Əsas Səhifə > Şou-biznes > "Mənə dedi ki, Afaq xanım, mən balalarımı dolandırmalıyam"
"Mənə dedi ki, Afaq xanım, mən balalarımı dolandırmalıyam"17-08-2022, 08:41 |
“Son illər Azərbaycanda komediya janrında çəkilən filmlərin sayı artıb. Bu janrda fəaliyyət göstərən aktyorlar cəmiyyətin bir qismi tərəfindən bəyənilsə də, digər bir qisim qınayır. Çoxları yeni nəsil komediyaçıları sünilikdə, bayağı mövzular seçməkdə günahlandırır və əvvəlki komediya ustalarının daha professional olduğunu bildirir”. DİA.AZ xəbər verir ki, bunu xalq artisti, tanınmış aktrisa, bir sıra yaddaqalan obrazlar yaratmış Səidə Quliyeva Yenisabah.az-a deyib. O, yeni nəsil komediyaçıların işinə belə qiymət verib: “Bu gün çəkilən komediyalar acınacaqlı vəziyyətdədir. Elə bilirlər ki, komediya nalayiq sözlərdən, bir-birinə təpik vurmaqdan ibarətdir. Hansı televiziya, yaxud ”YouTube" kanalını açırsan eyni aktyorları görürsən. Bu serialdan o seriala, o serialdan bu seriala keçirlər. Hərdən çaşırsan ki, eyni adamı nə qədər görmək olar? Zövqsüzdürlər, bu serialda dediyini o birində də deyir, orada dediyini sosial şəbəkədə də deyir. Rol müxtəlifliyi yoxdur, xarakter yaratmırlar. Əgər bu adam özünü aktyor hesab edirsə, həqiqətənmi kənardan heç özünə baxmır? Görmür ki, bütün rolları bir-birinə oxşayır? Elə bir obraza girib 20 il onun ətrafında fırlanırlar. Xarakter yaratmağı bacarın, bizlərdən öyrənin, niyə öyrənmirsiniz? Biz öyrənə-öyrənə gəlmişik. Estafeti bizə veriblər, biz kimə verəcəyik?!" Aktrisanın sözlərinə görə, bu gün istedadlı gənclər olsa da, onlara şərait yaradılmır. Digər tanınmış stajlı sənətçilər bu qənaəti bölüşürmü? DİA.AZ xəbər verir ki, Xalq artisti Afaq Bəşirqızı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Estafet elə şeydir ki, onu eyni məkanda, eyni janrda oynayan aktyora verirlər. Bəli, bizim çox istedadlı gənclərimiz, orta yaşlılarımız var. Amma onlar teatrda işləmirlər, estrada janrında oynayırlar ki, bu da teatr deyil. Səidə xanım tamamilə düz deyir. O, çox ağıllı qadın, gözəl aktrisadır. Yəni demək istəyir ki, indi estafeti kimə versin. Bu, həddən ziyadə çətin məsələdir. Xatırlayıram ki, bir dəfə müsahibələrimin birində bir gənc aktyorun adını çəkmişdim. Həmin aktyoru o qədər bəyənir, xətrini istəyirdim ki, amma sonra gördüm ki, o deyil. Mənə dedi ki, Afaq xanım, mən balalarımı dolandırmalıyam. Bu sözün qarşısında mən artıq heç nə deyə bilmərəm. Nə deyim axı. O ki qaldı hazırda istedadlı gənc aktyorlarımızın olub-olmamasına, hesab edirəm ki, universiteti bitirən aktyorun fikrində dağınıqlıq olmamalıdır. İllərlə toparlanmalı, peşəsini inkişaf etdirməlidir. Universitetdə aktyor plastika, səhnə mədəniyyəti, tamaşaçını yaxından hiss etmə və digər məsələləri öyrənir. Amma baxır onu kimdən öyrənir. Eyni zamanda burada əsas nöqtəni qoyan ilahidən gələn istedaddır. Bu istedad varsa, aktyor sonradan onu yavaş-yavaş bədəninə çəkir. İstedadı itirmək olmaz, əgər itirirsənsə, deməli, sən adam deyilsən. İstedadlı gənc aktyorlardan daha çox parodiyaları ilə tanınan İslamın, Fərdanın, Ənvər Abbasovun adını çəkə bilərəm. Fərda təkbaşına bir konserti başa çatdırdı. Mən onu ilk dəfə görəndə dedim ki, Fərdanın rejissoru yoxdur, potensialı olan kimi o saat qoyur ortaya və bu, sonradan ona çətinlik yaradacaq. Həmçinin qeyd etdiyim kimi, “Komedixana”nın ssenarisini yazan və oynayan Ənvər Abbasov çox istedadlıdır. Onu görəndə gözlərim yaşarır. Həmçinin İslam, o, Türkiyəyə gedəndə tamaşaçı zalını fəth etdi. Əgər imkanım olsaydı onlara bir teatr açardım və onlar öz fəaliyyətlərini teatrda göstərərdilər". Tanınmış komediya aktyoru Fərda Amin isə məsələyə bu cür şərh bildirdi: “Mən özüm də bu vəziyyətdən şikayətçiyəm. Mən bu sənətə 25 ilimi vermişəm. Hesab edirəm ki, bizləri tənqid edənlərin özləri məsələnin həllini tapıblar. Yəni deyirlər ki, aktyorlar üçün şərait yoxdur. Bu, böyük zəhmət tələb edən sənətdir və bir nəfərin yükü deyil. Əgər Mədəniyyət və İncəsənət Universiteti varsa, oranı bitirən tələbələrin üzərində bir nəzarət olmalı, onlara dəstək olmalıdır. Əgər biz bu cür dağınıq vəziyyətdə ortalığa bir şey çıxarırıqsa, sənətin tam ölmədiyini göstəririksə, bu əməyə də bir alqış düşür. Həmin tənqidi fikirləri səsləndirən sənətkarların özləri də iş görmür axı. Hamı danışıq moduna keçib, sadəcə, danışırlar. Əgər mən 25 ildə işləmişəmsə, işləyənlərə qarşı da haqsızlıq edirlər. Ortaya komediya çıxartmaq lazımdır. Əgər onlar indiki tamaşaçıların nəyə güldüyünü bilirsə, özləri ortalığa nəsə çıxartsınlar. Özləri nəsə bir şey ortaya qoysunlar, heç bizi qatmasınlar. Bizlərə dəstək olmayıb. 25 ildə mənə heç kim dəstək olmayıb, bundan sonra da ehtiyacım yoxdur. Bəlkə də 5 il əvvələ qədər dəstək umurdumsa, indi ummuram. Çünki zamanın özü bu məsələni “bişirdi”. Mənim artıq öz tamaşaçım, kütləm var. O tənqidləri deyən sənətkarlar öz kütləsi üçün nəsə etsinlər, biz də kənardan baxıb deyək ki, hə, bu yaşda möhtəşəm bir iş görüblər, gəlin açıb həmin tamaşaya baxaq. Onlar heç sponsor tapa bilməyəcəklər. Ortalığa nəsə çıxartmaq üçün ən azı 35 min manat pul lazımdır. Görün tapa biləcəklərmi? Bəs onlar düşünmürlərmi ki, biz həm özümüz o sponsorları tapır, ssenarini yazır, montaj edir, səsləndiririk, həm də tamaşalar üçün özümüz qala təşkil edir, hətta özümüz öz pulumuza kostyum tikdiririk. Yoxsa ki, danışmağa nə var". Geri qayıt |