Əsas Səhifə > Şou-biznes > "3 tur yarışdım, növbəti turlarda türk mahnıları oxudum"

"3 tur yarışdım, növbəti turlarda türk mahnıları oxudum"


25-07-2022, 08:58
"3 tur yarışdım, növbəti turlarda türk mahnıları oxudum"
“Mən Neftçalanın Qaçaqkənd kəndində təsərrüfatla məşğul olurdum. Hər dəfə mahnı oxuyub, lentə alırdım. 2017-ci ildə qoyunları otararkən “Nazəndə sevgilim” mahnısını oxudum. Bu zaman bir video çəkdim. Sözün düzü, öncə istədim ki, həmin videonu sosial şəbəkədə yayımlamayım, daha sonra isə fikrimdən yayındım, videonu sosial şəbəkə profilimdə paylaşdım. Paylaşandan 2 saat sonra internetdə fenomenə çevrildim. İki gün sonra ölkənin bütün sayt və xəbər portallarında, televiziyalarında özümü gördüm. Bir müddət sonra isə xarici ölkələrdə həmin videom yayılmağa başladı. Bir gecəyə məşhurlaşmaq yəqin ki, bu idi”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında sosial şəbəkədə çobanlıq edərkən oxuduğu mahnı ilə məşhurlaşan, müğənni Pərvin Səfərov deyib. O daha sonra əlavə edib.

“Mən demək olar ki, xəyallarımın ardınca getdim. Çünki oxumaq, təhsil almaq mənim çoxdankı arzum idi. Dəfələrlə cəhdlərimə baxmayaraq alınmamışdı. Videom yayılandan sonra Milli Konservatoriyanın rektoru, xalq artisti, professor Siyavuş Kərimi məni dəvət etdi. Səsimi xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova dinlədi, xoş sözlərini bildirdilər. Lakin mən həmin ili qəbul ola bilmədim, imtahandan kəsildim. 2018-ci ildə yenidən imtahan verib, Milli Konservatoriyaya, solo oxuma və milli vokal sinfinə daxil oldum. Müəllimim də əməkdar artist Anar Şuşalı idi. Bu il konservatoriyanı yüksək balla, uğurla bitirdim. Gələcəkdə ya Opera və Balet teatrında çalışacam, ya da ki, pedaqoji fəaliyyətlə məşğul olacam” deyə sənətçi bildirib.

Pərvin Səfərov nüfuzlu “O səs Türkiyə” yarışmasındakı iştirakından da danışdı.

““O səs Türkiyə” yarışmasına məni şəxsən Acun dəvət etdi. Mən də qəbul etdim. Orada da “Nazəndə sevgilim” mahnısını ifa etdim. 3 tur yarışdım, növbəti turlarda türk mahnıları oxudum. 3 münsifi döndərə bildim, amma Yıldız Tilbə dönmədi. Murat Bozu seçdim, onun yarışmasında yarışdım. Yıldız Tilbə səsimə heyran qaldı, çox bəyəndi, sadəcə dedi ki, mən seçəcəyim iştirakçının mükəmməl türkçəsi olmalıdır. O sonradan bildi ki, mən yarışmaya Azərbaycandan qatılmışam” deyə müğənni bildirib.

Geri qayıt