Əsas Səhifə > Şou-biznes > “Məktəbdə hamı bilirdi ki, o məni sevir”
“Məktəbdə hamı bilirdi ki, o məni sevir”20-08-2022, 09:50 |
Azərbaycan Dövlət Pantomima Teatrının aktyoru və direktoru, Əməkdar artist Elman Rəfiyev “Məşhur məktublar” rubrikasında Teleqraf.com-un suallarını cavablandırıb. DİA.AZ onunla müsahibəni təqdim edir: - Elman bəy, məktub yazmaq vərdişiniz nə zaman başladı? - Mən dünyaya sovetlər dönəmində göz açmışam. O dövrdə insanlar biri-birilərinə məktub yazmağı, açıqca yollamağı çox sevirdilər. Səbirsizliklə poçtu açıb, kimin adına məktub gəldiyini öyrənməyə çalışırdıq. Məktubun üstündə adımızı görəndə çox sevinirdik. Məktubdan aldığım o enerjini indi sosial şəbəkələrdə, yaxud email ünvanıma göndərilən mesajlardan, məktublardan ala bilmirəm. Xatırlayıram, məktub açanda ürəyimiz titrəyirdi, oxuyanda isə inanılmaz enerji mənimsəyirdik. Əfsus ki, indi məktublar çox az-az, demək olar ki, heç yazılmır. - Özünüz məktubları kimə yazırdınız? - Rusiyada, rayonda yaşayan qohumlarıma məktub yazırdım. Yazırdım və səbirsizliklə cavab gözləyirdim. 10-cu sinifi bitirənə kimi, hətta sonrakı illərdə də məktub yazmaq ənənəm olub. Sumqayıtda yaşayırdıq, ora da tez-tez turistlər gəlirdi, aralarında çoxlu rus qızları olurdu, onlarla tanış olub, məktublaşırdıq. Rus dilində məktub yazmaq lazım olanda qonşudakı oğlandan kömək xahiş edirdim. O məktublar Rusiyanın hansı bölgələrinə getmirdi?.. Məktub alanda içində şəkil olub-olmamasına xüsusi diqqət edirdim. Şəkil olanda mənim üçün ayrıca bayram idi. Amma zaman keçdi, o gözəl illər də, məktublaşmalar da bir gün başa çatdı. - Sonuncu dəfə nə vaxt məktub yazmısınız? - Son yazdığım məktub İkinci Vətən Müharibəsində əsgərə olub. Məktub yazdım, səsləndirdim və sosial şəbəkədə paylaşdım. Hansı əsgərin oxuyacağını bilmirdim, amma yazmaq istəyim çox güclüydü. “Məktəbdə hamı bilirdi ki, o məni sevir” - Sevdiyiniz qıza yazılan məktublardan danışaq. İlk sevgi məktubunuzu xatırlayırsınız? - Mən heç kimi dərindən sevməmişəm. Çünki özümü sevmişəm. İndi o dönəmi xatırlayanda düşünürəm ki, belə münasibətlər sadəcə ötəri hiss imiş, sevgi deyilmiş. Əl-ələ tutdunsa, bir-birinə “əzizim” dedinsə, bu, hələ sevgi deyil. Sevgi tamam başqa yaşantıdır. İndi mənim üçün sevgi vətəndir, dilimdir, torpağımdır, bayrağımdır. Sevgi mənim sevdiyim sənətdir, ailəmdir. Sevgini “Mən səni sevirəm” çərçivəsinə salmaq mənə görə düzgün deyil. Amma, bəli, o dövr üçün o məktublara sevgi məktubu deyə bilərik. - Siz kimdən sevgi məktubu almısınız? - Məktəbli dönəmlərim idi. Mən 9-cu sinifdə, o qız 6-cı sinifdə oxuyurdu. Məktəbdə hamı bilirdi ki, o məni sevir. O qız məni hər yerdə müdafiə edirdi. O qızdan aldığım sevgi məktubu yadımdadır. - Ona nə cavab yazdınız? - Başa saldım ki, hələ uşaqsan, hiss etdiyin də ötəri bir şeydir. Amma o qız əbədi olaraq mənim yadımda qaldı. Mən isə 9 yaşımda qonşuluqda yaşayan 20 yaşlı qıza vurulmuşdum. Hər dəfə o qızı görəndə sanki mənə dünyanı verirdilər. Adı Liza idi. Deyirdim, səni qoymayacaq ərə gedəsən. O da hara gedirdisə məni özüylə aparırdı. Sonra ərə getdi, hər şey bitdi. Saf uşaqlıq sevgisi, uşaqlıq hissləri idi. Bu yaşımda da mənə qarşı olan o sevgini hiss edirəm. Həmin insanlara çox ehtiyatla yanaşıram. Bu hissə görə o insanlara travma yaşatmaq olmaz. Çox incə formada başa salmaq lazımdır. Heç vaxt məni sevən insanların sevgisindən sui-istifadə etməmişəm. Bir məktəbdə dərs deyirdim. Bir şagirdim mənə bir məktub yolladı. Çox təsiredici idi… İçindən gələn hər şeyi ora yazmışdı. Sevgi məktubu deyildi, sadəcə müəlliminə olan böyük sevgisini etiraf etmişdi. Yenə deyirəm, sevgi məktubu deyildi. Çünki mən həqiqətən uşaqları çox sevirəm və onların yaşındakı Elman oluram. Uşaq da bunu hiss edir. "Firəngiz Mütəllimovaya məktub yazmaq istəmişəm" - Elman bəy, neçə yaşında ailə