universiteti bitirib Naxçıvan Dövlət Dram Teatrına təyinat aldım. Orada çox gözəl rollarım oldu. Sonra qayıtdım gəldim Bakıya, Gənc Tamaşaçılar Teatrına. Məni aktrisa kimi teatrda işə götürmədilər. Biz çox əziyyətlər çəkmişik. İki il rol verməyiblər teatrda mənə. Teatrda ilk tamaşamı oynayanda bir çox sənətkarlar demişdi ki, “bu qıza indiyə qədər niyə rol vermirdiniz?”. Mən də gedib ağlayırdım, baş rejissordan soruşurdum ki, mənə niyə rol vermirsiniz? Xalq artisti Ağaxan Salmanlı mənə rol verdi, Allah ona rəhmət etsin. Allah sevimli aktrisamız Kübra Dadaşovaya da rəhmət etsin, mənə çox böyük dəstək oldu. Tamaşada Kübra Dadaşova ilə dublyor idik. Ondan sonra gözəl rollarım oldu” deyə sənətkar bildirib.

Xalq artisti “Yarımştat” televiziya tamaşasına dəvətini da xatırlayıb.

“Mənim televiziyada ilk rolum “Yarımştat” tamaşasındakı Tomka obrazı olub. Ramiz Mirzəyevlə Şərif Qurbanəliyev məni dəvət etdilər. Şərif mənim kurs yoldaşım idi. Şərif mənə Tomka obrazını tapşıranda, oan dedim ki, “bu nə roldur mənə verirsən, baş rollardan birini ver də”. Dedi ki, “sən hələ bunu hazırla”. Məşqlərə gələndə içəridə böyük sənətkarlarımızı gördüm. Afaq Bəşirqızı, Yaşar Nuri, Arif Quliyev, Telman Adıgözəlov və s. sənətkarlarımızı görəndə həyəcanlandım, məni əsməcə tutdu. Rolu mənə verdilər, amma həyəcandan dilim topuq vururdu. Gəldim evə, öz-özümə dedim ki, “Naibə, özünü biyabır etmə, möhkəm ol, sən bu rolu oynamalısan”. Düz 1 ay bir bu obrazı məşq etdik. “Musik maçi-Tomka maçi” sözlərini deyəndə rejissor Ramiz Mirzəyev əl çaldı, dedi ki, “super, bununla da sən getdin qabağa”. Allah dünyasını dəyişən sənətkarlarımıza rəhmət etsin, onların yeri hər zaman boş qalacaq” deyə aktrisa bildirib.

Geri qayıt