qurmusunuz? - 20 yaşında. Ailə qurduğum xanım mənimlə bir yerdə böyümüş əmim qızıdır. Ona da məktublar yazmışam, hətta şəkillər çəkdirib, imzalı formada biri-birimizə yollamışıq da. - Bildiyim qədər aktyor olmağı uşaq yaşlarınızdan arzulamısınız və Rasim Balayevə pərəstiş etmisiniz. Heç ona, yaxud başqa bir kumirinizə məktub yazmısınızmı? - Firəngiz Mütəllimovaya məktub yazmaq istəmişəm. Onun oynadığı “Səni axtarıram” üç hissəli tamaşa mənim sevimli televiziya tamaşalarım idi. O tamaşalarda Firəngiz xanıma vurulmuşdum. - İllər sonra bunu ona etiraf etdiniz? - Heç vaxt. Bunu ilk dəfə deyirəm. Həyat elə gətirdi ki, həm Firəngiz xanımla, həm də Rasim Balayevlə bir filmdə çəkildim. “Qala” filmində onlar ər-arvadı oynayırdılar, mən isə kəndə gələn kino işçisi idim. Ən yadda qalan anlarımdan biri kamera qarşısında Rasim Balayevlə çiyin-çiyinə söhbətləşərək yürüməyimiz idi. Həqiqətən, uşaqlıqda mənim kimi bir çox yaşıdlarım Rasim Balayevin pərəstişkarı idilər. Obrazları o qədər içdən oynayırdı ki, hamının ürəyinə yol tapırdı. “Qatır Məmməd”də, “Həm ziyarət, həm ticarət”də, “Lətifə”də qarşımıza mənfi obrazda çıxanda inanmaq istəmirdik ki, bu, Rasim Balayevdir. Çünki hamımız üçün o müsbət qəhrəman idi. Əlbəttə, peşəkarlıq baxımından aktyor hər obrazı yaratmağı bacarmalıdır, amma insanların təxəyyülündə müəyyən obrazlar yaranır və o tislimin qırılmasını istəmirlər. Mən “Ata ocağı” serialında "alkaş" Niyazı oynayırdım, atam hər dəfə məni görəndə deyirdi: “Elman, o nə roldur oynayırsan”. Deyirəm, ata, o mən deyiləm, obrazdır. Hətta anam Niyazın gülləylə vurulduğu səhnədə ağlamışdı. - Elman bəy, kütləvi məşhurluğu nə zaman hiss etdiniz? - Hamı məni Pantomima Teatrının aktyoru kimi tanıyır. 1994 -cü ildə teatrı yaradanda çox adam qəbul etmədi. Amma illər keçəndən sonra hamı bizi sevdi. Dostumuz İmam Məcidovun atası deyirdi ki, bu uşaqları qoruyun. Onlar məşhur üçlükdür: Pərviz, Qurban, Elman. 1995-ci ildən 1996-cı ilə keçən gecə məşhur üçlük doğuldu. O dövrdə səhnədə Azərbaycanın ilk klounları biz olduq. 1996-cı ildən 2005-ci ilə qədər bütün el şənliklərində, məclislərdə peşəkar formada kloun kimi çıxış edirdik. Sonra klounlar göbəlik kimi çoxaldılar, ardınca ofisiant klounlar peyda olmağa başlayanda biz bu sahədən uzaqlaşdıq. Maraqlı bir nüansı deyim, günlərin bir günü qızımın qaynanası mənə bir şəkil yolladı. O şəkil kloun kimi iştirak etdiyim hansısa bir məclisdə çəkilmişdi. Yazdı ki, sənin sağında dayanan oğlan gələcək kürəkənin imiş. Qəribə hiss keçirdim. Qismətə bax. O balaca oğlan indi mənim kürəkənimdir. Onu da qeyd edim ki, 2017-ci ildə çəkildiyim “Ata ocağı”ndakı Niyaz rolu da məni çox məşhurlaşdırdı. Dramatik obraz idi, indiyədək heç kim məni elə rolda görməmişdi. Hətta serial yayımlanandan sonra Xalq artisti Ramiz Novruz zəng eləyib, məni təbrik etdi, dedi, sən indiyə kimi harda idin. Niyaz mənfilikdən müsbətə doğru gedən bir obraz idi. O da bir mesaj idi. - Hər birimizin içində bir iblis var... - Və hər birimizin içində bir mələk var... Qəlbimizdəki iblisin də, mələyin də faiz dərəcəsinə fikir verməliyik və onu özümüz idarə etməyi bacarmalıyıq. - Sizin məşhurlaşdığınız dönəmdə artıq məktublaşmaq ənənəsi yoxa çıxırdı... - Elədir. O dönəm bitdi. İndi hamımız telefonla şəkil çəkirik, amma sual verirəm, onun necəsini foto kimi çıxarırıq? Vaxt var idi, şəkilləri albomlara toplayırdıq. Qızım ailəsiylə Amerikada yaşayır. Bu yaxınlarda Azərbaycana gəldilər, qızım həmin albomları görəndən sonra məndən bir xahiş etdi. Dedi, ata Məryəmin (Elman Rəfiyevin nəvəsi- red.) Bakıya bu səfərində çoxlu şəkillər çək və onlardan albom düzəlt, bizə yolla. Mən də dediyi kimi elədim. Bu gün məktub, albom məhfumu da itib. İndi evə məktub yol hərəkət qaydalarını pozanda gəlir, şəkilləri də ancaq toylarda qazana bilirik. Geri qayıt |